Vilayət Quliyev: “Anara hücumlar ədəbi həyata "canlılıq" gətirmək üsuluna çevrilib” – Müsahibə

Vilayət Quliyev: “Anara hücumlar ədəbi həyata "canlılıq" gətirmək üsuluna çevrilib” – Müsahibə
24 iyul 2019
# 15:30

Kulis.az “Azərbaycan” jurnalına istinadən görkəmli tənqidçi, ədəbiyyatşünas, tərcüməçi Vilayət Quliyevlə tənqidçi Nərgiz Cabbarlının söhbətini təqdim edir.

– Vilayət müəllim, bir zamanlar ədəbi prosesin ən fəal tənqidçilərindən biri idiniz. Yazılarınız, çıxışlarınız o dərəcədə yadda qalıb ki, müasir ədəbi tənqid haqqında danışarkən hələ də təkrar-təkrar adınız çəkilir. Yəqin ki, bu faktlardan xəbəriniz var... Məsələn, Nizaməddin Şəmsizadə ilə söhbət edəndə də eyni münasibətlə qarşılaşdım... Maraqlıdır ki, belə bir yanaşma yalnız onda deyil. Bu səbəbdən də soruşmaq istərdim: Vilayət Quliyev özünü nə dərəcədə müasir Azərbaycan ədəbi tənqidinə aid hesab edir?

Əvvəla, müsahibə təklifinə görə çox sağ olun, Nərgiz xanım. Ara-sıra tənqidçilər sırasında adımın çəkildiyini görürəm. Bundan məmnun qaldığımı gizlətmirəm. Həqiqətən də, ədəbiyyata tənqidçi kimi gəlmişdim. Bunun bir səbəbi çağdaş ədəbi prosesə maraq idisə, digər səbəbi də, yəqin ki, ədəbi mühitdə tez tanınmaq, üzə çıxmaq istəyi idi. Çünki heç kəsə sirr deyil ki, beş-üç resenziya, yaxud məqaləsi çıxan tənqidçilər ədəbi dairələrdə bir neçə kitab müəllifi olan ədəbiyyat tarixçilərindən daha tez və yaxşı tanınırlar. Dissertasiya mövzum da tənqid sahəsinə meylli olmağıma stimul verirdi. Nizami İnstitutunda akademik Məmməd Cəfərin rəhbərliyi ilə 1960-70-ci illər nəsrimizin üslub müxtəlifliyi haqqında elmi iş yazırdım. Paralel olaraq mətbuatda resenziyalarım, ədəbi-tənqidi məqalələrim çıxırdı. Hətta o zamanın ədəbi brendlərindən sayılan “Ədəbi proses” toplusunun 1981-ci il buraxılışının nəsr bölməsini yazmağı mənə tapşırmışdılar. Yazıçıların qurultayında nəsr və dramaturgiya üzrə məruzəçi də oldum. Bir-iki yazım hətta Moskvada çıxan nüfuzlu “Voprosı literaturı” jurnalında dərc edildi. Keçmiş SSRİ Yazıçılar İttifaqının müasir Azərbaycan ədəbiyyatı ilə bağlı tədbirlərinə qatıldım. Bir sözlə, uğurlu bir gənc tənqidçi imicim formalaşdı. Lovğalıq kimi çıxmasın, bəzi tanınmış müəlliflər əsərləri haqqında söz deməyimə üstüörtülü, yaxud açıq şəkildə işarə vururdular. Bütün bunlar 25-30 il əvvəlin söhbətidir. Amma sonra vəziyyət dəyişdi. Düzünü bilmək istəsəniz, indi özümü tənqiddə görmürəm. Tənqidçi hesab etmirəm. Və düşünmürəm ki, ədəbiyyat bundan nə isə itirib. Jül Renarın yerinə düşən bir kəlamı var. O deyirdi: “Tənqidçi kimidir? Yazıçının xətrinə dəyən oxucu”. Mən də neçə vaxtdır heç bir şairimizin, yazıçımızın xətrinə dəymirəm. Bir növ, ədəbi atəşkəs kimi bir vəziyyət...

- Əgər atəşkəsdirsə, onda belə çıxır ki, nə vaxtsa yenidən fəal tənqidə qayıtmağınız istisna olunmur...

- Yox, deyəsən, fikirmi düzgün ifadə eləmədim. Bu, atəşkəs yox, bəlkə də, həmişəlik sülhdür. İstəyirəm, ədəbiyyatımızda yaxşı əsərlər yaransın və mən də bir oxucu kimi onlardan həqiqi mənada zövq alım. Bu əsərlərə peşəkar nöqteyi-nəzərdən dəyər verməyi isə, daha gənc dostlarıma və özlərini ədəbi prosesdən kənarda görməyən, ədəbi həyat yeniliklərini ardıcıl izləyib dəyərləndirən sadiq, hətta deyərdim, fədakar ədəbiyyat adamlarının öhdəsinə buraxıram.

- Düşünürsünüz ki, indi belələri var? Yəni söz naminə, ədəbiyyat naminə fədakarlıq edənlər?

- Var. Niyə yoxdur ki? Məsələn, universitetin filologiya fakültəsindən tanıdığım, bir vaxtlar eyni institutda çalışdığımız, tanışlığımızın yarım əsrə yaxın tarixi olan yorulmaz tənqidçi, ədəbi prosesin mahir sərrafı Vaqif Yusifli... 50 yaşı tamam olanda haqqında bir yazı yazıb onu ədəbiyyatın “dor ağacından baxan adam” adlandırmışdım.

İndi adı unudulmuş alman yazıçısı Anna Zegersin bir hekayəsi var. Məzmunu belədir. Məktəbdə coğrafiya dərsidir. Mövzu Amerika qitəsinin kəşfidir. Kolumbun gəmisi artıq neçə həftədir ki, okeanda üzür. Ərzaq və su ehtiyatı qurtarmaq üzrədir. Quru isə görünmür ki, görünmür. Nəhayət, dor ağacına dırmaşmış bir yunqa “Mən torpaq görürəm”, – deyə şad xəbər verir. Müəllim bu hadisəni danışandan sonra şagirdlərdən həmin gəmidə kim olmaq istədiklərini soruşur. Təbii ki, hamı özünü Kolumb rolunda görür. Yalnız arıq, sısqa bir uşaq dor ağacından baxan yunqa olmaq arzusunu dilə gətirir...

- Maraqlı analogiyadır... Amma bu dəfə dor ağacından nə gördüyü sualını Vaqif Yusifliyə ünvanlamalı olacağam... Onun da ədəbiyyatımızın mənzərəsi haqqında qənaətlərinin ümidverici olduğuna əminəm... Vilayət müəllim, uzaqda olsanız da, yaradıcı fəaliyyətiniz – mənim müşahidə etdiyim qədəri ilə – əsasən tədqiqatçı fəaliyyəti olsa da, əminəm ki, müasir ədəbi prosesi izləyirsiniz. Ən azından, hansısa kitablardan, əsərlərdən xəbəriniz var... Amma yəqin ki, bu ardıcıl izləmə deyil. Mütaliə seçiminizi əvvəlcədən tanıdığınız imzalarmı müəyyənləşdirir, təbliğatmı, yoxsa başqa bir xüsusiyyətmi? Ümumiyyətlə, son illərin ədəbi əsərləri arasında yadınızda qalan, diqqətinizi çəkən, hadisə hesab etdiyiniz nə isə varmı? Ədəbi proses uzaqdan baxdıqda necə görünür? Süstmü, canlımı, inkişafdamı, tənəzzüldəmi, durğunluqdamı?

- Əlbəttə, izləməyə çalışıram. İndi o qədər çox kitab çap olunur ki... Təbii ki, bütün yeniliklərdən xəbər tuta bilmirəm. O biri tərəfdən, türklər demişkən, xəyal qırıqlığına uğramamaq, sonradan itirdiyim vaxta təəssüflənməmək üçün imzasını tanımadığım müəlliflərin əsərlərinə bir az ehtiyatla yanaşıram. Əslində, bir qədər məntiqsiz görünür. Amma nə etmək olar?! Həqiqət belədir. Sadəcə, zövq xatirinə Azərbaycan nəsrindən nə isə bir şey oxumaq istəyəndə bəzən Mirzə Cəlilin, Əbdürrəhim bəy Haqverdiyevin hansısa hekayəsinə yenidən qayıtmağı daha üstün tuturam.

Cavabım, ola bilsin ki, kiminsə xoşuna gəlməyəcək. Bilirsiniz, əgər mən peşəkar tənqidçi olsaydım, bir ədəbi jurnal redaksiyasında çalışsaydım, yaxud universitetlərdə, akademiyada bəlli bir sahə üzrə plan işi verməli olsaydım, o zaman ədəbi həyat faktlarını ardıcıl izləməyi özümə borc bilərdim. Təbii ki, söhbət müasir ədəbi prosesdən gedir. Amma indi boş vaxtım olanda və mütaliə ehtiyacı yarananda, ilk növbədə, zövqümə cavab verən əsər axtarıram.

Ədəbi mühitə az-çox bələd olduğumdan müəllifin kimliyinin də əhəmiyyəti var. Bilirsiniz, indi bir də baxıb görürsən ki, heç adını eşitmədiyin adamın bir neçə cildlik əsəri çap olunub. Hətta ətrafında şıdırğı təbliğat gedir. Belə vəziyyətdə hər qarşına çıxanı oxumaq mümkün deyil. Təbii ki, seçim zamanı şəxsiyyətinə, yaradıcılıq yoluna bələd olduğun, tanıdığın müəlliflərin əsərlərinə üstünlük verirsən.

Son oxuduğum bədii nümunələrdən Əli Əmirlinin “Ağdamda nəyim qaldı?” avtobioqrafik romanının adını çəkə bilərəm. Çox həyati, canlı, deyərdim ki, olduqca təbii, insanın hiss və duyğularını ehtizaza gətirən, onu daxilən silkələyən, yerindən oynadan əsərdir. Az qala, hər sətrindən yazıçının mövzuya hakimliyi, dərin səmimiyyəti, bəzən naturalizmə varacaq müşahidə dərinliyi və qüdrəti hiss edilir. İstər dil, istər personajlar, situasiyalar o qədər təbii, o qədər həyatidir ki, uşaqlıq dövrü ötən əsrin 60-cı illərində Azərbaycanın rayon mərkəzlərində keçən hər kəs burada özünün, yaxud dostlarının, tanışlarının həyatından epizodlar görə bilər. Hadisələrin ölkəmizin ən koloritli guşələrindən biri olan Ağdamda cərəyan etməsi isə, romana ayrı ruh, ayrı ahəng verir. Tənqidin bu əsərlə bağlı fikirlərindən xəbərsizəm.

- Əsərin dərc edildiyi ilin romanları haqqında Ədəbiyyat İnstitutunda məruzəni mən etmişdim, bu əsər haqqında da yazmışam. Bildiyim qədərilə, başqa yazan olmayıb. Sizinlə bir çox məqamda razılaşıram: kolorit, təbiilik, canlılıq... Qacar rolunu oynayan aktyor obrazının xüsusi bir diqqətlə yaradılması... Amma əsər xatirələrin pərakəndəliyi və süjet xəttinin bəlli bir inkişafının olmaması ilə bir qədər nöqsanlı görünmüşdü mənə...

- Ola bilər... Bilirsiniz, süjet bədii əsərin mühüm komponentlərindən olsa da, hər şeyi süjetə bağlamaq olmaz. Ona qalsa, “şüur axını” ədədbiyyatında ümumən klassik mənada süjet anlayışı arxa plandadır. Digər tərəfdən, fikrimcə, müəllif qarşısına tarixi memuar yazmaq və hadisələri xronoloji ardıcıllıqla əks etdirmək məqsədi qoymayıb. O, sadəcə yaddaş boğçasından qəlbinin və düşüncəsinin dərinliyində, şüurunun alt qatında iz salmış çeşidli xatirələri gün işığına çıxarıb. Onların arasında xoşumuza gələni, ruhumuzu oxşayanı da var, qəbul etməyə çətinlik çəkdiklərimiz də... Amma mənim fikrimcə, onu tərəddüdsüz bizim günlərin Azərbaycan nəsrinin uğurlarından saymaq mümkündür. Xalq yazıçısı Elçinin yeni əsəri – “Baş” romanı haqqında qəzetlərdə və saytlarda çoxlu müsbət yazılar görmüşəm. Təəssüf ki, özünü oxumağa hələ vaxt tapa bilməmişəm. Şərif Ağayarın “Arzulardan sonrakı şəhər” romanı haqda da xoş fikirlər eşitmişəm. İmkan yaranan kimi oxumaq fikrindəyəm. Bilmirəm, bəlkə digər müəlliflərin də maraqlı əsərləri meydana çıxıb, sadəcə, xəbərim yoxdur. Əgər belədirsə, məmnuniyyətlə ümumi sevincə qoşuluram.

- Adını qeyd etdiyiniz hər iki əsəri, həqiqətən də, oxumağa dəyər. Bu sırada Aydın Talıbzadənin “Əbuhübb” romanını, Zahid Sarıtorpağın son illər ard-arda dərc edilən romanlarını, Şərif Ağayarın digər romanlarını, Vüsal Nurunun əsərlərini, Təranə Vahidi, Mübariz Örəni və s. bir çox müəlliflərin adlarını, əsərlərini sadalaya bilərəm... Yəni ədəbiyyatımız yerində saymır...

- Şübhəsiz. Qətiyyən o fikirdə deyiləm ki, hansısa etalon səviyyəli əsərlər, şeirdə, nəsrdə son sözü demiş müəlliflər var və ədəbiyyat bir də heç vaxt həmin yüksəkliyə ucalmayacaq. Əvvəla, ədəbiyyat daim dəyişən, mütəhərrik, canlı prosesdir, digər tərəfdən isə gerçək həyatın bədii inikasıdır. Həyat isə ortaya o qədər gözlənilməz və heyrətamiz mövzular, insan tipləri və xarakterləri çıxarır ki, onların mütləq yeni, orijinal, indiyə qədər mövcud olanlardan fərqli qələm adamları yetirəcəyinə, əsərlər ortaya qoyacağına səmimi şəkildə inanıram. Yəqin ki, sadaladığınız müəlliflər və yaradıcılıq nümunələri də bu qəbildəndir.

Amma uzaqdan ədəbi mühitimiz bir az qarmaqarışıq görünür. Hərdən sakitliyi pozmaq qəsdinə düşən səslər eşidilir. Amma təəssüf ki, canlılıq, hərəkətlilik yaratmaq istəyənlər bir sıra hallarda niyyətlərinə ortaya orijinal keyfiyyətləri ilə diqqəti çəkən yeni və maraqlı əsərlər qoymaqdan çox, hansısa cığal, bəzən hətta sağlam ağlın qəbul etmədiyi fantasmaqorik bəyanatlarla nail olmağa çalışırlar. Biri Mirzə Cəlili plagiatda günahlandırır, digəri ondan güclü yazıçı olduğunu iddia edir. Çox təəssüf doğurucu hal olsa da, artıq neçə illərdir ki, ədəbi həyata “canlılıq” gətirməyin başqa bir üsulu da Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anara arasıkəsilməz hücumlardır. Amma belə şeylər uzun-uzadı və yorucu şəkildə təkrarlandığından tam laqeydliklə qarşılanır. Mənim uzaqdan sezdiyim mənzərə belədir ki, ədəbi həyatda bir süstlük, durğunluq var. Canlılıq sanki daha çox cığallıq xarakteri daşıyır. Hələ də müstəqillik dövrünün ilk böyük əsəri yaranmayıb. Sanki korifeylər yorulub bir tərəfə çəkiliblər, cavanlar isə onların 30-35 yaşlarında gördükləri işləri görə bilmirlər... Bəlkə də, səhv edirəm. Bəlkə də prosesə kifayət qədər dərindən bələd olmadığım üçün belə düşünürəm... Doğrusu, çox istərdim ki, səhv edim...

– Böyük anlamda səhv etmirsiniz... Ədəbi mühiti canlandırmaq üçün, həqiqətən də, cığal cəhdlər var... Amma bu prosesin “üst qatında”, “görünən” tərəfində baş verənlərdir. Məsələn, 90-cı illərin sonlarında - 2000-ci illərin əvvəllərində eyni proses, bir qədər fərqli müstəvidə - yəni sosial mediada deyil, mətbuatda gedirdi. Amma ədəbiyyat daha dərinlərdə, daha təmkinlə yaranmaqdadır... Hər halda, siz ürək açan heç bir şey görmürsünüz...

- Yox, niyə ki? Müsbət məqamlar da az deyil. Əminliklə demək olar ki, mütaliəyə maraq aradan onilliklər keçəndən sonra, nəhayət, ölü nöqtədən tərpənib. Çoxlu maraqlı kitablar, xüsusən də tərcümə ədəbiyyatı nəşr olunur. Bu mənada Tərcümə Mərkəzinin xidmətlərini xüsusi qeyd etmək istərdim. Yazıçılar Birliyinin Natəvan klubunda, Ədəbiyyat İnstitutunda, Milli Kitabxanada, AMEA Əsaslı kitabxanasında və b. ədəbi-mədəni mərkəzlərdə tez-tez maraqlı görüşlər, kitab təqdimatları, yeni əsərlərin müəllifləri ilə görüşlər keçirilir. Bütünlükdə ədəbi- mədəni həyatda bir canlanma hiss edilir. Son gəlişimdə Bakı Kitab Mərkəzində oldum. Səfir həmkarım Həsən Həsənovun “Makedoniyalı İsgəndər Azərbaycanda” monoqrafiyasının təqdimatında iştirak etdim. Tədbirə qatılanların əksəriyyəti gənclər idi. Onların fəallığı, ilk növbədə isə, geniş maraq dairəsi, xalqımızın gerçək tarixini öyrənmək təşnəliyi diqqətimi çəkdi. Bakıda belə zəngin bir kitab təbliğatı mərkəzinin olması isə, məni ikiqat sevindirdi. Düşünürəm ki, ora tezliklə ədəbi-bədii mərkəzə, mühüm maarifçilik ocağına çevriləcəkdir.

Davamı burda

# 3717 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #