Ölünü sazla dəfn etmək nədir, yenilik, yoxsa dindən çıxmaq? – DEBAT

Ölünü sazla dəfn etmək nədir, yenilik, yoxsa dindən çıxmaq? – <span style="color:red;">DEBAT
17 may 2018
# 12:40

Son vaxtlar dünyasını dəyişən sənətkarların dəfn mərasimlərində saz çalınması ənənə halını alıb. Bu ayinlərin videogörüntüsü sosial şəbəkələrdə yayımlananda məsələ daha da ictimailəşir və dünyagörüşündən, dinə münasibətindən asılı olaraq insanlarda fərqli münasibətlər doğurur. Kulis.az məsələnin əhəmiyyətini nəzərə alaraq dəyirmi masada müzakirə keçirmək qərarına gəldi. Qonaqlarımız “Tövbə” cəmiyyətinin sədri, İmam Hüseyn məscidinin axundu Hacı Əbdül, tanınmış saz ifaçısı, Mədəniyyət və İncəsən Universitetinin müəllimi Nemət Qasımlı və “Ədəbiyyat qəzeti”nin tənqid şöbəsinin müdiri, yazıçı-kulturoloq Aydın Xandır.

- Hacı, ilk sualı sizə vermək istəyərdik. Azərbaycanın müxtəlif bölgələrində fərqli dəfn ayinlərinin şahidi oluruq. Bu, nə ilə bağlıdır?

Hacı Əbdül: - Burda fərqli olan şey təriqətdir. Hər təriqət özünə uyğun adət-ənənə ilə dəfn mərasimi keçirir. Şiələr başqa cürdür, sünnilər başqa. Şiələrin öz içlərində də fərqli rituallar var. Qusarda mən dəfndə olmuşam. Orda qəbiri bir metr yarım qazırlar, meyiti qoyanda taxta örtürlər üstünə. Hər təriqətin özünə görə bir baxışı var. İndi daha çox beton tökürlər. Bu da gələcəkdə abidə qoymaq üçün nəzərdə tutulur.

- Hacı, abidə qoymağa necə baxırsınız? Bildiyimiz qədər, dində bu məsləhət görülmür.

H.Ə: - Dinimizə görə, qəbir itməlidir. Amma bu o demək deyil ki, qəbirlərimizi buldozerin ağzına verməliyik. Bu, zamanla olmalıdır. Ziyarət də olmalıdır. Peyğəmbər əleyhissəlam anasının məzarını ziyarət edirdi. Zamanla qəbir itib-getməlidir. Əgər belə olmasaydı bütün yer kürəsi qəbir olardı.

- Aydın bəy, siz necə baxırsınız regionlara uyğun fərqli dəfn ayinlərinə?

Aydın Xan: - Azərbaycan ərazicə nə qədər balaca olsa da, bura multikultural yerdir. Müxtəlif etnik qrupları, dini icmaları özündə cəmləşdirir. Bir də ki, biz Azərbaycan haqda danışanda yalnız Şimali Azərbaycanı deyil, o taylı-bu taylı Azərbaycanı, Qərbi Azərbaycanı, Gürcüstan və Dərbənddəki soydaşlarımızı da nəzərdə tutmalıyıq. Bu qədər geniş bir areala sahib olan bir məmləkətdə fərqli ayinlər normal qarşılanmalıdır. Bilirsiniz ki, əhli-sünnə, əhli-şiə və yaxud hürufizm və sair kimi dini təriqətlər bizim mühitimizə təsir edib. Eyni zamanda coğrafi mühit nəzərə alınmalıdır. Məsələn, Lənkəranda məzarın içinə ona görə taxta qoyulur ki, oralar nəmişlikdir. İslam dininin dəfnlə bağlı ehkamları var. Eyni zamanda xalqımızın yasla, dəfnlə bağlı çox sayda tabuları var. Misal üçün, mənim atam çoxdan rəhmətə gedib, ancaq hələ də anam onun üçün yas tutur, mərasim təşkil edir və bu, çox böyük məsrəfə səbəb olur. Mənə qalsa, ölünün necə basdırılmasının elə bir əhəmiyyəti yoxdur. Onun üstündə oxunan Quran da, çalınan musiqi aləti də dirilər, yəni bu dünya üçündür. Ölüsə o biri dünyanın, yəni Allahın sərəncamındadır.

- Sovet vaxtı bizim görkəmli şəxsiyyətlərimizin çoxu qeyri-dini yolla dəfn olunub. Buna münasibətiniz necədir?

A.X: - Hər bir insanın yaşam haqqı olduğu kimi, ölüm və dəfn haqqı da var. İnsan necə istəyirsə, necə vəsiyyət edirsə, o cür də dəfn olunmalıdır. Bizdə dində də var ki, subay, evlənməyən insan ölürsə, ata-ana ona çalğı gətirib şənlik eləyə bilər. Yaxud gəlin ölərsə...

- Dində elə bir şey var ki?

A.X: - Var, var. Müxtəlif zonalarda bu ayin keçirilir. Daha çox xristianlarda yayğındır. Mən, lap dini düşüncə nəzərindən götürsək, kiminsə ölümünə kədərlənməni başa düşmürəm. Axı Allahın verdiyini Allah da aparır. Biz kimik ki, buna kədərlənək? Əslində ölümün özü haqdır.

- Demək istəyirsiniz ki, hər kəs vəsiyyət olunduğu kimi basdırıla bilər...

A.X: - Mütləq.

- Nemət bəy, sizin yaxın adamlarınızdan biri vəsiyyət etsə ki, məni mollasız, musiqi ilə götürün, ona necə baxarsınız?

Nemət Qasımlı: - Diri insanın istəkləri, arzuları tükənməzdir. Hər kəs bir şeydən zövq alır. Adam var, musiqi onun həyat tərzidir. Bu saz da, klarnet də, balaban da, qarmon da ola bilər. Fərqi yoxdur. Sadəcə hər kəs hansı mühitdə doğulubsa, hansı musiqini özünə doğma hesab edibsə, hansı musiqini özünün həyat tərzinə çeviribsə, təbii ki, öləndə də onun qəbri üstündən səslənməsini istəyə bilir. Mənim atam sağkən vəsiyyət elədi ki, üstümdə saz çalarsınız. Dayım da eyni vəsiyyəti elədi, anam da. Mən atamla dayımın vəsiyyətini yerinə yetirdim, amma anama gələndə mənəvi gücüm çatmadı. Çox sarsıldım. Çala bilmədim.

H.Ə: – İcazə verin, mən də öz gördüyümdən danışım. Yaşım 80-ə yaxındı, sizdən çox böyüyəm, ona görə gördüyümdən danışmaq istəyirəm. Bizim evimiz “Salyanski”də olub. Evimizdən o tərəfə tamam çöllük idi. Bizdən yuxarı yəhudi qəbiristanlığı, onun yanında xristian, o biri tərəfdə də müsəlman qəbiristanlığı yerləşirdi. Cənazələr bircə yolla gedirdi, o da bizim küçəylə. Sovet hökumətinin vaxtında din, İslam söhbəti qapandı, Allahsızlıq yayıldı. Bir şeyi də deyim. O vaxtı ermənilərlə azərbaycanlılar çox yaxın olublar, bir-birinin toyuna, yasına gediblər. Ermənilərin yas məclislərində içki içilərdi, bizimkilər də qoşulardı onlara. Bunun təsirindən bizim hüzr yerlərində də cavanlar içirdilər. Bizdə yaslarda araq içmək xəlvətdə idi, ancaq aşkarda yığışardılar bir yerə, Quran oxuyardılar. Ruslarda isə cənazə qalxanda böyük çal-çağır olardı. Bu, bizə də təsir elədi. Klarnet çalınardı qəbrin üstündə. Əvvəl gözləyərdilər molla Quranı oxusun, çəkilsin, sonra başlayardılar üstündə klarnet çalmağa.

Qaldı saz çalınmaq məsələsinə, mənim babam məşhur aşıq olub. Aşıq Güləli. Ustadı da aşıq Musa olub. Bir sazı vardı, metr yarım idi. Aşıq Güləli saz çalmaqdan başqa Təzə Pir məscidində neçə il təmənnasız azan oxudu. Gözəl səsi vardı. Bizim evdə həmişə aşıqların yığıncağı olardı, söhbətləşərdilər, deyişərdilər.

Sözümün canı nədir? Aşıqlıq sənətinin özü üç yerə bölünür. Birincisi, haqq aşıqlarıdır. Aşıq Ələsgər, Qurbani, Aşıq Tufarqanlı və s. Bir də var ustad aşıqlar. Aşıq Şakir, Aşıq Kamandar, Ədalət və s. Üçüncüsü peşəkar aşıqlardı. Bunların arasında fərq çoxdur. Haqq aşıqları heç vaxt deməz ki, mən öləndə qəbrimin üstündə saz çaldırın. Bilirsiniz, bir var şəriət, bir də var istək. Şəriətlə istəyi bir-birinə qatmaq olmaz.

- Hacı, məsələn, siz bir yas məclisindəsiniz, sizə ağsaqqalıq tapşırılıb. Və sizə deyirlər ki, ölən sənətkardır, o vəsiyyət edib ki, dəfn olunan anda üstündə saz çalınsın. Siz necə edərsiniz?

H.Ə: - Mən sazı qoyaram bir kənara, şəriət hökmü ilə necə lazımdı dəfn edərəm və çıxıb gedərdim. Ondan sonra istəyirsən üstündə saz çal, istəyirsən klarnet.

- Bunun dinə zərəri yoxdur ki?

H.Ə: - Yoxdur. Məncə, ölü qəbirdə də sevinir ki, sən onu şəriət hökmü ilə torpağa tapşırırsan.

N.Q: - Anam rəhmətə gedəndə bütün dini ritualları yerinə yetirdik. Bu öz yerində. Vəsiyyət eləmişdi ki, saz çalınsın üstümdə. Dediyim kimi, mən çox sarsıldığıma görə eləyə bilmədim. Və inanın, qırx gün anam yuxumdan çıxmadı. Hər dəfə də deyirdi ki, bilirəm, bala, onu niyə çalmadın, amma gərək kimsə nəsə deyəcək deyə fikirləşməzdin. Həqiqətən içimdə bir az da o vardı ki, birdən yaxşı baxmazlar. Mən bunu bacıma dedim. Bacım dedi ki, çox nahaq yerə çalmamısan, gərək anamın dediyini eləyəydin. Və qırx gündən sonra, bacıma bunu deyəndə anam yuxumdan çıxdı. Bir də anama başdaşı qoyduranda yuxuma girdi. Dedi, sağ ol, mənə görə çox əziyyət çəkdin, bundan sonra sən hər evdə saz çalanda elə biləcəm, qəbrimin üstə çalırsan.

- Gəlin bu sualı hamımız Hacıya ünvanlayaq: Hacı, Aşıq Nemət anasının vəsiyyətinə əməl etməli idi, yoxsa yox?

H.Ə: - Şəriət buna qadağa qoyur, amma etməliydi. Saz çalınmalıydı.

- Qadağandırsa, necə çalsın? Fikriniz ziddiyyətlidir.

H.Ə: - O qadın vəsiyyət etmişdi. Vəsiyyətdirsə, onu eləməlisən.

- Vəsiyyət eləyibsə, qadağan olunmuş sayılmır?

H.Ə: - Şəriət bunu qadağan eləyir. Nöqtə. Amma o qadın vəsiyyət edib.

- İstisna hal kimi qəbul edilə bilər yəni...

H.Ə: - Bəli.

- Şəriətdə bununla bağlı xüsusi qadağa varmı?

H.Ə: - Şəriət icazə vermirsə, demək, qadağadır.

A.X: - Hacı, burda bir məsələ var. Əslində şəriətdə bu insanların öhdəsinə buraxılıb. Düzdü, yas məclisində şəriət qadağa qoyub ki, sevinmək, qırmızı paltar geyinmək olmaz. Kədəri bölüşməlisən, rituallara əməl etməlisən. Mən ilahiyyatçıların yazdığını da oxumuşam. Konkret bu məsələ ilə bağlı boşluq var. Əgər musiqi qadağandırsa Quran musiqisiz oxunmalıdır. Quran özü muğamdır. Avazla oxunur. Cənublu qardaşlarımız var, imamların, peyğəmbərlərin şəninə toylarda, yas mərasimlərində dini mahnılar oxuyurlar. Müxtəlif mövqeli adamlar bu məsələ ilə bağlı fikirlərini bildirir, bəziləri dəstəkləyir, bəziləri qarşı çıxır. Mən düşünürəm ki, İslam dininin özü sevgi dinidir. Allahın bizə göndərdiyi elə bir dindir ki, insanlara gözəlliyi təbliğ edir, hamıya deyir, bir-birinizi sevin, həyatı gözəlləşdirin. Və rahat yaşamağın yollarını İslam göstərib. İslam dini qadağalar dini deyil.

- Musiqiyə qadağa yoxdu?

A.X: - Yox.

- Hacı var deyir.

A.X: - Hacı şəriətin gözü ilə deyir. Onun fikrinə hörmət edirəm. Bu yaşlı nəslin məntiqidir. Mən isə onu deyirəm ki, hər şey Allahın iradəsi daxilindədirsə, musiqi məsələsində də Allahın izni var. Var ki, biz bunu arzulayırıq.

H.Ə: - Davud peyğəmbər çox gözəl səsə sahib idi. Əgər Allah-tala musiqini sevməsəydi, onu peyğəmbər eləməzdi. Bir var bıçağı kimisə sağaltmaq üçün əlinə götürürsən, biri də var kimisə öldürmək üçün. Bunlar ayrı şeylərdi.

- Sovet vaxtı bizim bir çox sənət adamlarımız dini qaydalarla dəfn olunmayıb. Qibləsiz dəfn olunub. Bununla bağlı nə deyə bilərsiniz?

H.Ə: - Sovet vaxtında qiblənin əhəmiyyəti yox idi. İstər o yana elə, istər bu yana. Təbliğat gedirdi ki, Allah yoxdur. Qurtardı. Sadəcə millətin içində o qədər satqınlıq var idi ki, əgər hansısa biri üzü qibləyə basdırılsa, gedib xəbər verəcəkdilər. Təsəvvür eləyin, bu adamlar ciblərində “Allahsızlıq knişkası” gəzdirirdilər. Qiblədən söhbət gedə bilməzdi.

- Şəriət baxımından ölünün o cür qibləsiz dəfn olunması günahdırmı?

H.Ə: - Bəli, onu o cür dəfn edən günaha batır.

- Sizin yaxınınız o cür dəfn olunsa, sonradan onu üzü qibləyə basdırıb şəriət qaydalarına uyğun təzədən dəfn edərsiniz?

H.Ə: - Hökmən! Nə cür lazımdırsa, şəriət necə buyurubsa, elə də eləyərdim. İnsan öldü, qurtardı-getdi deyil. Bu vəhhabilərin inancıdır. Ölən kimi guppuldadırlar torpağa, vəssalam. Halbuki ölüyə qiymət vermək lazımdır. Onu layiqincə basdırmaq lazımdır. Ölünü sevgiylə dəfn etməlisən, sevgiylə ziyarət etməlisən, sevgiylə xatırlamalısan.

- Asif Ata demişdi məni ayaq üstə üzü günəşə basdırın. İxtiyar sizdə olsa bunu edərdiniz?

H.Ə: - Necə deyibsə, elə basdırardım. Lap başı aşağı desə, başı aşağı basdırardım. Çünki Allahın ona qəzəbi idi bu.

- Aha... Belə düşünürsünüz?

H.Ə: - Bəli.

- Aydın bəy, sizin fikriniz necədir? Ağlınızdan keçib ki, özünüzü və yaxud yaxın bir adamınızı fərqli formada dəfn etsinlər?

A.X: - Bilirsiniz...

- Mənə elə gəlir, bir dəfə, məni yandırın, külümü okeana səpin demişdiniz.

A.X: - Okeana yox, Xəzər dənizinə səpin demişəm.

- İndi də bu fikirdəsiniz?

A.X: - Stabil heç nə yoxdur bu dünyada. Ölülərdən başqa hər şey dəyişir. O cümlədə də insanın fikirləri. Hər yaşın bir fikri ola bilər. O vaxtı gənclikdə belə bir fikir səsləndirmişəm. Amma indi düşünürəm ki, hər bir adam öz millətinin adət-ənənəsinə riayət etməlidir. Qaldı ki, hər kəsin necə dəfn olunmaqla bağlı arzusuna. Burda İslamın metodu işə keçir. O məşhur atalar sözü var e...

- Ölünü özbaşına buraxsan kəfəni yırtar...

A.X: Bəli. Nəzərə alaq ki, qəfil ölən adamlar var, onlar vəsiyyət eləyə bilmirlər.

- Hacı da o fikirdədir ki, ölünü özbaşına buraxmaq olmaz.

H.Ə: - Hə... (gülür)

A.X: - Məsələn, mən vəsiyyət edirəm ki, öləndə məni Ayda basdırın. İndi bunu demişəm deyə camaat xərcə düşüb məni kosmik aparata atıb Aya aparmalıdır? Məntiqli deyil axı. Ölümə yaxın insan ağlı çaşıb nəsə istəyə bilər. Onu ağsaqqallar, dini bilənlər yığışıb məsləhətləşirlər. Və ümumi qərar verirlər ki, bu olmaz, şəriətdə qadağandır, bunu eləsək camaat bizə güləcək.

- Burda sənətkarımız əyləşib. Mənə elə gəlir, onun qəlbində bir hiss var ki, ölüyə saz çalmaq olmaz. O nə hisdir elə?

N.Q: - Sənətkarların üstündə saz çalınmağı bəlkə də buna görədir ki, o, cismani olaraq bu musiqiylə vidalaşır. Bu dünyada sonuncu dəfə saz səsini eşitmək istəyir. Mən torpağa qoyulan andakı saz çalınmağını qəbul edə bilmirəm. Bayaq Hacı haqq aşıqlarından danışdı. Aşıq Ələsgər də, başqa haqq aşıqları da Quranı və İslamı mənimsəmişdilər, əzbər bilirdilər və o paklığa heyrət etmişdilər. Məncə, saz çalınmaq ölünün yox, dirinin istəyidir. Ətrafın ona verdiyi qiymətdir.

Bilirsiniz, şəriətin qaydasından çıxmaq ölünü yox, onun ətrafını pis vəziyyətdə qoyur. Mənim bir tanıdığım vardı, vəsiyyət eləmişdi ki, mən öləndə üstümü traktorla düzləyərsiniz. Heç nə qalmasın məndən. Amma onun uşaqlarına yazıq deyilmi?

- Aşıq Ədalət demişdi ki, sazın üz qabığını sinəmin üstündə basdırın.

N.Q: - O, Ədalətin saza sevgisiydi. Heç kim bu qara sazı mənim kimi çala bilmədi, mənimlə də dəfn edin demək istəyirdi.

- Hacı, sizcə bu doğrudurmu?

H.Ə: - Şəriət buyurur ki, meyitlə bir yerdə heç nə basdırmaq olmaz. Saz olsun, tar olsun. fərqi yoxdur, şəriət icazə vermir.

- Bir məsələ də var. Orqan bəxşişi. Bu humanist bir addım kimi qiymətləndirilir. Bəs şəriətdə necədir?

H.Ə: - Özü vəsiyyət eləyirsə ki, bağışlansın, o zaman olar.

- Aydın bəy, bayaq məntiqsiz vəsiyyətlərin olduğunu dediniz. Axundovun vəsiyyəti də bu idi ki, məni heç bir dini qayda olmadan dəfn edərdiniz. Səncə, bu vəsiyyət məntiqsiz idi?

A.X: - Axundov dövlət qulluqçusu idi. O vaxtı da Çar Rusiyasında İslamın Azərbaycanda məhvi ilə bağlı çox böyük planlar gedirdi. Planların biri də dini təhsil almağa gedənlərin qarşısını almaq idi. Mollaları, İslamı aşağılayırdılar. Yeni bir tendensiya gəlirdi: Avropalaşmaq! Buna görə də mollaları gözdən salmaq cəhdləri vardı. Axı ola bilməz ki, bütün mollalar Şeyx Nəsrullah, Molla Sadıq olsun. Qaldı onun dəfn olunmaq məsələsi. Belə bir yazılı vəsiyyəti yoxdur...

H.Ə: - İcazə verin, bu haqda mən danışım. Axundov Qasım bəy Zakirin yaxın dostu olub. Qasım bəy ondan böyük olub, məktublaşmalarının birində ona yazır ki, əl çək bu dinsizlikdən, kafirlikdən, uşaqların hamısını bədbəxt elədin. Allah Axundovun cəzasını bu dünyada verdi. Neçə gün evdə ölü qaldı. Meyiti qalmışdı ortada, iyi yayılmışdı aləmə. Sonra dostu gəlib demişdi ki, götürün bunu dəfn eləyin. Bayaq qardaşımız deyir ki, o, dövlət qulluqçusu idi. Amma Axundov Bakıxanovdan heç də böyük vəzifədə deyildi.

- Bakıxanov imanlı idi, son istəyi də Məkkəni ziyarət olub.

H.Ə: - Bəli.

- Hacı, sizin yaxın adamınız vəsiyyət etsə ki, məni musiqi ilə götürün, nə edərsiniz?

H.Ə: - Mən uzaqlaşaram ordan. Qarışmaram.

- Aydın bəy, siz nə edərsiniz?

A.X: - Bu cür vəsiyyətlərdə mental dəyərlər işlək vəziyyətə düşür. Qohum-əqrəba oturub məsləhətləşir ki, bunu eləsək, bizə gülərlər, ya yox.

- Bəs siz Nemət bəy?

N.Q: - Mən şəriət qaydalarını pozmazdım.

Moderatorlar: Şərif Ağayar və Ayxan Ayvaz

# 2264 dəfə oxunub

Müəllifin son yazıları

# # #