Yazarlarımız Facebookda kimləri blok edir? - SORĞU

Yazarlarımız Facebookda kimləri blok edir? - <span style="color:red;">SORĞU
1 mart 2016
# 16:38

Facebookda bəzən bizi narahat edən, incidən, əsəblərimizə toxunan profillər olur. Realda belə insanlardan uzaqlaşırıq, onlarla üz-üzə gəlmək istəmirik, ünsiyyət qurmuruq. Virtualda isə bizi bezdirən nadinc adamları blok edib yolumuza davam edirik. Bəzən əngəllədiyimiz profil daha sonra bizim əfvimizə düşür, yenidən dostluq yaranır aramızda. Ancaq o blok siyahısı aşağı-yuxarı hamımızda olur və əngəllənən adamları unutmuruq.

Bəs yazarlarımızın blok siyahısında kimlər var? Onlar hansı adamları əngəlləyirlər?

Kulis bu barədə sorğu keçirib. Cavabları təqdim edirik.

İradə Tuncay: “İddialar, dərs keçmək cəhdləri... Səbəb çox olur yəni... Tərbiyəsiz adamları blok edirəm. Amma məni heç tanımadığım adamlar blok edir bəzən. Görmək istəmirlər. Təsadüfən bilmişəm onu da. Bəzən hansısa statusun şərhlərində görürəm. Kimnənsə danışır, mən görmürəm amma. Statusun müəllifindən soruşuram kimdi, deyir flankəs... Tanımıram... Amma blokdayam.”

Murad Köhnəqala: “Söyüşcül, aqressiv, savadsız, islah olunmağı mümkün görünməyən dindarlar rastıma düşən kimi blok eləyirəm. Onların da adları yadımda qalmır...”

Şərif Ağayar: ”Əvvəllər adamları itirməkdən ehtiyat edirdim. Lap zəhləm gedən də olsa, insan mənim üçün çox dəyərlidir. Onu unutmaq, həyatından silmək hardasa qətlə yetirmək kimi gəlirdi mənə. Ancaq baxıram ki, bu cür münasibət mənə baha başa gəlir. Ona görə, dəfələrlə şəxsiyyətimi aşağılayan tonda rəftar göstərən adamları bloka atmaq məcburiyyətində qaldım. Blok mənim üçün budur: nə gözlərim səni görsün, nə könlüm qübar eyləsin... Blokla bağlı onu da deyim ki, mənim özümü də dəfələrlə bloka atıblar, amma bu həqiqət dəyişmir: günah bloka düşəndə olur! Mənim siyahımda da məşhurlardan bir neçəsi var. Amma ad yazmaq istəmirəm. Ona görə ki, bir az şəxsi məsələdir. Bu sorğu kimin ağlına gəlibsə çox mənasız adamdır.”

Aysel Əlizadə: “Səbrimi tükəndirən adamları blok edirəm. Yazarlardan bircə Şərif Ağayarı tez-tez bloka qoymuşam. Düzdü, indi əngəldə deyil, amma əvvəl olub. Digər siyahını sözün düzü tanımadığım adamlar doldurub. Hər dəqiqə adamı bloka qoyan deyiləm. Tolerant olmağa çalışıram. Öz-özümü demokrat kimi tərbiyə edirəm. Düşünürəm, demokratiya, açıq fikirlilik, qarşı tərəfə dözümlülük, tənqidə insanca peşəkarlıq arzulayan mən kimisə razılaşmadı və ya əks mövqe yazdı deyə əngəlləyirəmsə əvvəl özüm, təfəkkürüm, dünya görüşüm dəyişməlidir. Adam çəpərimi aşıb evimə soxulmaq istəyir, onu sakitcə atıram çəpərin o tayına. Nadir hallarda olur ki, kiminsə paylaşımları, statusları xoşuma gəlmir, məsələn, kimlərisə təhqir edir, hər dəqiqə söyüş yazır, ya da özünü bütün sahələrin ölçü vahidi kimi aparır, onda belə adamı dostluqdan çıxarıram, amma əngəlləmirəm.

Rəbiqə Nazimqızı: “Mən bu sahədə, yəqin ki, rekord vurmuşam. O siyahıda hər cür adam var - tərbiyəsizindən, zəhlətökənindən tutmuş kütbeyininədək. Bir sözü iki dəfə təkrar edirəm, üçüncü dəfə buna ehtiyac yarananda atıram bloka. Bəzən haqsız davrandığım adamlar da olur, əlbəttə. Məsələn, iki il əvvələdək kefim olmayan kimi bloka atmağa adam axtarırdım ki, hirsim soyusun. İndi müdrikləşmişəm. Bir dəfə saydım, blok siyahımdakı adamlar 250-ni keçmişdi. Yəqin, indi sayı 300 olar. Ad çəkmək istəmirəm. Tanışlar daha çoxdurlar, amma zaman-zaman oradan çıxanlar olur. Deyə bilmərəm kimlərdir. Əslində, elə bir adam yoxdur. Amma dostlardan da bloka atdığım olur. Küsmüşük, atmışam bloka, sonra çıxarmışam. Xanımlar da olub, bəylər də.

Bəzən adam elə sevdiklərini də bloka atmalı olur. Son vaxtlar isə daha tolerant yanaşıram.

Sahilə İbrahimova: “Demək olar, heç kimi. Blok siyahım uzun deyil. Facebooku rahatlığımı pozmayacaq, əsəblərimə təsir etməyəcək qədər optimallaşdırmışam. Adətən məni blok edirlər. Cavab vermirəm, hirslənib blok edirlər.”

Kəramət Böyükçöl: “Bircə Şərif Ağayarı blok etmişəm.”

İkinci Mahmud: “Düzünü desəm, əvvəllər heç kimi bloka atmırdım. Fikirləşirdim ki, bu, plüralizm prinsipinə zidd addımdır. Amma getdikcə adamlar sırtıqlaşırdılar. Yazdığım postun altındaca məni təhqir etməyə başlayırdılar. Təhqir etmək istəyirsə, qoy gedib başqa yerdə etsin. Çoxunda da qəribə xəstəlik var, postlarımı izləyirlər, maraqla gözləyirlər, amma elə ki, imkan düşdü, gəlib postun altında riyakarlıq edirlər. Elə olanda mən həmin adamı blok edirəm ki, qoy rahatlaşsın. Adamlar xəstədirlər, şərhlərdə özlərinin səndən daha ağıllı olduğunu sübut etməyə çalışırlar. Natamamlıq kompleksidir bu. Mən bu cür adamları 40 addım aralıdan tanıyıram. Boş-bekardırlar, mənasızdırlar, öz eqolarını başqasını təhqir etməklə təmin edirlər. Bir az obrazlı şəkildə suala belə cavab verərdim: "Blok siyahımdakı adamlardan şəhər salmaq olar.""

# 1660 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #