“Bu, Azərbaycan ədəbiyyatı üçün tarixi fürsətdir” – Fransadan xoş xəbər

“Bu, Azərbaycan ədəbiyyatı üçün tarixi fürsətdir” – Fransadan xoş xəbər
26 iyul 2019
# 12:14

Strasburqda fəaliyyət göstərən “Kəpəz” nəşriyyatı ilə dünyaca məşhur “Hachette distribution et diffusion” yayım şirkəti arasında müqavilə bağlanıb.

Nəşriyyatdan Kulis.az-a daxil olan məlumata görə, şirkət onlara verilən spesifik təklifləri bəyənib və “Kəpəz”lə əməkdaşlığa razılıq verib.

Nəşriyyat post-sovet ölkələri, o cümlədən Azərbaycan və Asiya ədəbiyyatının Fransa ədəbi mühitinə çıxaracağını və bu nümunələrin maraq doğuracağını bildirir.

Məsələ ilə bağlı “Kəpəz” nəşriyyatının rəhbəri Nicat Kazımov bunları söyləyib: “Xırda və yerli şirkətlər bizlə işləmək istəyirdi, bizimsə hədəfimiz Fransanın bir nömrəli şirkəti idi. Uzun danışıqlardan sonra buna nail ola bildik.”

Nicat bəyin sözlərinə görə, “Dalloz”, “Albin Michel”, “Disney” kimi dünyaca məşhur nəşriyyatlarla işləyən şirkət hər nəşriyyatı qəbul etmir:

“Gördüyümüz bütün işlərlə tanış oldular, çəkilişlərimizə baxdılar, marketinqimizi yoxladılar, 13 mərhələdən keçirdilər və nəhayət müqaviləni göndərdilər.”

Xatırladaq ki, “Hachette distribution et diffusion” şirkəti ilə əməkdaşlıq 70 min kitab mağazasına, eyni zamanda Kanada və digər fransızdilli ölkələrə çıxmaq imkanı qazandırır. Üstəlik, medianın daimi diqqətinə olmaq fürsəti verir.

Bundan əlavə, “Kəpəz”də nəşr olunan kitablar avtomatik olaraq məşhur müsabiqələrə göndəriləcək, metrolarda, dayanacaqlarda böyük posterlərlə reklam olunacaq və s.

Nicat Kazımov sözünün sonunda adı gedən şirkətlə əməkdaşlığı Azərbaycan ədəbiyyatı üçün tarixi fürsət adlandırıb.

# 2186 dəfə oxunub

Müəllifin son yazıları

# # #