Sərdar Cəlaloğlu Nobelə təqdim etdiyi nəzəriyyədən danışır - MÜSAHİBƏ

Sərdar Cəlaloğlu Nobelə təqdim etdiyi nəzəriyyədən danışır - MÜSAHİBƏ
19 oktyabr 2016
# 12:55

Kosmik Dəyişilmələr Nəzəriyyəsi Fizika üzrə Nobel mükafatının gizli səsverməsinə çıxarılan Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun APA-ya müsahibəsi

- Sərdar bəy, ilk olaraq müəllifi olduğunuz və Fizika üzrə Nobel mükafatına təqdim olunan Kosmik Dəyişilmələr Nəzəriyyəsinin mahiyyəti haqda danışmağınızı istərdik...

- Kosmosda mövcud olan hər bir şeyin ölçüləri tədricən kiçilir. Bu canlılara da, cisimlərə də, ümumilikdə hər bir şeyə aiddir. Kiçilmə kosmosun ən ciddi qanunlarından biridir. Mən, sadəcə olaraq, bunu qlobal istiləşmə, günün qısalması ilə izah etdim. Məsələn, nəyə görə əvvəl 24 saat idi, indi 23 saat 57 dəqiqədir? Bu onu göstərir ki, Yer kürəsinin həcmi kiçilib, Yerin öz oxu ətrafında fırlanma müddəti azalıb. Müəllifi olduğum Kosmik Dəyişilmələr Nəzəriyyəsi qlobal istiləşməyə, bir çox mətləblərə aydınlıq gətirib.

Digər tərəfdən, qeyri-texniki səbəblərdən baş verən təyyarə qəzaları haqda heç bir aydın fikir yoxdur. Nəyə görə təyyarə göydə normal uçduğu halda, heç bir texniki qüsur olmadan qəflətən qəza baş verir? Mən öz nəzəriyyəmdə buna da aydınlıq gətirmişəm.

- Nəzəriyyəni özünüz Nobel komitəsinə təqdim etdiniz?

- Adam ağlına gələn nəzəriyyəni ilk olaraq ictimaiyyətə açıqlaya bilməz. Əvvəl gərək müəyyən dairələrdə müzakirələr aparılsın. Nəzəriyyəmi Müəllif Hüquqlar Agentliyinə özüm təqdim etdim. 2 nəzəriyyəmə Müəllif Hüquqlar Agentliyindən şəhadətnamə almışam. Kosmik Dəyişilmələr Nəzəriyyəsi ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyasına, Bakı Dövlət Universitetinə müraciət etdim ki, alimlər yığılsın və mən onlara öz nəzəriyyəmi izah edim. Bəlkə elə bir alim çıxıb deyəcəkdi ki, ay qardaş, sən düz demirsən. Heç kəs bu nəzəriyyəyə reaksiya vermədi. Bundan sonra NASA ilə əlaqə saxladım. NASA-nın bir əməkdaşı Bakıya gəldi. Dedi ki, nəzəriyyəni mənə ver. Mən də bununla razılaşmadım. Dedim gərək özüm gedim və özüm öz nəzəriyyəmi izah edim. Sonra belə bir qənaətə gəldim ki, nəzəriyyəni Bakıdakı Nobel Komitəsinə təqdim edim.

Nobel Komitəsinin əsasnaməsinə görə, 4 səhifə nəzəriyyə, 2 səhifə isə onun elmi-praktiki əhəmiyyəti haqda yazmalısan. Bütün sənədləri hazırladım. Oktyabrın 1-ə qədər mən nəzəriyyəmin Nobel Komitəsi tərəfindən qəbul edilməsi ilə bağlı heç bir məlumata malik olmamışam. Hətta komitəyə işin gedib çatması ilə bağlı məktub da yollamışdım, ona belə cavab verilməmişdi.

Fizika üzrə Nobel mükafatına təqribən 3000 iş təqdim edilir. Ekspert qrupu tərəfindən 200-ə qədər iş seçilir. Sonra həmin 200 iş xüsusi ekspert qrupuna təqdim olunur. Onlar da 200 işin içərisindən 20-ni seçərək gizli səsverməyə təqdim edirlər. İşlər gizli səsverməyə Nobel mükafatı laureatlarının rəyi əsasında buraxılır. Mənim nəzəriyyəm 2 ekspert qrupundan keçib, gizli səsverməyə buraxılıb. Mükafatın verilməsinə 3 gün qalmış zəng edib məni təbrik etdilər ki, bəs siz gizli səsverməyə buraxılmısınız. Mənim gizli səsverməyə buraxılmağımla bağlı Rusiyadan Bakıya zəng edib bildiriblər. Çünki Bakıdakı Nobel Komitəsi Rusiyanın filialı hesab olunur. Hətta deyiblər ki, nəzəriyyənin qalib olması üçün böyük şans var. Bunu da məndən başqa 2 nəfər - bir həyat yoldaşım, bir də köməkçim bilirdi. Bir jurnalist Nobel Komitəsinə müraciət edib ki, bu il Azərbaycandan kimin adı mükafata təqdim edilib. Oradan da deyiblər ki, Azərbaycandan 4 nəfərin adı təqdim olunub. Üç nəfər birinci mərhələni keçə bilməyib, yalnız Sərdar Cəlaloğlu sonuncu mərhələyə adlayıb. Hətta ola bilsin, qalib oldu.

- Etiraf edək ki, bu xəbər ictimaiyyət arasında birmənalı qarşılanmadı...

- Bundan sonra bütün Azərbaycan düşüb mənim üstümə. Biri deyir ki, Sərdar yalan elmlə məşğuldur, biri deyir ola bilməz, Sərdar yeni bir şey kəşf edə bilməz. Bir alim yazıb ki, Sərdar Cəlaloğlu həkimdir, onun nə ixtiyarı var fizika sahəsində nəzəriyyə təqdim etməyə? Həmin alim daha sonra iddia edir ki, Nyuton deyibsə, qurtardı. Nyuton bəyəm Allahdır?! Nyuton da alimdir də... Mən Eynşteynin Nisbilik nəzəriyyəsinin səhv olduğu əsaslandıran nəzəriyyə yazmışam.

Düşüblər üstümə. Elə bil Eynşteynin qohumudurlar. Onlara deyirəm ki, adım Sərdarşteyn olsa, inanarsınız? Eynşteyn kimdir ki?! O özü sağlığında deyib ki, nəzəriyyəsi doğru deyil. 10 dəfə nəzəriyyəsini Nobelə göndərib, ona Nobel verilməyib. Kəşf üçün hansısa müddətə, laboratoriyaya ehtiyac yoxdur. Kəşf üçün əsas beyindir. Mən eksperiment aparmıram axı, mən nəzəriyyə vermişəm. Fizika sahəsində Nobel mükafatı həmişə ilk dəfədən verilmir. Nobel alan fiziklərin böyük əksəriyyəti uzun müddət təkrar müraciətdən sonra bunu alırlar. Mən Nobeli ən azı 2 dəfə alacağıma ümid edirəm.

- O zaman Nobel şansınız hələ qalır?

- Bəli, bilin ki, gələn il oktyabrın 3-4 də elan edəcəklər ki, Sərdar Cəlaloğlu gizli səsverməyə buraxılıb. Mənim 5 nəzəriyyəm var. Onların hamısını Nobel mükafatına təqdim edəcəyəm. Gələn il Nisbilik nəzəriyyəmi Nobelə təqdim edəcəyəm. Bu nəzəriyyənin mahiyyəti ondan ibarətdir ki, fikir necə materiyaya, materiya necə fikrə çevrilir. Bundan əlavə, biologiya sahəsində canlılığın əmələ gəlməsi haqda nəzəriyyəm var. Bu günə qədər elmdə canın necə əmələ gəlməsinin izahı yoxdur. Digər tərəfdən, qeyri-üzvi maddələrin üzvi maddələrə çevrilməsi ilə bağlı nəzəriyyəm də mövcuddur.

Burada söhbət yaranmadan gedir. Başqa bir nəzəriyyəm isə metakinetik hərəkət haqdadır. Bir də sinesteziya haqda nəzəriyyəm var. İnsanda bir hiss başqa bir hissi oyadır. Bu sinesteziya adlanır. Psixologiyada bunun elmi izahı yoxdur. Metakinetik hərəkət nəzəriyyəmlə inqilabi dəyişikliklər etmək mümkündür. Metakinetik hərəkət nəzəriyyəsi xərçəng xəstəliyi zamanı metastazın qabağını almağa imkan verir. Bir də dillə bağlı nəzəriyyəm var. Əvvəla mən təsadüfən elmə gəlmiş adam deyiləm. İnstitutdan bəri elmlə məşğul olmuşam. Hamı bilir ki, 30 ildir, gecə-gündüz oxuyuram. Bu mənim üçün hobbidir. Elmə çox həvəsliyəm. Sosiologiyada çoxlu qanun kəşf etmişəm. Tələbə yoldaşlarım həmişə mənə deyirlər ki, çox təəssüf ki, elmə yox, praktiki həkimliyə və siyasətə getdim. Mənim işlərim, nəzəriyyələrim zamanında yüksək idarələr tərəfindən təsdiq olunub. 26 yaşımda SSRİ kimi bir dövlətdə məhkəmə-tibbi ekspertizasından nəzəriyyə təqdim etmişəm və ən yüksək şəkildə qəbul olunub. Bu nəzəriyyəyə görə məni Moskvaya çağırırdılar. Əgər 26 yaşımda elə, 63 yaşımda isə Nobelə layiq bir nəzəriyyə kəşf etmişəmsə, burada təəccüblənməli nə var axı?!

- Ola bilsin siyasi fəaliyyətiniz elmi reputasiyanıza bir növ kölgə salıb...

- Düzdür... Siyasətçi olmağım elmi işlərimə, apardığım tədqiqatlarıma həddindən artıq mane olur və kölgə salır. Bir də Azərbaycanda elm haqda fikir düz deyil. Mən 1994-cü ildə “Mahiyyət” adlı kitab yazmışdım. O kitabı Azad Mirzəcanzadən başqa heç kim dəyərləndirmədi. Həmin kitabda fiziki qanunların bioloji qanunlara, bioloji qanunların sosioloji qanunlara transformasiyasının qanunauyğunluğunu izah etmişdim. Mən özüm ensiklopedik, universal elmlə məşğulam. İstəyirəm Azərbaycanda ensiklopedik elmin pionerlərindən biri də mən olum.

Biologiya, fiziki, kimya - dəqiq elmlər mütləq birlikdə vəhdətdədir. XVI əsrdən də qabaq elm belə olub. İndi də üsyan edirlər ki, sən həkimsən niyə fizikadan nəzəriyyə verirsən. Nobelin tarixinə baxın. Nobelin tarixində bir çox həkim fizikadan, kimyadan, bir çox fizik tibdən Nobel alıb. Dünyada artıq sahəyə heç kəs fikir vermir. Mənim də Kosmik Dəyişilmələr Nəzəriyyəm Nyuton və Keplerin nəzəriyyəsi ilə eyni səviyyədədir. Nyuton elmdə kimdirsə, mən də oyam. Mənə lağ edən adamlar elmi həddən artıq abstraktlaşdırıblar. Gərək mütləq adının qarşısında “akademik”, “professor” sözləri yazılsın?! O qədər elmi oğurluq, elmi korrupsiya var ki, heç kim mənə inanmır. Amma Avropada belə deyil. Avropada bir məktəbli desə ki, Nyutonun nəzəriyyəsi səhvdir, dərhal yekə-yekə akademiklər onu dinləyəcək. Təəssüf ki, Azərbaycan elmində daşlaşmış ənənələr var. Deyirlər ki, Nyuton, Eynşteyn deyibsə, qurtardı. Onda elm necə inkişaf edə bilər? Əgər Eynşteyn, Nyuton deyib qurtarıbsa, bu boyda Akademiya nəyə lazımdır?!

# 1595 dəfə oxunub

Müəllifin son yazıları

# # #