İbrahim Bayandurlunun həyat yoldaşı: "İbrahim hamı ilə vidalaşdı, 10 aydan sonra vəfat etdi”

İbrahim Bayandurlunun həyat yoldaşı: "İbrahim hamı ilə vidalaşdı, 10 aydan sonra vəfat etdi”
5 mart 2013
# 11:35

Həmkarları deyirlər ki, o, həmişə müsahiblərini, siyasətçiləri xüsusi bir psixoloq dəqiqliyi ilə tanıyar və istənilən siyasi situasiyaya dəqiq proqnozlar verərdi. Özünün tez öləcəyini də ailəsinə dəfələrlə demişdi. Amma heç kim onun bu proqnozunun bu qədər düz olacağını gözləmirdi.

Martın 16-da tanınmış jurnalist İbrahim Bayandurlunun vəfatının 3 ili tamam olacaq. Modern.az-ın əməkdaşları jurnalistin xatirəsini yad edərək, onun ailəsindən müsahibə alıb. Həm söhbətimiz mərhumun həyat yoldaşı Səidə xanımdır. İ.Bayandurlunun hazırda birinci sinfə gedən qızı övladı böyüyür.

– İbrahimlə qohumluğumuz yoxdur. Qonşu olmuşuq, valideynlərimiz bir-birini uzaqdan-uzağa, bir yerli kimi tanıyıblar.

– Neçə il idi ki, evli idiniz?

– On üçüncü ilə keçmişdi. Övladımız da gec, səkkiz ildən sonra olub. Qızımız Turanın adını da özü qoymuşdu. Uşağın nazı ilə oynayan, böyük ürəyə sahib olan, eyni zamanda ürəyi yuxa insan idi.

– Həm də cəsarətli idi....

– Hə, 20 Yanvar hadisələri zamanı 10-cu sinifdə oxuyurdu. 16 mərtəbəli binaya bayraq asmışdı. Latviyada tanıdığı jurnalistlər vardı. Onlara Bakıda baş verənlərlə bağlı məlumat verirdi.

– Yazılarını da sərt, açıq şəkildə yazırdı...

– O başqa cür yaza bilməzdi. Ona başqa formada yazmağı təklif edəndə sadəcə yazmırdı. Daha doğrusu başqa cür bacarmırdı. Depressiyaya düşürdü. Müxalifətçilik bu nəslə xas keyfiyyətdir. İbrahimin babası da sovet vaxtlarında-60-cı illərdə azad düşüncəli bir insan idi. Əlbəttə, müsavatçı olan anasının da ona böyük təsiri var idi. Özü də çox mütaliəli, hərtərəfli bir insan idi. Hər bir sahədən başı çıxırdı. Dilləri yaxşı bilirdi. Şərqşünaslıq fakültəsində bir il oxuduqdan sonra Türkiyədə təhsil almışdı. Sonra orada da təhsilini yarımçıq qoymuşdu. Tətildə, mart ayında bura gələndə türkiyəli jurnalistlərlə birgə Şuşaya getmişdi. Ramiz Qəmbərovun batalyonunda döyüşmüşdü ağır yaralanmışdı. Demək olar ki, alt çənəsi yox idi. Onun ölümdən dönməsi möcüzə idi. Ayaq sümüyündən çıxarıb çənəsinə salmışdılar.

– Cəbhədə aldığı yaralar onda psixoloji gərginlik, əsəbilik yaratmamışdı?

– Çox dözümlü idi. Elə bir şey yox idi ki, birdən əhvalını dəyişsin. Çox mülayim insan idi. Əsəbini üzə verməzdi.

– Anasının ölümü deyəsən, ona çox pis təsir etmişdi?

– Onun vəfatı İbrahimi çox sarsıtdı. Ona çox bağlı insan idi. Anasından sonra çox dəyişdi. Hətta ailəsi Antalyaya köçəndə də anası İbrahimə görə yanımıza qayıtdı, iki ay bizimlə yaşadı. Qaynanam axşam piketdən sonra gəlib bizimlə danışdığı yerdə birdən yoldaşımın adını çəkərək keçindi. İbrahim onun həyəcanını tək çəkdi. Dostlar, tanışlar sağ olsunlar. Anası həyat dolu bir insan idi. İbrahim özü də elə bil ölümünü hiss etmişdi. Sanki hamı ilə sağollaşırdı. 10 aydan sonra da İbrahim vəfat etdi.

– İbrahim ailənin neçənci övladı idi?

– Birinci. Ondan başqa da bir qardaşı var. Atası sağdır. Gediş-gəlişimiz bir o qədər də yoxdur. İbrahimdən sonra gediş-gəliş çox olmadı. Hamının gündəlik həyatı kimi.

– Sizə ev veriləcəkmi?

– Ümid edirəm ki, 12 il kirayədə qaldıqdan sonra bizə də ev verəcəklər. Yoldaşım Qarabağ veteranı olub. Ona görə də Zabratda ev verilməsi gözlənilir. Hazırda özüm ibtidai sinif müəlliməsi işləyirəm. Bir də qızıma görə 90 manat pul alıram. Evimiz verilənə qədər anamgildə yaşamalıyam.

– Yazılarının sərtliyinə görə mətbu orqanlarla problem yaşamırdı ki?

– “Zerkolo” qəzeti onun əsas iş yeri idi. Ölümünə bir ay qalmış “Azadlıq radiosu”nda işlədi. Çox güclü qələmi var idi. Hətta zəng də edirdilər ki, məhz o, onlardan müsahibə götürsün. Siyasətdən tutmuş, din, fəlsəfə hər şey onun üçün maraqlı idi.

Şevardnadzedən müsahibə almışdı. Sadəcə axır vaxtlar yazmaq imkanı olmurdu. Bir az depressiyaya düşürdü, çünki qoymurdular sərt yazmağa.

– Sərt yazılara görə hədələr olurdumu ona?

– Bu cür şeyləri mən qorxmayım deyə, çox danışmırdı. Amma hiss edirdim ki, hədələr olurdu. Bunlar barədə isə danışan deyildi.

– Dostlarından gələn-gedən, baş çəkən varmı?

– Özünün çox yaxşı dostluğu var idi. O, rəhmətə gedəndə Allah bilir ki, nə qədər insan gəlmişdi. Yaxşı lətifələr danışmağı bacarardı. Ən yaxın dostu Erkin Qədirli idi. Ondan əlavə Rəşid Hacılı, Mustafa Hacılı da onunla yaxın idi. Erkin birinci il tez-tez zəng vururdu. İndi isə heç kim zəng etmir, yəqin başı qarışıqdır. İsa Qəmbərlə ailəliklə dost idilər. Elmar Hüseynovla çox yaxın idi. Demək olar ki, onun ölümündən sonra İbrahim həmişə Elmardan danışırdı. Elə bil ki, həmişə özü üçün ölüm axtarırdı. Deyirdi ki, “mən də gedəcəyəm onun yanına”.

– Ailə başçısı kimi necə idi?

– Çox ailəcanlı bir insan idi. Qızımızın yolunu çox gözləyirdi. Planları var idi. Amma tez itirdik (ağlayır). Hiss edirəm ki, qızım Turan da gələcəkdə onun kimi savadlı olacaq.

– Xəstəliyindən necə xəbər tutdunuz?

– Yaralanandan sonra səhhəti çox pisləşmişdi. Müalicə üçün Yessentukiyə getmişdi. Analiz verəndə bilinmişdi ki, qanına hepatit C virusu keçib. Biz bilmədik ki, bu hadisə burada, yoxsa Almaniyada qan köçürəndə olub. Düz 10 ildən sonra təsadüfən bilindi. Müalicə alırdı. Bilmirdim həyadanmı, yazmağa qoymurdular ondanmı, nədənsə küsmüşdü. Heç müalicələrə də normal getmirdi. Yataqda da yatmadı. Qanaxmaları oldu. Dedilər ki, müalicə al, çox ciddidir. Almadı. Sonra da 3-cü dəfə xəstəxanaya düşəndə qanaxmanı saxlaya bilmədilər.

Hər bir situasiyaya uyğun lətifə danışmağı bacarardı. Qəribə burası idi ki, ölüm deyilən hamının qorxduğu bir şeydən o qorxmazdı. Çox fikirli insan idi. Bir də görürdün maşından düşdü getdi qəzet almağa. Huşundan çıxırdı düşdüyü maşına deyil, başqa maşına minirdi. Daim nə isə fikirləşirdi. Həm də çox maraqlı bir insan idi. Ən sevdiyi filmi-“Baharın 17 anı” filmini saatlarla izləyərdi. Həyata inamlı olsa da, hərdən deyirdi ki, tez öləcəyəm.

# 3640 dəfə oxunub

Müəllifin son yazıları

# # #