Yeni orfoqrafik qaydalar yazıçılarımıza necə təsir edəcək? – SORĞU

Yeni orfoqrafik qaydalar yazıçılarımıza necə təsir edəcək? – <span style="color:red;">SORĞU
18 yanvar 2018
# 13:02

Azərbaycan Milli Elmlər Akademiyasının Orfoqrafiya Komissiyası və Nəsimi adına Dilçilik İnstitutunun hazırladığı Azərbaycan dilinin yeni orfoqrafiya qaydalarının layihəsi ətrafında müzakirələr davam edir. Məsələ ilə bağlı yazıçılara aşağıdakı sualla müraciət olunub: orfoqrafiyadakı dəyişiklik yaradıcılığınıza hər hansı təsir göstərəcək?

Səfər Alışarlı

Dilimizdə bəzi sözlərinin yazılış qaydalarının dəyişdirilməsi yaxşı haldır. Mənim fikrimcə, biz bütövlükdə dilimizin qrammatikasına yenidən baxmalıyıq. Bu məsələyə əsas baxış prizması dil daşıyıcısı olan xalqın orfoepik, yəni tələffüz formasının bərpası və ya qorunub saxlanılması olmalıdır. Bizim müasir yazarlarımızın, demək olar ki, hamısı rus sintaksisi ilə yazır. Bizim dəftərxana, sənədləşdirmə dilimiz çox acınacaqlı səviyyədə hələ də rus dilinin imkan və sintaktik qaydalarını yamsılayır. Müstəqil dövlətçilikdə bunlar yolverilməzdir. Bizim orfoqrafiyada keçmişdən qalma ərəb, fars, rus dillərinin təsirləri aşkardır. Əgər o qaydalar tələffüzlə ziddiyyətə girirsə, onları mümkün qədər ortadan qaldırmaq lazımdır. İkinci məsələ ondan ibarətdir ki, biz bunun belə lokal milli səviyyədə deyil, ümumtürk kontekstində həllinə cəhd etməliyik. Bu, birinci növbədə latın əlifbasının türk dillərinə tətbiqi ilə bağlı belə olmalıdır. Bu nöqteyi-nəzərdən "səmimiyyət"in və ya "ədəbiyyat"ın iki və ya bir samitlə yazılmasından vacib iş milli boğaza aid 8 səsin müxtəlif türk ləhcələrində necə yazılmasıdır. Məncə, dilçi alimlərimiz və müvafiq institutlarımız bu yöndə fəaliyyətlərini daha məhsuldar edə bilərlər. O ki qaldı şəxsən mənim yazılarıma bu qayda dəyişməsinin təsirinə, burada mən öz narahatlığıma səbəb görmürəm. Orfoqrafiya lüğəti daim mənim stolumun üstündədir, bilmədiyimi dəqiqləşdirirəm. Sadəcə yeni yazılış qaydalarını əks etdirən lüğətin nəşrini bir az tezləşdirmək lazımdır ki, səhvlərimiz az olsun. Çünki yazıda orfoqrafik qaydalara riayət, mənim zənnimcə, insanın savad səviyyəsini bariz və aşkar göstərən ilk təqdimatdır.

Şərif Ağayar

Birmənalı şəkildə dildə yeniliklərin tərəfindəyəm. O ki qaldı bu yeniliklərdən öz yaradıcılığımda istifadəyə... bunu məndən çox yazdığım mətn bilər. Qəbul etsə edəcək, etməsə yox. Amma mən çalışaram ki, etsin. Çünki yeni qaydaların demək olar ki, əksəriyyəti proqressivdir. Dilçilik İnstitutunun dediyi fikirlərin mütləq əksəriyyəti ilə razıyam.

İradə Musayeva

Söhbət mənim yazımdan, ya subyektiv münasibətimdən getmir. Orfoqrafiya qaydaları rəsmiləşəndən sonra hər kəs istəsə də, istəməsə də riayət etməlidir. Amma məsələ ondadır ki, Azərbaycan Respublikasının Prezidenti dilimizin inkişafı, qorunması və təbliği məqsədilə dəfələrlə fərman, sərəncam, qərar imzalayıb və dövlət bunun üçün vəsait ayırıb, qurumlar maliyyələşdirir. Sonda ortalığa gülünc variantlı irihəcmli qüsurlarla dolu cildlər, nüsxələr qoyulur. Vaxtilə Tələbə Qəbulu Komissiyasında ali məktəbə hazırlıq kurslarında fəaliyyət göstərəndə elə hey dərsliklərdə dəyişilən qaydaları əzbərlətməklə məşğul olurduq. Və bu qaydalar bəzən yenidən əvvəlki vəziyyətinə qaytarılırdısa yaddaşlarda sanki bir "format" əməliyyatı da aparılmalı idi. Apostrof yığışılanda "şeir" yazdılar, amma "feil" yox, "fel" qaldı və s. Bu cür misallar çoxdur...

İkincisi, Orfoqrafiya lüğəti çap olundu 2013-cü ildə 110543 sözlə!

Bilirik ki, hər bir söz həyatımıza canlı varlıq kimi daxil olur. Doğulur, yaşayır, ölür, itir və s. 1929-cu ildə çap olunan lüğətin söz sayı ilə 1940, 1960, 1975-ci ildə çap olunan lüğətlər arasında çox fərq olmayıb. Amma 1975-ci ildə 58 min sözlə çap olunan orfoqrafiya lüğətimiz 2004-cü ildə 20 mindən çox söz əlavə edilərək çap olundu. 80 min sözlə. Buna etirazımız yoxdur. Cəmiyyət yaşayırsa, texnika inkişaf edirsə, , elmi-mədəni təkamül, intibah varsa, artım da təbiidir. Lakin mənim yaxından müşahidə etdiyim bir vəziyyət heyrət doğurdu. 2004-cü il lüğətindən sonra professorlardan biri televiziyada çıxış edərək bildirdi ki, növbəti nəşrlərdə sözü 80 mindən 100 minə çatdıracaqlar... Dilçilər söz yarada bilərmi? Bilər, amma minlərlə sözü bir şöbənin iki əməkdaşı hətta uydura bilməz. Buna onların təxəyyülü belə çatmaz. Fəqət, 2013-cü il lüğətində sovet dövrünün pambıq planlarındakı statistik rəqəmləri xatırladan bir say gəldi ortaya. 8 il ərzində 80 minlik lüğət söz verildiyi kimi(!) 100 min yox, hətta öhdəlikdən də artıq sayda 110543 sözlə çap olundu. 10543 söz də əlavə!

1960-cı illərdə özləşmə, yeni, türk mənşəli sözlər yaratma prosesi zərgər dəqiqliyi ilə aparılırdı. Filoloq alimlər, yazarlar bir sözün üstündə baş sındırır, onun dilə daxil ola biləcəyini yüz dəfələrlə götür-qoy edə-edə sözün üzərində çalışır, düşünürdülər . Amma müstəqillik dövrü "azadlığı" imkan verdi ki, sözlər ciddi elmi senzuradan, müzakirədən keçmədən və kütləvi artımla dilə daxil olsun. Nəticədə elmi-ədəbi ictimaiyyətin əlinə düşən kimi kitab kəskin tənqidlərə məruz qaldı. Hətta dillərdə "ipəzor", "dullanma", "üçsaroçkalı" və s. yüzlərlə anlaşılmaz ifadələrlə tənqid hədəfinə çevrildi...

Bu günlərdə isə məlum "yenilik" (mənbə dildəki yazılış əsas götürülərək) əsgər-əskər, əsginaz-əskinaz, İsgəndər-İskəndər, işgəncə-işkəncə və s. sözlərlə bağlı yenidən "yeni qaydalar" əzbərləməyə start verdi. Bu işin maddi (təlqinedici nəşrlər, dərsliklər və s. yenilənməlidir) mənəvi-psixoloji ( dilçilik elminin daha fundamental problemləri tədqiqata, araşdırmaya hədəf olacağı vaxtda biz hələ bu cür dili ağırlaşdıran, o dilin istifadəçilərini bezdirən "dəyişiklik"lərlə məşğuluq) tərəfləri də var...

Bu barədə əslində daha çox danışmaq olar, yəqin ki başqa bir məqalədə konkret faktlarla söz açacam. Və qəribədir, bu sözlər indiyə qədər niyə "qüsurlü "hesab olunmurdu? İndi isə bircə onu deyə bilərəm ki, dilin ədəbi-mədəni səviyyəsini artırmaq yox, onu kobudlaşdırmaq, məişət səviyyəsinə endirmək prosesinin əsil səbəbi illər sonra aydın olacaq...

Zahid Sarıtorpaq

Sualınıza qısa və konkret cavab vermək istərdim: dəyişiklərin doğru və yanlış olanları, əlbəttə, zaman-zaman saf-çürük ediləcək. Bununla bağlı fikir müxtəliflikləri də təbiidir. Amma inanmıram ki, yaşımın bu çağında o yeniliklərə adaptasiya ola biləm. Məndən ötrü bundan sonra da "əsgər" elə "əsgər" kimi qalacaq, "qəşəng" elə "qəşəng" kimi. Əslində dili elə yazıçılar formalaşdırır...

Nəriman Əbdürrəhmanlı

Çətin ki, hər hansı bir qərar mənim yazılarıma təsir göstərsin. Mənim öz dil duyumum, öz söz yüküm var, sözlərdən məhz duyumuma görə istifadə eləyirəm. Mətnlərimdə elə sözlər var ki, heç Orfoqrafiya lüğətində də yoxdu, amma bineyi-qədimdən dos-doğma türk kəlmələridi. Hər hansı qərarla o sözlərdən imtina eləyə bilmərəm. Məncə, orfoqrafik qaydalar rəsmi və ədəbi mətnlərə aiddi, bədii mətnin öz dili var.

Hədiyyə Şəfaqət

Sözsüz, təsir göstərəcək. Etiraf edim, azərbaycan dilini o qədər də yaxşı, bütün xırdalıqlarına kimi bilmirəm, elə sözlər var, onları yazarkən təkrar-təkrar lüğətə baxıram, unutqanlıq da təsir edir. Qərar verilibsə, mənim, ya kiminsə sözüylə dəyişən deyil. Odur ki, dəyişiklikdən sonra sözləri düzgün yazmaq üçün lüğətləri daha tez-tez vərəqləməli olacam.

Bircə xanım

Mən el dilində yazmağı daha çox sevirəm. Mənə rahat olacaq. Onsuz da bəzi sözlər dilimizdəki kimi, məsələn, "alğı" kimi işlənir. Sadəcə, yazanda ütülü varianta keçirik.

Kənan Hacı

Orfoqrafiya qaydaları zaman-zaman dövrün tələblərinə uyğun olaraq dəyişir. Dil canlı orqanizmdir, müxtəlif dövrlərdə dilə yeni sözlər daxil olur, hansısa sözlər dildən çıxdaş olunur. Bu, təbii prosedir. Orfoqrafiya Komissiyası da dilin qanunlarına tabedir və müəyyən sözlərin fonetik prinsipə uyğun lüğətə daxil edilməsi də dilin qanunauyğunluğundan doğur. Düşünmürəm ki, bu cüzi fərqlər mənim, eləcə də digər yazarlarımızın yazı fəaliyyətinə maneçilik törətsin.

Yersiz hay-küy salanları da başa düşmürəm. Hər halda Dilçilik İnstitutunda yoldan keçənlər deyil, dil mütəxəssisləri, dilçilər çalışır və onlar bu lüğətin hazırlanması üçün araşdırmalar aparırlar və yəqin ki, bu lüğət ictimaiyyətin də müzakirəsinə veriləcək. Ədəbiyyat adamlarının da fikirləri müzakirə olunacaq. Buna görə naharatçılığa heç bir əsas görmürəm.

Alpay Azər

Nəzərə alsaq ki, mən orfoqrafiya məsələsinə həssasam, dəyişikliklər müəyyən mənada yazılarıma təsir edəcək, amma ciddi şəkildə yox. Nəsrdə əsas məsələ fikirdir, lazım olan süjeti qurmaqdır. Hekayədə "əsgər" və ya "əskər" yazılması önəmli deyil, parlaq əskər obrazını yaratmaq bacarığıdır, yazıçıdan əsas tələb olunan budur. Amma minimal orfoqrafil tələblər də var ki, onlara sözsüz əməl etmək lazımdır.

Qeyd edək ki, AMEA Nəsimi adına Dilçilik İnstitutunun Orfoqrafiya komissiyasının təqdim etdiyi layihədə bəzi sözlərin mənbə dildəki yazılışı əsas götürülərək, k hərfi ilə yazılması məqsədəuyğun sayılır (əsgər-əskər, əsginaz-əskinaz, İsgəndər-İskəndər, işgəncə-işkəncə və s). Bundan başqa, "alqı-satqı" sözünün "alğı-satqı" yazılması təklif olunur.

Layihədə təklif olunur ki, tərkibində şöbə, lisey, gimnaziya, vəqf, məktəb sözləri olan mürəkkəb adlarda ilk söz böyük, sonrakı sözlər kiçik hərflə yazılsın. Məsələn, Avropa liseyi, Dəyanət vəqfi, Humanitar fənlər gimnaziyası, Humanitar siyasət məsələləri şöbəsi, Uşaq-gənclər şahmat məktəbi və s.

Layihəyə görə, saitlə bitən feillərdən sonra gələn köməkçi sözlərin ilk saiti buraxılaraq "y" bitişdirıcisinin əlavəsi ilə yazılışı da məqbul sayılır: almalıydı, gəlməliymiş, alaydı, alasıydı, gəlməliydi və s.

Etibarilə, köməyilə, məqsədlə, məqsədilə, münasibətilə, vaxtilə, vasitəsilə sözlərinin yalnız bu şəkildə yazılması təklif olunur.

Layihədə göstərilir ki, vaxtilə apostrofla yazılan cürət, məşəl, vüsət və s. sözlər apostrofa görə cür-ət, məş-əl, vüs-ət kimi sətirdən sətrə keçirilirdi. Bu qəbildən olan sözlərin-Qu-ran, cü-rət, he-yət, Kə-nan, mə-sud, mə-sul, mə-şəl, Sə-nan, sü-rət, vü-sət və s. sözlərin bu cür sətirdən sətrə keçirilməsi məqsədəuyğun sayılır. /olaylar.az/

# 1650 dəfə oxunub

Müəllifin son yazıları

# # #