“Müasir texnologiyanın uşaqların təlim-tərbiyəsinə təsiri” - Video Müzakirə

“Müasir texnologiyanın uşaqların təlim-tərbiyəsinə təsiri” - <span style="color:red;">Video Müzakirə
1 iyun 2018
# 17:30

Texnologiyalar həyatımıza zaman-zaman daxil olub yenilənsələr də, onların tətbiqi məsələsində problemlər yaşayırıq. Xüsusən uşaqların təlim tərbiyəsində texnologiya hansı rolu oynayır?

Kulis.az-ın canlı yayımında bu mövzunu Uşaq İnkişaf Mərkəzinin təhsil üzrə direktor müavini İlhamə Hacıyeva və uşaq psixoloqu Aydan Nəzərova ilə müzakirə etdik.

Yeni texnologiyalar və uşaqlar dedikdə ilk ağla mobil telefon gəlir. Çünki evdə ən azı smartfon telefonlar var. Tərbiyə üsulu kimi uşaqlara bu telefonlardan istifadə etməyə icazə vermirlər. Amma bu həll deyil. Bəs bir uşağın mobil telefonu olmalıdırmı?

İlhamə Hacıyevanın fikrincə, müasir dünyada bu, artıq qaçılmazdır: “Ən azı uşaqlarla əlaqə saxlamaq üçün bu vacibdir. Sadəcə, uşaqlara smartfonların yalnız hansısa sosial şəbəkələrə giriş kimi funksiyalarını deyil, daha müxtəlif funksiyalarını öyrətmək lazımdır. Hansı ki, onun inkişafına müsbət təsir edə bilər.”

Psixoloq Aydan Nəzərova isə bu məsələdə uşaqların yaşını, müxtəlif keyfiyyətlərini nəzərə almağı təklif edir. “Üç yaşında uşaqlar var ki, baxırsan, sərbəst “yutub”a girir, istədiyi videonu açıb baxır. Valideynlər düzgün yönəltmirlər. Uşağa telefon verilə bilər. Məktəb dövründən bunu etmək olar. Amma yenə də biz ona ilk olaraq smartfon verməyə məcbur deyilik. Ona adi, yalnız əlaqə saxlamaq üçün telefon verə bilərik ki, ən azı, o, telefonun nə üçün olduğunu bilsin. Biz smartfonun oyun və ya sosial şəbəkələr kimi funksiyaları tərəfdən uşaqları yönləndirsək, onda əlbəttə, onun aludəçisi olacaqlar.

Və biz uşaqlara “olmaz” deyiriksə, “niyə olmaz”ı da onlara izah etməliyik. Psixologiyada “behaviar terapiya” kimi bir metod var. Valideynlər bunu cəzalandırmaq kimi başa düşürlər, amma belə deyil. Məsələ uşağa izah etməkdə, ona etdiyi hərəkətin ziyanlı olduğunu başa salmaqdadır.

Müəyyən vaxt limitindən artıq telekommunikasiya vasitələri qarşısında oturan uşaqda özünə qapanma halları yaranır. Çünki telekommunikasiya birtərəfli ünsiyyətdir. Bu zaman aldığın informasiyanı müzakirə edə bilmirsən, yalnız onu dinləyirsən. Ona görə də, valideynlərə həmişə məsləhət görürük ki, baxdıqları verilişləri uşaqlarla müzakirə etsinlər ki, uşaqda yanlış məlumatlar toplusu yaranmasın.”

Yaşadığımız reallıqda xüsusən, şəhərlərdə uşaq tərbiyəsində valideynlərin, xüsusən anaların üzərinə yük düşür. Problemlərdə məsuliyyətli və cavabdeh tərəf odur. Bütün zamanını uşağa sərf edən valideyn isə nəinki özünə, həm də uşağa mənfi təsir göstərə bilər.

Pedaqoq İlhamə Hacıyeva bu məsələdə vaxtın düzgün bölüşdürülməsinin tərəfdarıdır: “Daimi valideyn nəzarəti altında olan uşağın davranışında da problemlər yaranır. Belə uşaqlar sonra müstəqil ola bilmir. Ona görə də uşaqlara kompüter və smartfonların başqa tərəflərini öyrənməlidir. Bilməlidir ki, bununla nə etmək olar. Bunun üçünsə indi xeyli sayda məktəbdən kənar fəaliyyətlər, dərnəklər var. Məsələn, uşaq texnologiyanı sevən uşaqdırsa, o avadanlıqların müxtəlif sahələrdə tətbiqinə dair bilik və təcrübələrə yönəltmək olar. Belə uşağa daimi nəzarət lazım deyil. Məsələn, robot mühəndisliyi kimi dərnək var. Onda uşaqlar bilir ki, kompüter yalnız oyun üçün deyil, orada robot yaradıb proqramlaşdırmaq olar. Məsələn, elmin, texnologiyanın, mühəndisliyin, riyaziyyatın, incəsənətin sferaların inteqrasiyası olan STEAM mərkəzlər var. Məsələn, bu mərkəzdə uşaqlar hərəkət edən cihaz yaradıb onları proqramlaşdırmalıdır. Bu zaman uşaqlarda sosiallaşma da yaranır. Məsələn, uşaqların özləri belə bir təklif verdi ki, gəlin, heyvanlar üçün yemək və su qabları düzəldək ki, avtomatik olaraq, qabları yeməklə və suyla doldurulsun. Evdə kimsə olmadıqda belə heyvanlar üçün yemək və su olsun. Bu uşaqda heyvanlara qayğı, ətraf aləmə diqqət formalaşır. Bu ideyanı mənə 6-cı sinifdə oxuyan uşaq verib. Çünki o, bu işi sevir, robot düzəltməyi sevir. Belə bir uşağı kompüterdən və ya smart telefondan necə kənarlaşdırmaq olar?”

Psixoloq Aydan Nəzərova valideynlərin məsələyə düzgün yanaşmadığını qeyd edir:

“Valideyn ünsiyyətini tərcih etdiyimizdə xüsusən analar deyir: axı mənim əlavə vaxtım yoxdur, uşaqla oturum söhbət edim. Biz izah edirik ki, bunun üçün əlavə vaxta ehtiyac yoxdur. Ev işləri edə-edə də uşaqla söhbət etmək olar. Valideyn tənbəlliyi çoxdur. Biz tez-tez valideynlər üçün təlimlər keçirir valideynləri cəlb etmək istəyirik, amma onlar gəlmirlər. Problemi uşaqda görürlər.”

Yeni texnologiyaların uşaqların inkişafına verə biləcəyi töhfələrə gəlincə Uşaq İnkişaf Mərkəzinin pedaqoqu İlhamə Hacıyeva ən azı müxtəlif internet resurslarından faydalanmağın mümkünlüyünü vurğuladı:

“Mən robot instruktor pedaqoquyam. Mən daimi olaraq işlədiyim “Leqo education” saytını məsləhət görə bilərəm. Amma yenə də uşaqların marağına uyğun axtarış sistemlərindən resurslar tapmaq olar”

Aydan Nəzərova valideynlərə günlük plan qurmağı təklif edir:

O zaman uşaq da valideyn də özünə vaxt ayıra bilir. Valideyn ilk olaraq uşaqların yaşını, zəka səviyyəsini, fərdi xüsusiyyətlərini nəzərə almalıdır. Bunu bilmədən uşaqları müxtəlif dil və ya məşğuliyyət kursları ilə yükləmək olmaz. Uşaqların beynini doldurmaq və ondan yeni tələblər etmək yolverilməzdir.”

# 1531 dəfə oxunub

Müəllifin son yazıları

# # #