Saakaşvilinin həyat yoldaşının kitabı təqdim olundu

Saakaşvilinin həyat yoldaşının kitabı təqdim olundu
27 fevral 2018
# 18:01

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin həyat yoldaşı Sandra Elizabet Rulofsun Azərbaycan dilinə tərcümə edilmiş “Bir idealistin hekayəsi” kitabının təqdimatı keçirilib.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən müəllif dekabrda baş tutmalı olan təqdimatın gecikmə səbəblərini açıqlayıb:

“Dekabrda səfərimi təxirə salmalı oldum. Çünki o zaman ilk dəfə həyat yoldaşım Mixail Saakaşvilini həbs etməyə cəhd etdilər. Bir neçə gün sonra o, Ukraynada həbs olundu. Həbsdən azad olunduqdan sonra Hollandiyaya deportasiya olundu. İndi düşünürəm ki, onun Hollandiyada həyatına təhlükə yoxdur ".

S. Rulofs kitabda öz həyatı, 2004-2013-cü illərdə Gürcüstanın prezidenti olmuş Mixail Saakaşvili ilə tanışlığı, evliliyi və ailə həyatından bəhs etdiyini deyib. O, özünəməxsus bədii üslubla təhsil aldıqları dövrdən hakimiyyətə gəldikləri zamana qədər ailə və iş barəsində geniş məlumat verir.

S. Rulofs bildirib ki, M. Saakaşvili fəaliyyətini Ukraynada həyata keçirmək niyyətindədir: “Onun apardığı siyasət Gürcüstanda uğurlu olduğu üçün o, Ukraynaya dəvət edilmişdi. Yaxın gələcəkdə biz onun Ukraynaya keçib-keçə bilməyəcəyinin şahidi olacağıq".

Tədbirdə simvolik imza mərasimi də keçirilib.

S. Rulofsun “Bir idealistin hekayəsi” kitabı indiyədək 7 dilə tərcümə olunaraq Hollandiya, Gürcüstan, Ukrayna, Rusiya, Türkiyə, İngiltərə və Polşada nəşr edilib. Kitab Milli Fikir Mərkəzinin Tərcümə Şöbəsi tərəfindən Azərbaycan dilində tərcümə edilib.

# 1157 dəfə oxunub

Müəllifin son yazıları

# # #