Hərb və sülh: pasifizm, vətənpərvərlik, ədalət və qəhrəmanlıq haqqında

Hərb və sülh: pasifizm, vətənpərvərlik, ədalət və qəhrəmanlıq haqqında
26 iyun 2019
# 11:17

Kulis.az Şəhla Aslanın “Hərbi bilik” məqaləsini təqdim edir.

Müasir sivilizasiya dəyərləri bizə daim təbliğ edir ki, ətrafımızdakı insanlarla intizamla rəftar edək, başqaları ilə sülh şəraitində fəaliyyət göstərək. Vuruşmağa, dalaşmağa meyilli adamlara qarşı antipatiya yaradan tərbiyə üsullarında, bu barədə yazılan kitablarda uğura nail olmuş adamlar simpatik, mehriban, üzüyola şəxslər kimi nümunə göstərilir. Lakin reallıqda müharibə, qarşıdurma, təcavüzlə rastlaşdıqda belə vəziyyətlərə qətiyyən hazır olmuruq. Belə müharibələr isə müxtəlif səviyyələrdə daim bizi izləyir. Hər bir adamın düşməni, rəqibi olması faktını inkar etmək mənasızdır. Getdikcə amansızlaşan dünyada rəqabət hissi hökmrandır. Bu rəqabət mühitində strategiya hər şeydən önə çıxır. Dünyaca məşhur strategiya nəzəriyyəçisi Helmut fon Moltke xüsusilə vurğulayıb ki, strategiya elmdən də artıqdır. Buradan belə məticə çıxarmaq olmaz ki, insanlar sülh ideallarına layiq olmayan mənfur varlıqdır. Nəzərə alaq ki, hər birimiz təcavüzlə rastlaşdıqda hər vasitə ilə dəf etməyə çalışırıq. Çox-çox qədim dövrlərdə müharibələr şəxsi qəhrəmanlıq nümunələri hesabına nəticələnirdisə, indi hətta qalib gəlməyin özü də təhlükəlidir. Azərbaycan ordusunun aprel döyüşlərindəki uğurları buna gözəl sübutdur. Məgər ordumuz Ermənistanı qısa müddətdə darmadağın etməyə qadir deyilmi? Qadirdir. Ancaq dünyadakı real güclərlə hesablaşmaq lazımdır. Azərbaycanın balanslaşdırılmış hərbi siyasəti müasir şəraitdə ən optimal gedişdir. Balanslı siyasət aparılır, eyni zamanda ordu quruculuğu həyata keçirilir, hərbi qüdrətimiz durmadan yüksəlir. Bu, prioritet vəzifə kimi ölkə rəhbərliyi tərəfindən əsas götürülüb.

Qeyd edək ki, 1991-ci ilin sentyabrın 5-də “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin yaradılması” haqqında Fərman verilib. 29 sentyabr 1991-ci ildə “Azərbaycan Respublikası Müdafiə Şurasının yaradılması”, 12 mart 1992-ci ildə “Azərbaycan Respublikası Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikası Qanunları təsbit olunub. Həmin illərdə ordunun pərakəndəliyi, daxili çəkişmələr, torpaqlarımızın xarici qüvvələr hesabına işğal olunması yeni tipli Ordu quruculuğunu bir zərurət kimi gündəmə gətirdi. Sözügdən sahədə vəziyyətin kritik hal almasını müşahidə edən Ulu öndər Heydər Əliyev dünya praktikasını seçdi. Sitat: “Əgər biz dünya təcrübəsindən istifadə etməsək, çox irəli gedə bilmərik”.

Məhz bu səbəbdən Azərbaycan ordusunun modernləşdirilməsi siyasəti əsas götürüldü. Müasir səviyyəli Azərbaycan Ordusu 26 noyabr 1993-cü ildə “Müdafiə haqqında”, 6 yanvar 1994-cü ildə “Hərbi vəziyyət haqqında”, 6 yanvar 1994-cü ildə “Sərhəd qoşunları haqqında”, 8 fevral 1994-cü ildə “Daxili qoşunların statusu haqqında” verilmiş fərmanlarla formalaşdı. Hərbi xərclərə ayrılan vəsaitin hər il artırılması hesabına yeni-yeni döyüş texnikası ilə təmin olunan Azərbaycan Ordusunun qüdrəti artıq dünyaya bəllidir. Prezident İlham Əliyevin sözləri ilə desək, hərbi xərclər bizim büdcə xərcləri arasında birinci yerdədir.

Eramızdan 4 əsr əvvəl Çin klassiki Sun-Tszi “Hərb sənəti barədə traktat” adlı bir əsər yazıb. Bütün dövrlərin ən böyük strateqi kimi tanınan bu müəllif ən az itki ilə qalib gəlmək yollarını göstərib və bu yolu ən uğurlu hesab edib. Qeyri-ənənəvi üsulların tətbiqi, partizan müharibəsinin, terrorun, hiyləgərliyin və s. strategiyaların yolverilən olması faktı zaman keçdikcə dəyişmir. Onun bu fikri sonralar siyasətlə də uzlaşdırılmağa çalışıldı. Belə ki, siyasətdə mövcud olan “pasifizm” termini hər cür, hətta milli-azadlıq müharibəsini də inkar edir. Lakin o, sağlam düşüncə tərzi deyil. Biz qüdrətli güclər qarşısında geri çəkilsək, tarix səhnəsindən yox olmaq ehtimalını sürətləndirə bilərik. Lakin geri çəkilməmək o demək deyil ki, gücünün yetmədiyi düşmənlə vuruşa girib labüd məhvə doğru gedəsən. Bunun parlaq nümunəsini Hindistanın milli-azadlıq hərəkatının rəhbəri Mhatma Qandinin timsalında görmək mümkündür. O, yeni hərbi hiyləgərlik tətbiq edərək “müqavimət göstərməmək” strategiyasından istifadə edib, eyni zamanda, ingilislərin sülhsevər hindlilərlə vəhşicəsinə rəftarını dünyaya göstərib. Əlbəttə, bu üsul ermənilərin mazoxizm kimi çirkin üsulundan tam fərqlidir və təməlini L.Tolstoyun dini-fəlsəfi nəzəriyyəsindən öyrənmək olar. Orada zülmün qarşısının, ona itaət etməklə almaq barədə asan, qansız, lakin təsirli yollar göstərilir. Lakin sülh yolu nə qədər əlverişli olsa da, nəticə verməzsə, müharibə qaçılmaz olur. Müharibənin isə varvarlıq kimi qəbul edilməsi kökündən yanlış fikirdir. Rəqabətin, zorun, təcavüzkarlığın hökmran olduğu bütün dövrlərdə sakit, dinc, sülh şəraitində yaşamaq üçün ya müharibə etməli, ya da müharibə edib qalib gəlməyə qüdrəti çatan orduya sahiblik sübut edilməlidir.

Bütün canlılar yaşamaq uğrunda bir-biri ilə mübarizə aparır. İnsan da təbiətin bir parçasıdır. Amma bizdə başqa canlılardan fərqli olaraq əlavə insani hisslər də mövcuddur. Bu hisslər çox vaxt bizim xeyrimizə işləsə də, bəzən maneçilik də törədir. Məsələn, qorxu hissi. Qarşıdurma zamanı yaranan qorxu hissi güclü tərəfi daha da gücləndirir. Çünki, qorxan tərəf vahimə nəticəsində düşməni olduğundan daha güclü, özünü isə olduğundan daha zəif görür, mübarizənin taleyini qarşı tərəfin xeyrinə müəyyənləşdirir. Nitsşe deyib ki, müharibə aparmaq həm pis, həm də yaxşı işdir. Ona görə pisdir ki, o, qalibi axmaq edir, məğlubu isə acıqlandırır. Yaxşı cəhəti isə budur ki, insanları vəhşiləşdirərək daha təbii edir - sanki mədəniyyət yuxuya gedir, bəşəriyyət bu vəziyyətdən daha güclü şəkildə oyanıb qalxır.

Hansı yolla olursa-olsun, gərək haqlı olduğunu özün sübuta yetirəsən. “Özünə haqq qazandırmağı bacarmayanlara başqasının haqq qazandırmağa çalışması əbəsdir”(Ralf Uoldo Emerson).

Müasir dövrümüzdə rəqabət amili daha da güclənib. Lakin açıq düşmənçilik meyillərinə nadir hallarda rast gəlinir, - onu cürbəcür üsullarla pərdələyir və don geydirilir. Düşmənçilik münasibətlərini maskalamaq naminə dostluq qurulur, altdan-altdan zərbə vurmaq, ağrılı yerləri müəyyənləşdirmək, daha sonra sarsıdıcı, həlledici zərbə vurulur. İngiliscə “enemi” (düşmən) sözü latınca “inimikus” (dost olmayan) sözündən yaranıb. Amma zaman keçdikcə bu söz xeyli siyasiləşərək az qala şeytani çalar qazanıb. Bu mənada bizə əngəllər yaradan, şəraitdən asılı olaraq düşmənə çevrilə biləcək qüvvələrin düşmən yox, rəqib kimi qəbul edilməsi daha məqsədəuyğundur.

Tarix boyu Napoleon qədər hakimiyyət kürsüsündə sürətlə irəliləyən ikinci sərkərdə olmayıb. 1793-cü ildə kapitanlıqdan briqada generalına qədər yüksəlib. 1796-cı ildə dünyanın ən güclü Avstriya ordusunu darmadağın edəndə hamı bu hadisəni taleyin zarafatı, təsadüf kimi qiymətləndirib. Lakin hərb yollarında sürətlə irəliləyən, stereotipləri novatorcasına dağıdan yeni qüvvənin imkanlarını, təcrübəsini öyrənmək əvəzinə Avstriya generalları öz şanlı keçmiş və döyüş təcrübələrinə arxayın olaraq onu saya saymayıblar. Nəticədə Prussiya imperiyası uşaq oyuncağı kimi dağılıb. 1806-cı ildə prussiyalılar reallıqla hesablaşaraq anlayıblar ki, onlar azı əlli il geridə qalıblar. Ordunun əsgərləri döyüş meydanında, paradda öyrəndikləri fəndləri eyniliklə təkrarlamağa qadir idi. Napoleonun novator taktikasını, sürətli və mobil dəstələrinin vuruş fəndlərini öyrənmək üçün prussiyalılara neçə il lazım idi. Həqiqət göz önündə idi. Amma həqiqətə göz yuman Prussiya labüd məhvə məhkum oldu. Mao Tsze Din yazıb: “Əgər rəqibinlə apardığın təkbətək döyüş uzanır və sonu görünmürsə, onda tamamilə yeni, gözlənilməz metod tətbiq etmək lazımdır. Döyüşdə hərəkətsizlik davam edərsə, iş dalana dirənərsə, taktikanı dəyişdirərək yeni üsul tətbiq etsən, uğur səninlə olacaq”.

Tarixdən bizə məlum olan ən böyük sərkərdə və strateqlər həddən artıq hərbi biliklərinin hesabına yox, yalnız zərurət anlarında hər şeyi bir kənara qoyub ətrafda baş verənlər üzərində fikirlərini cəmləşdirə bildiklərinə görə öz qabiliyyətlərini göstərə biliblər. Yalnız o vaxt yaradıcılıq qığılcımları alışır, qeyri-standart qərarlar, novator ideyalar yaranır. Bilik və təcrübə müəyyən sərhədlərə qədər yararlıdır. Hərbçi əvvəldən nə qədər düşünsə də, bu onu müharibə xaosuna, sonsuz imkanlar kaleydoskopuna hazırlaşdıra bilməz. Yalnız hər şəraitə uyğun qərar verə bilmək bacarığına malik olan sərkərdə ordunu qələbəyə doğru aparmaq iqtidarındadır.

Türk milləti lap qədimdən üzü bəri özünə ciddi rəqib görmədiyi üçün tam arxayın yaşayıb. Yer kürəsinin ən cənnət guşələrində məmləkətlər, xaqanlıqlar quraraq firavan yaşayan türklər, necə oldu ki, zəif, satqın ermənilərin əlində zəlil qaldı? Həmişə özündən güclü düşmənlə yola getmək üçün ən optimal yol kompromisdir. Lakin ermənilərin tarixinə yaxşı bələd olan hər kəs bilir ki, onların iddiaları sonsuzdur və bu yolda qarşılarına çıxa biləcək millətləri zaman-zaman tərksilah etmək yaddaşında yazılıb. Bu xüsusiyyət hamı üçün vacibdir. Onlarla bizim aramızda heç bir ümumi cəhət yoxdur və kompromisə getməyə ümid bağlamağa dəyməz. Dövlətimizin siyasətində də daim vurğulanır ki, işğal olunmuş ərazilər güzəşt edilmədən geri qaytarılmalıdır. Hər bir vətəndaş elə düşünməlidir ki, qarşısındakı zəif düşmən yox, məcazi mənada Napoleon qoşunu dayanıb, silahı yerə qoymaq, bu müqəddəs vəzifəni başqasına həvalə etmək olmaz.

Müharibəyə hazırlaşan xalq düşmən barədə şüurundakı mif və səhv təsəvvürlərdən azad olmalıdır. Strategiya, özlüyündə ideyalar yığını, kulinariya resepti kimi hərbi nəzəriyyəyə ardıcıllıqla əməl edilməsi vacib qaydalar deyil. Qələbə üçün heç bir sehrli düstur yoxdur. Torpağa verilən gübrə kimi, ideyalar da şüurda yeni imkanlar yaradır, lazımi anlarda uyğun hərəkət və reaksiyaya sövq edir. Məğlub olan tərəf döyüşdən sonra harada səhv etdiyini, nəyi düzgün həyata keçirmədiyini düşünür. Elə problem də bundadır: biz həmin vaxt bilik və məlumatımızın azlığı qərarına gəlirik. Nə qədər çox kitabları, nəzəriyyələri, düşüncələri araşdırsaq, vəziyyət bir o qədər qəlizləşər. Avraam Linkolnun sözləri ilə desək, “mənim ən böyük hiyləgərliyim, hiyləgərlik etməməkdən ibarətdir”. Əvvəlcədən hər şeyi düşünmək heç kəsə ekspromtluq sənətini öyrədə bilməz. Ona görə də, dəyişən şəraitə adaptasiya qabiliyyəti nə qədər yüksəkdirsə, uğur ehtimalı bir o qədər çoxdur. Təsəvvür edək ki, taktika bir çaydır. Bu çay nə qədər sürətlə axırsa, enerjisi bir o qədər çoxdur. Keçmişə bağlı düşüncələr isə sualtı qaya parçası, yaxud palçıq kimi maneələr yaradır, sürətli sel axını zəifləyir, bataqlığa çevrilir. Napoleondan soruşanda ki, müharibədə başlıca olaraq hansı prinsipi gözləyirsən, belə cavab verib: “Heç bir prinsip gözləmirəm”. Onun dahiliyi dəyişən hadisələrə həssas reaksiya verə bilmək bacarığından ibarət idi.

İkinci Dünya müharibəsi zamanı Şimali Afrikada almanlara qarşı vuruşan ingilislər tank döyüşləri sahəsində qarşı tərəfdən xeyli üstün imiş. Lakin tez bir zamanda taktiki metodları təkmilləşdirən amerikanlar bu sahədə ingilisləri arxada qoyub. Bunu hətta alman ordusunun baş komandanı, dahi feldmarşal Ervin Rommelin özü də qeyd edib. Amerikalılar ingilislərə sübut ediblər ki, “öyrəndiklərini dəyişməkdənsə, əvvəlcədən düzgün öyrənmək daha asandır”.

Vyetnam müharibəsi zamanı general Vo Nquen Dyap isə hər bir uğurlu əməliyyatdan sonra zabit heyətinə buraxdığı səhvləri başa salır və həmin döyüşü tam gözdən salırdı. Nəticədə öz uğurları ilə öyünməyərək bir dəfə istifadə etdiyi strategiyadan heç vaxt yararlanmaz, hər situasiyaya yeni baxışla nəzər yetirərmiş.

Müdafiənin keçmiş zamanlarda ən geniş yayılmış üsulu qalalar içərisinə sığınmaq olub. Elə indi də sərhədləri güclü şəkildə qorunan ərazilər qalanı xatırladır. Əgər əvvəllər düşməni məhv etmək üçün qala divarlarını dəf etmək tələb olunarmışsa, indi sərhədləri gizli, yaxud aşkar şəkildə yarıb içəri nüfuz etmək qələbəni şərtləndirən başlıca amil olaraq qalır. Qala divarlarını dağıtmaq üçün əsrlərlə yeni-yeni ixtiralar – nərdivanla dırmaşmaq, mancanaqlarla içəriyə daşlar atmaq, lağım qazmaq, mühasirəyə alıb düşməni ac-susuz saxlamaqla müqaviməti qırmaq və s. üsulların yalnız qısa müddət effekti olarmış. Əks tərəf alternativ tədbirləri təkmilləşdirdiyi üçün daha novator üsullar axtarılıb. Onlardan biri ismaililərin Ələmut qalasını qansız-qadasız, dinc şəraitdə ələ keçirməsi üsuludur. Maraqlıdır ki, 1968-ci ildə Şimali Vyetnam döyüşçüləri Amerikanın istehkam kimi qoruduğu Xuye şəhərini həmin üsulla fəth edib. Onların “Lotos çiçəyi” adını verdikləri bu strategiyanın kökləri qədim türklərin hərbi ənənələrinə gedib çıxır. Qorxulu düşmənin dəhşətli görüntülərinə fikir vermədən az bir qüvvə ilə müdafiə olunan əraziyə nüfuz etmək, obrazlı desək, gülün müdafiəsi zəif olan mərkəzini ələ keçirmək kifayət edir. Burada məqsəd, istənilən vasitələrlə mərkəzi hissədə çaşqınlıq yaratmaq, həyəcan toxumu səpməkdir. Bütün hadisələrin mərkəzdən başlanması lotos çiçəyinin açılmasına bənzəyir. Həm də mərkəzdəkilər öz yoldaşlarına qiymətli informasiyalar, düşmənin zəif yerləri barədə məlumatlar göndərirlər və nəticədə bircə zərbə ilə struktur öz daxilində laxlayaraq dağılır.

Troya atı barədə olan əhvalatı yada salaq. Bizim nə qədər igid oğullarımız düşmənə sezdirmədən gedib işğal olunmuş ərazilərdəki evlərinə, ata-anasının qəbirlərinə, doğma yerlərinə baxmış, şəkillərini çəkib gətiriblər. Halbuki, yeri gələndə bu üsuldan sistemli şəkildə istifadə etmək üçün həmişə potensialımız var. Axı ora bizim öz yurdumuzdur!

Ələmut qalasının necə alınmasına qayıdaq. İsmaili təriqətinin rəhbəri Həsən özünün inqilabi və missioner niyyəti üçün daim əlçatmaz qala axtarıb ki, öz təsirini oradan bütün Səlcuq imperiyasına yaysın. 1088-ci ildə o, Elbrusun mərkəzindəki məşhur Ruzbar zonasında olan qayalar üzərində ucaldılmış Ələmut qalasını gözaltı edib. Səlcuq sultanı Malik şahdan Mehdi adlı bir şiəyə bəxşiş kimi verilən bu qalanı Həsən öz strateji bacarığı sayəsində ələ keçirib. Əvvəlcə öz köməkçisi Hüseyni kiçik bir dəstə ilə qala ətrafı kəndlərə göndərərək bir neçə kənddə ismailizmi təbliğ edib, sonra Ələmut qalası əsgərləri arasında bu təriqətin toxumunu səpib. Nəhayət, 1090-cı ildə Həsən özü gizli şəkildə qalaya gedib. Mehdi hiss edəndə ki, Həsənin özü artıq qalanın içindədir və orada xeyli tərəfdarı var, səssiz şəkildə Ələmutdan çıxıb.

Günahsızlığın özü ən böyük silahdır. Hindistanı ingilis müstəmləkəsindən azad etmiş Mhatma Qandi hind xalqının günahsız olduğunu, zora, zülmə məruz qaldığını dünyaya çatdıra bildiyi üçün buna nail olub. Bu strategiyanın elmi şəkildə əsaslandırılması məhz ona aiddir. O, hələ 1906-cı ildə Afrikada vəkil işlərkən rejimə etiraz etməyin passiv formasını incəliklərinə qədər tədqiq edib. 1930-cu ildə isə kiçik bir dəstə ilə nümayişə çıxdı tərəfdarlarının döyülməsini, özünün həbs olunmasını bütün dünyaya çatdıraraq hər yerdə həyəcanı coşdurub. Mhatma Qandinin “Duz yürüşü” sonun başlanğıcı oldu, - ingilislər çoxdan gözlədikləri azadlığı onlara təqdim edərək Hindistandan çıxdılar.

Bu mənada Azərbaycan hökumətinin uğurlu xarici siyasəti, diplomatik korpusların, diaspor təşkilatlarının, internet resurslarının, mətbuat nümayəndələri və jurnalistlərin gördükləri işləri xüsusilə qeyd etmək lazımdır. İndiki vəziyyətdə heç bir xüsusi strategiya, düşməni içəridən zəiflətmək üçün terror və ya təxribatdan söhbət getmir. Hərçənd ki, müharibə şəraitində bütün üsullardan istifadə edərək rəqibi sarsıtmaq məqbuldur. Amma Azərbaycan həqiqətlərini, erməni təcavüzkarlığını olduğu kimi həm dünyaya, həm öz vətəndaşlarımıza, həm də sadə erməni kütləsinə çatdırmaq kifayət edər. Ordumuzun gözlənilən hərbi uğurlarını haqq işi uğrunda mübarizə kimi anlatmaq çox vacibdir. Müharibə şəraitində sərkərdələrin işlətdiyi hərbi taktikadan biri də “Az-az dişləmək” strategiyası adlanır. Kiçik-kiçik parçalar, ərazilərə və uğurlara nail olmaq strategiyası çox effektlidir. Elə aprel döyüşlərində Azərbaycan Ordusunun uğurlu əməliyyatının sübutu kimi Cocuq-Mərcanlı bu gün dediklərimizə canlı sübutdur. Belə əməliyyatları zaman-zaman, müntəzəm şəkildə həyata keçirməklə, Azərbaycan Ordusu real vəziyyəti kökündən dəyişməyə qadirdir. Çünki bir neçə bu cür əməliyyatdan sonra düşmənin əhval-ruhiyyəsində və dünya ictimaiyyətinin baxışlarında güclü dəyişiklik yaranır, elə bir an gəlib çatır ki, təcavüzkarların içində ruh düşkünlüyü, qarşı tərəfin qələbəyə iddialı olması barədə fikir formalaşır.

Hücum edən təcavüzkar tərəf öz niyyətini, planlarını açmaqla çox böyük riskə yol verir. Əksinə, təcavüzə məruz qalan tərəfin itkiləri olsa da, müharibənin sonrakı gedişində bir sıra əhəmiyyətli üstünlüklər qazanır; əvvəla, o, öz daxili hərbi planlarını sirr kimi qorumuº, ikincisi də təcavüzə məruz qalan və öz torpaqlarının müdafiəsinə qalxmış haqq işi uğrunda mübariz kimi status qazanır. Hətta bütün dövrlərin mahir strateqləri olan Napoleon Bonapart, Lourens, Ervin Rommel, Mao Tsze-dun, Makedoniyalı Filipp də döyüşü ilk başlamaqdan daim çəkinər, düşməni qıcıqlandıraraq hücuma keçməyə təhrik edərmişlər. Sərt, düzxətli hücumdan sonra isə daha aldadıcı, hərtərəfli düşünülmüş əks-hücum başlanır. Əks-hücum ən qədim və hərbi işdə əsas effektiv strategiyadır. Uğurlu əks-hücumun sirri düşməni qıcıqlandırıb özünü təmkinli aparmaqdan ibarətdir. XVI əsrdə Yaponiyada “Sinkaqyo ryu” (bədənsiz kölgə yolu) adlandırılan novator döyüş üslubu geniş yayılıbmış; əlbəyaxa döyüşdə iştirak edən döyüşçü rəqibin bütün hərəkətlərini güzgü kimi təkrarlayır. Bu isə rəqibi hirsləndirər, hövsələdən çıxararmış. Nəticədə rəqib səhv buraxar, yaxud diqqəti zəifləyərmiş. Onda samuray cürətlə həmlə edərək öldürücü əks-hücuma keçərmiş. Elə döyüş ruhuna görə Napoleon özündən üçqat artıq güclü ordulara qalib gələrmiş. Ümumilikdə düşmənə qarşı ümumi nifrət hissi mövcuddursa, bu amil ordu sıralarının daha möhkəm sıxlaşması üçün yetərli faktordur.

Yenidən tarixə baş vuraq. Çin mədəniyyətində “Tsiyə inam” adlı bir əqidə mövcuddur. Bu elə bir enerjidir ki, bütün canlılarda mövcuddur və ayrı-ayrı adamlardan əlavə həm də bütün kollektivi ruhlandırmağa qadirdir. Hər toplumun öz xarakterik “tsi” enerjisi var. Qrupun lideri isə bu enerjini hiss edib onunla manipulyasiya etməlidir. Aydın məsələdir ki, əsgərlər boş qalıb ölgünləşəndə döyüş ruhu aşağı düşür. Əgər ordu uzun müddət müdafiə mövqeyi tutursa və uzun müddət fəaliyyətsiz qalıb düşmənin özünü necə aparacağını izləyirsə, bu vəziyyət “tsi”-yə öldürücü təsir göstərir. Daim hücuma hazırlaşmaq “tsi”-nin toplanmasına kömək edir. Toplanmış “tsi” isə gizli qüvvə ilə doludur.

İnsanlar öz təbiətləri etibarı ilə şəkkakdırlar. Əsgərlər alovlu nitqlərə qarşı laqeyd olur. Lakin cürbəcür səhnələr, maraqlı əhvalatlar quraşdırıb onların öz hisslərinə nəzarət etməsini zəiflədəndən sonra sevinc hisslərini asanlıqla, qəzəbə, təəccübə, qəhrəmanlığa doğru istiqamətləndirmək mümkündür. Fərdlərin idarə olunmasında əsas nəsnə qəddarlıqla xeyirxahlıq, cəza ilə həvəsləndirmə arasındakı tarazlığı yaratmaqdan ibarətdir. Həddən artıq həvəsləndirmə əsgərin ərköyünləşməsinə səbəb olursa, ifrat tələbkarlıq, ciddilik də mənəvi ruhun aşağı düşməsinə gətirib çıxarır. Qəzəb və cəza nadir hallarda tətbiq olunmalıdır - qəddarlıq ümumiyyətlə, yolverilməzdir. Onu ədalətli tələbkarlıqla əvəz etmək lazımdır. Əsgərlər komandirin təqdirini qazanmaq üçün bir-biri ilə yarışdıqda ordunun intizamından danışmağa dəyər. Qruplar barədə mif də yaratmaq faydalıdır. Belə olduqda kollektivin nüfuzuna zərər vuranlar, mundir şərəfini alçaldanlar öz yoldaşları tərəfindən mühakimə olunur. Kollektiv içərisində boş-boşuna şikayətlənib sızıldayanlar, təşviş, narazılıq toxumu səpənlər vaxtında aşkar edilib çıxdaş edilməlidir. Eramızdan əvvəl (V-IV) əsrlərdə yaşamış mahir hərbi mütəxəssis Ksenefont deyib: “Mən bir şeyə əmin oldum ki, döyüşdə say və güc yox, yalnız döyüş ruhu qələbə qazandırır”. Eradan əvvəl 218-ci ilin mayında böyük sərkərdə Hannibal Kartagendən (indiki Tunis) romalılara qarşı yürüşə başlarkən bütün ordusuna aşılaya bilib ki, missiyaları Romanın işğalçılıq hərəkətlərinə son qoymaqdır. Lakin Alp dağlarını aşanda verdikləri itki əsgərləri ruhdan salıb. Onda Hannibal yorğun, üzgün ordunu ruhlandırmaq üçün düşərgədə bir tamaşa düzəldib. Bir qrup əsiri çağıraraq əsgərlərin gözü qarşısında qladiator döyüşü təşkil etdirib. Vədə görə qalib əsgər onun ordusunda vuruşmaq imkanı qazanacaq. Bu vuruşma səhnəsi əsgərləri həvəsləndirərmiş. Sonda Hannibal başa salarmış ki, “əsirlər qələbə çalmaq üçün var qüvvələrini əsirgəmirlər. Onlar məğlubiyyətin ölümə səbəb olacağını bildikdə, hardansa güc tapırlar”. Öz əsgərlərinə müraciət edərək deyərmiş ki, “siz çox qüdrətli Roma legionlarına qarşı vuruşacaqsınız və məğlubiyyətiniz ölümünüz deməkdir”. Bu sözlərdən ruhlanan əsgərlər heç kəsin təsəvvür edə bilmədiyi cəsarətlə vuruşaraq Roma ordusunu darmadağın etdi.

Müasir dünya hücumu alqışlamır, qəbuledilməz sayır. Əks-hücumda isə belə problem yoxdur. Belə mütəhərriklik və güc verə bilən ikinci strategiya yoxdur. Matodor döyüşləri zamanı nəhəng, itibuynuzlu, qızğın öküzə yalın əllə qalib gələn adam yerindən tərpənmir, hücum edən öküz isə məğlubiyyətə uğrayır. Çünki onun hərəkətlərini izləyən adam hücum edən rəqibi diqqətlə izləyir, səhvlərindən yararlanır, yorulub əldən düşənədək hücum etməsinə şərait yaradır. Lap axırda isə bircə zərbə ilə axırına çıxır.

Geri çəkilmək heç bir halda əməliyyatın sonu hesab olunmur. Nə vaxtsa mütləq dönüb düşmənlə üz-üzə gəlmək və vuruşa girmək lazımdır. Gec-tez həlledici döyüşün olması labüddür. Necə deyərlər, müharibədə qələbə çalmaq naminə, döyüşü uduzmaq da olar. Çoxsaylı havadarlarının köməyi ilə Qarabağda müvəqqəti üstünlüyə nail olmuş erməni qəsbkarları eyforiya vəziyyətindədir. Amma həlledici qələbə, müharibənin taleyini müəyyən edəcək qələbə hələ irəlidədir. O vaxtın uğursuzluqlarını nə ordunun zəifliyi, nə də komandirlərin səriştəsizliyi kimi yozmaq düzgün deyil. Çünki, həmin dövrdə bizim mütəşəkkil ordumuzdan və peşəkar zabit heyətindən bəhs etməyimiz doğru olmaz. Heç əməlli-başlı döyüşlər də aparılmayıb. Sadəcə, Azərbaycanın siyasi həyatındakı xaosdan hiyləgərliklə istifadə edərək şayiələr, qorxutmaq, terror vasitəsi ilə əhalini qovub torpaqlarımızda məskunlaşıblar, vəssalam! Amma bu “vəssalam”ın bir “Bismillah”ı da olacaq tezliklə! Yaxın tarixdə buna oxşar hallar çox olub. Məsələn, 1967-ci ildə İsrail “Altıgünlük müharibə” adlandırılan hücum nəticəsində Sinay səhrasını ələ keçirib. Həmin ərazi İsraili Misirdən ayıran ərazi olduğu üçün zahirən uğurlu əməliyyat təsiri bağışlayıb. Lakin onu ərəblərin gözlənilməz hücumlarından qorumaq çox çətin məsələ idi. İsrailin məğlubiyyəti özünü çox gözlətmədi, elə 1973-cü ildə “Uom-Kippur müharibəsi” adlanan toqquşmada həmin ərazi geri qaytarılıb.

Müharibə etməzdən əvvəl buna dünyanın necə qiymət verəcəyi barədə diqqətlə götür-qoy etmək qorxaqlıq və iradəsizlik deyil. Nə cür olursa-olsun kommunizmin yayılmasının qarşısını kəsməyə çalışan Amerika düşünüb-daşınmadan, kor-koranə şəkildə Şimali Vyetnama müdaxilə etdi. Onlar nə müttəfiqləri olan Cənubi Vyetnamda, nə də rəqibləri olan Şimali Vyetnamda mövcud vəziyyət, siyasi durum, dini dəyərlər və s. amilləri lazım olan səviyyədə öyrənmədən vyetnamlıların müqəddəs yerlərini ələ keçiriblər. Nəticədə heç kəsin gözləmədiyi halda bir ovuc zəif, müharibə ənənələri olmayan vyetnamlılara rüsvayçı şəkildə məğlub oldular.

Müharibədə məğlub olan tərəf həmişə hücum edən tərəfi qınayır, öz hərbçilərinin səhvlərini araşdırır, toqquşmaları analiz edir, təhlillər aparır. Əsl problem isə uzunmüddətli strateji plandakı boşluqda baş verir. Bəzən uğursuz döyüşdən istifadə edərək hamının gözü qarşısında özünü doğrultmaq fayda verir; növbəti hücumda qazandığın qələbə artıq başqalarına da zərurət kimi görünür. Bunun tam əksi də ola bilər; qazandığın qələbə sənə uğur yox, ziyan gətirər. Hər şey əvvəlcədən şəraiti və zamanı diqqətlə öyrənməkdən asılıdır. Sonda uğursuzluq baş vermişsə, günahı heç kəsdə yox, yalnız hardasa səhv buraxdığını etiraf etməyə cürəti çatan strateq məsuliyyəti öz üzərinə götürərək daha inamla, daha diqqətlə hərəkata başçılıq etməli və hadisələrin başında durmalıdır.

Bütün dövrlərdə ordu intizamı əsas götürülüb. İntizam təkcə komandanın dəqiq şəkildə icra olunmasını təmin etmək məqsədi daşımır. Əsgər hiss edəndə ki, ətrafında baş verənlər nəzarət altındadır, o tək deyil və yoldaşları dar ayaqda onu atıb qaçmayacaqlar, onda orduda psixoloji cəhətdən ruh yüksəkliyi yaranır. Tarixən məlum olan bütün böyük strateqlər rəqiblərində çaşqınlıq, vahimə yaradıb sonra asanlıqla qələbə çalan komandanlar olub. Çingiz xan bu işin mahir ustası sayılıb. O, bilərəkdən dəhşət toxumu səpərək özü barədə miflərin yaranmasına rəvac verərmiş. Eyni sözləri Napoleonun mobil dəstələri, Mao Tsze-dunun partizanları barədə də demək olar. XIX əsrin məşhur hərb tarixi yazıçısı Ardan dyu Pik qeyri-adi bir fenomeni araşdırıb. Tarixə məlum olan məşhur döyüşləri araşdırarkən aşkar edib ki, əksər hallarda qalib tərəfin itkiləri məğlub olan tərəfdən qat-qat az olur. Dyu Pikin izahına görə qalib ordu strateji manevrlər sayəsində əks tərəfdə çaşqınlıq yaradır, vahiməyə düşən əsgərlər geri qaçanda asan hədəfə çevrilir. Deməli, bütün şanlı qələbələr əslində psixoloji qələbə hesabına başa gəlir. Ona görə də bu amili unutmaq olmaz. Elə son illər idman arenalarında azərbaycanlıların erməni rəqibləri üzərində danılmaz üstünlüyə malik olduqlarını qabartmaq haqq işimizə xeyir verər. Bir qrup saqqallı erməninin uşaq, qoca, qadınlar üzərində üstünlüyü hara, Mübariz İbrahimovun təkbaşına postu qoruyan erməniləri qıra-qıra geri qovması hara? Belə misalların sayını istənilən qədər artıqmaq mümkündür. Bu nümunələr əsgəri hissələrdə indidən siyasi dərslərdə məqsədyönlü şəkildə istifadə edilərsə, psixoloji cəbhədə qələbəmiz təmin olunar. Ondan sonra Ordunun döyüşdə öz qüdrətini göstərə bilməsindən narahat olmağa dəyməz.

# 2974 dəfə oxunub

Müəllifin son yazıları

# # #