Yorğunluğumuzun əsl səbəbi nədir? - ANALİZ

Yorğunluğumuzun əsl səbəbi nədir? - ANALİZ
2 noyabr 2016
# 12:42

Kulis.Az Fuad Rüstəmzadənin “Yorğunluğun bəzi psixoloji səbəbləri” yazısını təqdim edir.

İyirminci əsr əsəb sisteminin krizisi dövrü sayıla bilər. Müharibələr, həyat şəraiti, sabaha olan ümidlərin insanların gözlərinin qarşısında puç olması (məsələn, kommunizm), əhalinin böyük hissəsində nevrotik xəstəliklərin yaranmasına gətirib çıxarmışdı. Növbəti əsr bu problemləri daha da qabartmışdır. Belə ki, uğur daha əvvəlki kimi məlum dayaqlar üstündə dayanmır və daha çox təsadüfi xarakter daşıyır. Bütün həyatlarını işlərinə sərf edən insanlar isə bəzən evsiz qalma təhlükəsi ilə üzləşə bilir. Ümumi baxışda psixoloji cəhətdən təsir edən bütün bu amilləri üst-üstə yığsaq, nevrotik qaçışın yeni problemlə əvəz olunduğunu görərik. Bu daimi yorğunluq problemidir. Səkkiz saat yatsanız da, on iki saat yatsanız da fərq etmir, yenə də özünüzü yorğun hiss edirsiniz və bunun sonu gəlməyəcək kimi görünür. Səbəb isə sadədir. Çox vaxt bədənin məsələyə aidiyyatı yoxdur.

Üstəlik yorğunluq kimi özünü büruzə verən problem, yorğunluq deyil, problemlərdən qaçışdır. Psixoanalizin atası sayılan Freyd deyirdi ki, insanların yatmağa getməyinin fiziki səbəbindən başqa, psixoloji yorğunluqla da böyük əlaqəsi var. Belə ki, gün ərzində əlindən gələni etmiş və daha heç bir dəyişikliyə səbəb olmayacağını görən, eləcə də komfortu pozan istənilən fərqlilikdən qıcıqlanan adam dünyadan qaçaraq yuxuya dalır. O, “düşünür” ki, bu gün işlər bitdi və bu günlük mən dünyanı görmək istəmirəm.

O reallıqdan qaçır və yatır. Dolayısıyla daimi yorğunluq hissi ilə yaşayan insanlar, yəni əhalinin böyük hissəsi, yarı yuxulu vəziyyətdədir. Araşdırmalardan biri göstərmişdir ki, ədalətsizliyə, vəhşiliyə qarşı çıxa bilməyən insan özünü lazımsız hiss edir və depressiyaya düşməsi daha tez baş verir. Hər gün mediada dolaşan neqativ xəbərlər, dünyada baş verən teraktlar, müharibələr, bu hadisələri izləyən hər kəsin vicdanını silkələyir və onları ədalətsizliyə son qoyulmasında iştirak etməyə çağırır, amma bu, çox zaman mümkünsüz olduğu üçün, insan baş verənləri sadəcə həzm etməli olur. Beləliklə, dünyanın işlərinə qarışa bilmədiyi üçün, dünyadan qaçmaq istəyir, aktivlik göstərə bilmədiyi üçün, passivliyə düşür. Daimi yarıyuxulu vəziyyətdə olur.

Yorğunluğun növbəti psixoloji səbəbi isə münasibətlərimizin və dəyərlərimizin içində gizlidir. Sizə qabarıq bir misal çəkəcəyəm. Tarix boyu dünyanı əzaba düçar edən tiranlara heyrətlə baxan insanlar var. Heyranları həmin tiranların kimlərə necə əziyyət verməsini görməzdən gəlirlər. Halbuki, əgər siz bu heyranların birinə desəniz ki, paltarın bu gün zövqsüzdür, siz dünyanın ən günahkarları sırasına daxil olacaqsınız.

Çəkdiyim misalın mənası odur ki, biz öz maraqlarımızı obyektiv reallıqdan daha üstün tuturuq. Bu isə bizi tənqidlər, fikir müxtəlifliyi qarşısında aciz edir. Beləliklə, biz tez-tez inciyən və günahlandıran, şikayətçi birinə çevrilirik. İnciklik isə öz növbəsində ən böyük energetik vampirlərdən biridir. Bu hiss bizim bütün enerjimizi sovurur. Əlavə olaraq ağlımızda incidiyimiz situasiyanı dəfələrlə təkrar edib müxtəlif ssenarilər qururuq.

Birincisi, vaxtımız gedir, ikincisi ağılda qurulan hər ssenari həyata keçə bilmədiyi üçün özümüzü bəzən çarəsiz hiss edirik, üstəlik adətən öz yaxınlarımızdan incidiyimiz üçün, onlar haqqında neqativ düşüncələrə qapılmağımıza görə özümüzü günahlandırırıq.

Enerjimizi əlimizdən alan növbəti psixoloji problem hədəflərimizdir. Hədəf qoyaraq ona istiqamətlənmək nə qədər gözəl olsa da, düzgün seçilməyən hədəf bir o qədər də ziyanlıdır. Siz üzməyi bacarmırsınızsa, amma özünüzə Cəbəllütariq boğazını üzüb keçməyi hədəf seçirsinizsə, bu hədəf sizə problemdən başqa bir şey gətirməyəcək. İlk növbədə onu qeyd etmək lazımdır ki, bəzən həddimizi aşan hədəfləri seçməyimizin səbəbi çox sadə olur. Biz sadəcə heç nə etmək istəmirik və belə böyük hədəfi seçirik ki, o hədəfə çatmadıqda bizi günahlandırmaq mümkün olmasın. Çünki əvvəldən hər kəsə məlum idi ki, bu hədəfə çatmaq qeyri-mümkündür. Beləliklə biz hədəfə doğru getməmişdən qabaq, uğursuzluğumuzun bəhanəsini hazır edirik. İkincisi isə odur ki, real olan hədəfləri təsəvvür edib hiss etmək daha asan olduğu üçün onlara çatmaq üçün motivasiya daha rahat əldə olunur və hədəfə də daha rahat çatmaq olur.

Bu məqalədə yorğunluq və nevrotikliyin qlobal və individual səbəblərindən bəzilərinə səthi də olsa toxunduq. Nəticədə bu problemlərin həlli kimi göstərə biləcəyim bəzi yollar var. Mediada nəyi izlədiyinizə diqqət edin, özünüzə senzura yaradın, neqativliyi özünüzə yaxın buraxmayın. Belə olan halda “qaçma” səbəbləriniz azalacaq, passivliyə qapılmayacaqsınız. Uğurun yalnız maddi vəziyyətlə çərçivələnmədiyini anlayın və diqqətinizin necə genişləndiyini, bir nöqtə deyil, bütün üfüqü görə bildiyinizi hiss edəcəksiniz. İnciklik hissini tolerantlıqla əvəz edin. Hər kəsin öz fikrinin olmasını qəbul etməyi öyrənin. Hədəflərə gəldikdə isə, Çin filosofu Lao Tsenin dediyi sözləri unutmayın, min kilometrlik yol, bir addımla başlayır. Kiçik hədəflərlə, böyüklərə yol açmaq daha asandır.

# 1083 dəfə oxunub

Müəllifin son yazıları

# # #