Sabir Ələsgərov: “Aparıcılar söz necə yazılırsa, elə də tələffüz edirlər”

Sabir Ələsgərov: “Aparıcılar söz necə yazılırsa, elə də tələffüz edirlər”
20 avqust 2015
# 15:35

APA TV-nin efirində İlham Tumasın aparıcılığı ilə yayımlanan “Manşet” verilişində əfsanəvi diktor Aydın Qaradağlının doğum gününə həsr olunmuş “Azərbaycanda diktorluq məktəbi” mövzusu müzakirəyə çıxarılıb. Verilişdə xalq artisti Sabir Ələsgərov, filologiya elmləri doktoru, professor Buludxan Xəlilov və APA TV-nin aparıcısı Nəsimi Nəbizadə müasir diktorluq sənəti ilə bağlı fikirlərini bölüşüblər.

Verilişin əvvəlində Aydın Qaradağlının səsi ilə ustad Şəhriyarın “Heydərbabaya salam” poemasından bir parça səslənib. Sabir Ələsgərov bildirib ki, bu səs onu Aydın Qaradağlı ilə birgə çalışdığı o illərə aparıb: “Mən fəxr edirəm ki, belə korifeylərlə, dahilərlə bir yerdə çalışmışam, onlardan çox şey öyrənmişəm. Aydın Qaradağlı, Ramiz Mustafayev, Sultan Nəcəfov, Sabutay Quliyev, Fatma Cabbarova... Adlarını sadaladıqlarım radionun ilk aparıcıları olub və o səslər həmişə mənim qulağımda səslənir. Aydın Qaradağlıda olan məlahətli, şirin səs indi hardadır? İndiki aparıcılarda səs mikrofona düşmür, çoxunun səsi insanı yorur. Biz müsabiqə elan edərdik və bu zaman ilk növbədə xarici görünüşə, dildə qüsurun olmamasına fikir verərdik”.

ADPU-nun filologiya fakültəsinin dekanı, filologiya elmləri doktoru, professor Buludxan Xəlilov bildirib ki, səs insanın qəlbini ovlayan bir vasitədir və təsadüfi deyil ki, hər danışan insanın səsini dinləmək olmur: “Əgər tamaşaçı, dinləyici səsi anlamağa çalışdısa, bu səsdən qaçmaq lazımdır. Səsin təbiəti, diksiyası, fonoloji xüsusiyyətləri insanı özünə cəlb eləməlidi. Fikir verdinizmi, Aydın Qaradağlının ifasındakı sözlərin tələffüzü tam başqadır, sanki bir doğma adamı dinləyirik. İndi bizim aparıcılarda qüsurlu cəhət ondan ibarətdir ki, onlar orfoqrafiya ilə orfoepiyanın sərhədlərini müəyyənləşdirə bilmirlər, söz orfoqrafiyada necə yazılırsa, elə də tələffüz edirlər. Amma biz Aydın Qaradağlının ifasında səslənən bu kiçik parçada orfoepiyanın normalarına nə qədər riayət olunduğunun şahidiyik. Səs, diksiya nə qədər aydın olursa, diktor da o qədər çox dinləyici auditoriyası toplaya bilir. Səs insana Allah tərəfindən verilən bir vergidir. O hər adamda olmur. Məsələn, Aydın Qaradağlı kimi adamlar yüz ildən bir gələr, ya yox. Elə adamlar var ki, onun nəzəri hazırlığı var, Azərbaycan dilinin orfoqrafiya qaydalarını bilir, amma səsi o səs deyil. Sənət yoldaşlarından biri deyirdi ki, Aydın Qaradağlının səsindən Azərbaycan xalqının ətri gəlir. Onun dilində bir bıçaq itiliyi, eyni zamanda bir gülün təravəti var. Hər bir aparıcı elə kəsərli danışmalıdır ki, qarşı tərəfi ram edə bilsin, istənilən informasiyanı qarşı tərəfə çatdıra bilsin. Eyni zamanda onun elə zərif qəlbi olmalıdır ki, sözlərlə nəfəs alsın, sözün yükünü düzgün çatdırmağı bacarsın”.

Sabir Ələsgərov: “Cürbəcür xəbərlər var: xoş xəbərlər, bəd xəbərlər var... Onu bir-birindən ayırmaq lazımdır. Amma indiki aparıcılar hamısını eyni tonda oxuyur. Sözün deyilişi ilə, üzün mimikası ilə xəbəri tamaşaçıya çatdırmaq lazımdır”.

Buludxan Xəlilov: “Elədi, Sabir müəllim, diktor, aparıcı xəbərin məzmununa varmağı bacarmalıdır. İndi əksər aparıcıların səsində, nitqində monotonluq var. Bəzən informasiyanı avtomat sürəti ilə elə iti deyirlər ki, informasiyanı qəbul edən dinləyici onu həzm edə bilmir. Aparıcı, diktor qarşı tərəflə canlı ünsiyyətə girməyi bacarmalıdır. Təəssüf ki, indi bizdə belə məktəb yoxdur”.

APA TV-nin aparıcısı Nəsimi Nəbizadə bildirib ki, o, Azərbaycan televiziyasına gələndə 22 yaşı vardı və Sabir müəllimin tələbəsi olub: “Bu bir estafetdir. Biz bünövrəsi çox illər əvvəldən qoyulmuş bir məktəbin sonrakı məzunlarıyıq. Təbii ki, yaxşı aparıcılarımız da var, amma çox təəssüf ki, Azərbaycan televiziyalarında o məktəb hal-hazırda yoxdur. Televiziya Akademiyası qurular, başqa-başqa kurslar ola bilər, amma heç nə əsl peşəkarların öyrətdiyi həmin məktəbin yerini vermir. O vaxtlar bizim nəslin üstündə əsirdilər, biz 700-800 nəfərin içərisindən seçilmişdik. Bu, başdansovdu müsabiqə deyildi”.

Sabir Ələsgərov: “Müsabiqədə 400-500 adam iştirak edirdi, içindən 40 nəfər, sonra isə 4-5 nəfər seçirdik. O adamlar isə 7-8 ay, bəzən bir il efirə çıxmırdılar, təcrübəçi diktor maaşı alırdılar, sonra təqdimat yazırdıq ki, artıq hazırdır, ştata götürmək olar”.

Nəsimi Nəbizadə: “Həqiqətən, səsin üzərində o qədər işləyirdilər ki... Məsələn, eləsi vardı ki xarici görünüşü vardı, amma səsi yoxdu. Bu insanlar səsi düzəldirlər, cilalayırdılar”.

Buludxan Xəlilov: “Bizim yazıçı və şairlərin sevilməyində diktor və aparıcıların rolu var, çünki onların yaradıcılığını sevdirən həmin diktorların sevimli səsləri idi. İndi isə həm görkəmdə, həm də səsdə bir monotonluq var. Aparıcıların böyük əksəriyyətinin səsini müəyyənləşdirmək mümkün deyil. İndi kiməsə irad tutanda xətrinə dəyir. Ancaq Həsən Əbluc yazırdı ki, bir dəfə ekranda mətni oxuyanda səhvə yol vermişdim. Aydın Qaradağlı mənə əsəbiləşdi, tənbeh elədi, amma biz ondan inciməzdik, bilirdik ki, səmimi tənqiddi, bizim xeyrimizədir. Buna hazır olmaq lazımdır. İndi diktorları yetişdirən məktəb varmı? Dünya görünüş dünyasıdır, kitabdan daha çox, televiziyaya baxırlar və insanlar nəyi görürsə, onu da qəbul edir. Aparıcılar var ki, illərlə bədii ədəbiyyat oxumur. Bəzi aparıcıların dilinin lüğət tərkibi yoxlanılsa, 250-300 sözdən ibarətdir”.

Nəsimi Nəbizadə:APA TV-nin özündə çox yaxşı qələmi olan xəbər jurnalistlərimiz var, amma öz məhsulu çatdırmaqda çətinlik çəkir, çünki usta əlinə düşməyib. Fikri asan dildə tamaşaçıya çatdırmaq lazımdır”.

Buludxan Xəlilov: “Asan dildə fikrini ifadə etməyin özü bir istedaddır. Asan danışmaq, asan yazmaq, asan fikir ifadə etmək aydın təfəkkürə malik olmaq deməkdir. İnsan hər hansı bir informasiya haqqında hər hansı bilgiyə malik olursa, onu aydın təfəkkürlə də ifadə edir. İnsan hər hansı informasiyanı qaranlıq çatdırırsa, demək o informasiya onun özünə aydın deyil. Aydın Qaradağlı radio diktoru idi. Diktor görünmür, ona görə də səsi insanlara elə təsir eləməlidir ki, dinləyicin ələ ala biləsən. Ona görə də radio diktoru daha məsuliyyətlidir”.

Sonda Sabir Ələsgərov bildirib ki, ən böyük peşəkarlıq öyrənməkdən keçir: “Cavanlara deyirəm ki, öyrənin, mən bu yaşımda da öyrənirəm, öyrənmək ayıb deyil. Öz üzərinizdə çalışın, oxuduğunuz mətnə yaxşı fikir verin, onu mənimsəyin, qavrayın, sonra çatdırın”.

Buludxan Xəlilov: “Peşəkar diktor olmaq üçün peşəni sevmək və öyrənmək lazımdır. Bu ikisi vəhdət təşkil edirsə, istənilən şəxs peşəkar diktorluqla bağlı arzusuna çatacaq”.

Verilişin sonunda Aydın Qaradağlının səsi ilə daha bir şeir parçası səslənib.

# 1273 dəfə oxunub

Müəllifin son yazıları

# # #