Kinorejissor Hüseyn Seyidzadənin yaradıcılıq otağının açılışı keçirildi

Kinorejissor Hüseyn Seyidzadənin yaradıcılıq otağının açılışı keçirildi
2 avqust 2019
# 18:20

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında tanınmış kino xadimlərinin vaxtilə çalışdıqları iş otaqlarının yaradıcılıq otaqlarına çevrilməsi ilə bağlı təşəbbüs həyata keçirilir.

Kulis.az xəbər verir ki, 2 avqust - Milli Kino Günündə “Azərbaycanfilm” kinostudiyada Əməkdar incəsənət xadimi, görkəmli kinorejissor Hüseyn Seyidzadənin (1910-1979) yaradıcılıq otağının açılış mərasimi oldu.

Tədbirdə çıxış edən kinostudiyanın direktoru, Əməkdar incəsənət xadimi Müşfiq Hətəmov bütün kino işçilərini Milli Kino Günü münasibətilə təbrik etdi. Bildirdi ki, “Azərbaycanfilm”in binası təkcə istehsal sahəsi deyil, həm də böyük bir mədəniyyət mərkəzidir ki, burada böyük bir tarix yaşayır: “Bu gün növbəti yaradıcılıq otağının açılış mərasimidir. Bilirsiniz ki, bundan əvvəl görkəmli rejissorlarımız Rasim Ocaqov və Tofiq Tağızadənin çalışdığı otaqların açılış mərasimi olub. Kinostudiyada muzey-otaqlar kimi fəaliyyət göstərən bu məkanlar korifey sənətkarların yaradıcılığı, iş prosesi barədə təsəvvür yaratmaqla yanaşı, onların xatirəsinin əbədiləşdirilməsinə xidmət edir. Əslində, kinostudiyanın hər bir otağı kino tariximizi özündə yaşadan məkandır”.

Müşfiq Hətəmov yaxın gələcəkdə unudulmaz kino xadimlərimiz Həsən Seyidbəyli, Əlisəttar Atakişiyev və Leyla Bədirbəylinin yaradıcılıq otaqlarının açılışının nəzərdə tutulduğunu, bu ənənənin davam etdiriləcəyini vurğuladı.

Kino tədqiqatçısı, Əməkdar incəsənət xadimi Aydın Kazımzadə Hüseyn Seyidzadənin Azərbaycan kinosundakı xidmətlərindən söz açdı. Bildirdi ki, dünyaca məşhur hind aktyor və rejissoru Rac Kapur Bakıya gələndə rejissorun filmlərini izləmiş, çox bəyənmiş və onu Hindistana dəvət etmişdi. Hüseyn Seyidzadə isə “Mən hələ öz ölkəm üçün çox az filmlər çəkmişəm və xalqıma xidmət etməliyəm” deyib səfərdən imtina etmişdi.

Aydın Kazımzadə çıxışında “Yenilməz batalyon” filminin ərsəyə gəlməsindən, Xalq yazıçısı Qılman İlkin və Hüseyn Seyidzadənin yaradıcılıq əlaqələrindən söz açdı. Qeyd etdi, rejissor yaradıcılıq imkanları geniş olsa da, cəmi beş film ərsəyə gətirib.

Xalq artisti, kinorejissor Oqtay Mirqasımov layihənin təşəbbüskarlarına minnətdarlığını ifadə etdi, Hüseyn Seyidzadəni qeyri-adi rejissor kimi səciyyələndirdi: “Azərbaycan kinosu tarixində Hüseyn müəllimin özünəməxsus xidmətləri var. O, mənim üçün xüsusi rejissordur. İstərdim ki, Azərbaycan kinosunun tarixi fənni tədris edilərkən Hüseyn Seyidzadənin filmləri dərs vəsaiti kimi nümayiş olunsun. Hüseyn müəllimin sənətkar kimi filmlərdə nizamı, montajı, kadrda estetikası tamaşaçını heyran edir. Onun filmlərində saxtalıq görmək mümkün deyil və bu, böyük sərvətdir”.

Kinoşünas, Əməkdar incəsənət xadimi Ayaz Salayev xatirə otaqları ənənəsinin davamlı olmasını təqdir etdi. Dedi ki, bu otaqları ziyarət edən məktəblilər və “Azərbaycanfilm” kinostudiyasında çalışan gənc rejissorlar bilməlidirlər ki, bu bina, həqiqətən, bir sənət məbədidir. Bu otaqlarda neçə-neçə korifey insanların düşüncələri, sevə-sevə izlədiyimiz filmlərin yaranma tarixçələri yaşayır: “Bu binada yüzlərlə sevilən filmlər, rejissorlar, operatorlar, rəssamlar, aktyor və aktrisalar çalışaraq öz yaradıcılıqlarını, təfəkkürlərini sərf ediblər. Xatirə otaqlarının açılışının ənənəyə çevrilməsi, korifey ustadların çalışdığı otaqların bərpa olunması gələcək üçün tarixdir. Bu gün kinostudiyanın dəhlizlərində böyük sənətkarların ruhu dolaşır. Bu otaqda da həmişə xoş xatirələr anılacaq. Gənc rejissorlar hər zaman böyük ustadların sənətini və kinomuzun tarixini unutmadan ənənələrə ləyaqətlə xidmət edəcəklər”.

Sonda Müşfiq Hətəmov kino sahəsinin inkişafına göstərdiyi qayğıya və Milli Kino Günü ərəfəsində kino xadimlərini mükafatlandırdığına görə dövlət başçısına minnətdarlığını bildirdi. Vurğuladı ki, ənənələri olan Azərbaycan kinosu daim yaşayacaq və bu sənətdə iz qoyan sənətkarların məktəbi gənc nəsillər tərəfindən davam etdiriləcək.

Qeyd edək ki, Azərbaycanın kinematoqrafiyasında Hüseyn Seyidzadənin özünəməxsus yeri var. O, sovet rejiminin qadağalarına baxmayaraq, çəkdiyi ekran əsərlərində tarixi gerçəkliyi obyektiv şəkildə təqdim etməyə çalışıb. Hüseyn Seyidzadənin ekran həyatı verdiyi “O olmasın, bu olsun” (Azərbaycanda ilk rəngli film”), “Koroğlu” (ilk genişekranlı film), “Yenilməz batalyon”, “Dəli Kür”, “Qayınana” bədii filmləri bu gün də tamaşaçıların sevə-sevə izlədiyi ekran əsərləridir.

Görkəmli rejissor həmçinin “Sovqat” (rejissor H.Bədəlovla birgə) qısametrajlı bədii, “Əbədi Odlar diyarı” və “Doğma xalqımıza” (rejissor Y.Fridlə birgə) sənədli filmlərinin müəllifidir.

# 1971 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #