Həyat yoldaşı onun Firəngizlə münasibətini qəbul edirdi – Yaşar Nuri haqda inanılmaz gerçəklər

Həyat yoldaşı onun Firəngizlə münasibətini qəbul edirdi – Yaşar Nuri haqda inanılmaz gerçəklər
3 sentyabr 2019
# 12:01

Bu gün Xalq artisti Yaşar Nurinin doğum günüdür. Kulis.az bu münasibətlə aktyor haqda maraqlı faktları təqdim edir.

Aktyor Məmmədsadıq Nuriyevin ailəsində dünyaya göz açıb. Uşaq vaxtından aktyorluğa meyli varmış. Bunun da bir səbəbi var. Bir dəfə məktəb pəncərəsini sındırıb, direktor deyib ki, get atanı çağır, şüşənin pulunu versin. Atası məktəbə gələndə direktor onu tanıyır və xəcalət çəkir, Yaşarı da bağışlayır.

“Düşündüm ki, mənim kiçik xətamı, dələduzluğumu atama görə keçdilər, gərək mən də aktyor olam ki, böyüyəndə böyük xəta və dələduzluqlarımı da özümə görə keçsinlər. Özümə bələd idim axı”. – sonradan Yaşar Nuri o günləri belə xatırlayacaqdı.

***

Sinif yoldaşları özlərini ona bənzətmək üçün dəridən-qabıqdan çıxır, saçlarını onun kimi darayır, Yaşarın hərəkətlərini yamsılayırdılar.

***

12 yaşında “Toy kimindir?” tamaşasına baxmağa gedib. Tamaşaya az qalmış rejissor əsəbiliklə deyir ki, bəs deməzsənmi, Tapdıq rolunu oynayan aktyor xəstələnib. Aktyorlardan biri deyib, Məmmədsadığın oğlu burdadır, tamaşanı da əzbər bilir, neçə dəfə baxıb, bir yoxlayaq onu. Yaşar bu gözlənilməzliyə çox sevinib və rolun öhdəsindən gəlib. İlk dəfə atasıyla bir səhnəni paylaşıb. Həmin tamaşada Nəsibə Zeynalova, Lütfəli Abdullayev kimi aktyorlar da vardı...

***

Tələbə vaxtı artıq populyar idi. Ətrafında qızlar pərvanə kimi dolanırdı. Yaşar isə qızların heç birinə fikir vermirmiş. Anasının sözünü qulağında sırğa edibmiş: “Sənə qızı özüm tapacam”. Elə də olub. Qız da kim ola? Konservatoriyada təhsil alan Rəhimə adlı uzaq qohum. Yaşar Nuri qızın izinə düşür, bir-iki gün arxasınca gedir, axırda bezib qızın yolunu kəsir və ona deyir:

- Bilirsən, nə var? Vaxt yoxdur ssenari qurmağa, bütün günü səhnədə ssenari ilə oynayıram. Evlənirik. Vəssalam.

Cavabı nə oldu? Yaşar Nuriyə hansı qız “yox” deyə bilərdi ki?

***

Evlənən kimi Dram Teatrına işə dəvət olunur. Peşəkar səhnədə ilk rolu da vampir rolu olur.

***

Daha çox komik obrazları oynayıb. “Ac həriflər”, “Yarımştat” kimi televiziya tamaşalarında rol alıb. Ancaq ona ən çox məşhurluq gətirən televiziya tamaşası “Səni axtarıram” olub. Firəngiz Mütəllimova ilə bir yerdə oynayıblar və deyilənə görə, bundan sonra aralarında sevgi münasibəti yaranıb.

***

Qızı Kulis.aza müsahibəsində atasının Firəngiz xanımla münasibətinə bu cür reaksiya verib:

“Əgər onların arasında məhəbbət olubsa və yaxud da mənim atamın Firəngiz xanıma qarşı hisləri olubsa, bu gözəldir.”

***

Firəngiz xanımla münasibətinə Yaşar Nuri “dərdləşdiyim sevgi” adı qoymuşdu. Başqaları isə ayrı adlar qoyurdu bu münasibətə. Hətta həyat yoldaşı da bu adını qoya bilmədikləri münasibətdən xəbərdar idi. Firəngiz xanım Yaşara olan sevgisini etiraf edirdi. Bir dəfə Yaşarın xanımına demişdi ki, iki qızın var, ver birini mən saxlayıb. Çox qəribədir, Yaşarın yoldaşı bundan sonra da evliliklərində problem yaratmamışdı.

***

Ümumiyyətlə, qadınlar onu sevirmiş. Qızı deyir ki, biz dənizə çimməyə gedəndə qadınlar, qızlar atama yaxınlaşıb onunla görüşür, onu öpürdülər.

***

Elə bu “məhəbbət vaxtları”nda ona əməkdar artist adı verilir. Qəzetdə bu xəbəri görən Yaşar Nuri sevincək olsa da, gözləri dolur. Səbəbi buymuş: aktyor atasına quruca ad da verməyiblərmiş! Atası bilirsiniz kimdir? “Uşaqlığın son gecəsi”ndəki o məşhur “söhbət sosikada deyil e, vnimatelni olmaqdadır” sözlərini deyən Davud.

Image result for uşaqlığın son gecəsi davud

***

Yeyib-içən biri idi, məclis adamıydı. Bəzən bu içki məsələsi ona problem yaradırdı. Çəkilişlərə gec gedirdi, ona görə çəkiliş dayandırılırdı və s. Bir dəfə dövlət televiziyasında yeni il şənliklərində Şaxta baba rolunda olarkən içkili vəziyyətdə idi, çəkilişdə problem yaratmışdı, lakin onu sevdikləri üçün bu məsələ tez də yat-küt olunmuşdu.

Hazırki əsas şəkil

***

Bir ara şayiə yayılmışdı ki, Yaşar Nuri tez ölmək üçün içkiyə aludə olub. Bu şayiəni aktyorun qızı rədd etmişdi.

***

Amma içki onda qaraciyər xəstəliyi yaratmışdı. Dörd il xəstəxanada yatdı. Dörd-beş dəfə ölüm xəbəri yayıldı.

***

Xəstəliyinə baxmayaraq, teatr sevgisi inanılmaz idi. Türkiyədən müalicədən qayıdandan sonra üzərindəki sistem şunurlarını qoparıb birbaşa aeroportdan teatra getmişdi...

***

Türkiyədə xəstəxanada yatanda xəstəxananın işçiləri deyirmişlər ki, bir Nazarbayev burda yatanda belə böyük izdiham yaşanmışdı, bir də Yaşar Nuri.

***

Sonuncu yayılan ölüm xəbəri düz çıxdı. 2012-ci ilin noyabrında... Dəfnində xalq onun tabutunu o qədər əldən-ələ keçirirdi ki, qızı insanlar onunla rahat vidalaşsınlar deyə kənarda dayanmışdı.

# 15146 dəfə oxunub

Müəllifin son yazıları

# # #