Yazarlarımız bürclərə inanırlarmı? – SORĞU

Yazarlarımız bürclərə inanırlarmı? – <span style="color:red;">SORĞU
9 sentyabr 2016
# 09:00

NASA-nın Yer orbitinin dəyişməsi ilə birgə bürclərin dəyişməsi xəbəri geniş müzakirələrə səbəb olub. Bürclər artıq yeni tarixlə hesablanmalıdır. Bəs, yazarlarımız ümumiyyətlə, bürclərə inanırlarmı? Kulis.Az bu barədə sorğu keçirib. Cavabları təqdim edirik.

Səfər Alışarlı

Bürclərə inanıb-inanmamaq məsələsi "hə", "yox" cavabları ilə bitməz. Bunlar böyük elmi əsasları olan biliklərə söykənir. Azərbaycanda o biliklərdən az-çox başı çıxan nadir adamlar var. Ta qədimdən bu biliklər xeyrə xidmət eləyə bilmir. Deyilənlərə görə şeytan orada daha böyük aktivlik göstərir.

Murad Köhnəqala

Mən yalnız elmin sübut elədiyi şeylərə inanıram, bunun dışında olanlar haqda heç düşünmürəm də. İnsan xarakterini, onun gələcəyini hansısa planetin mövqeyinə görə təyin etmək gülüncdü. Bu, ən çox nəticəsi məntiqdən kənar olan kart falına bənzəyir. Planetlərin uzaqdan verdiyi pozlar vasitəsilə qədim hind qaraçısının, yaxud pişikyeyən çinlinin qurduğu sistemə taleyini tapşıran adamı axmaq adlandırmağa dilim gəlmir, beləsi ən azından xurafatçıdı...

Rəbiqə Nazimqızı

Gülməli görünə bilər, amma ümumi xarakteristikalara inanıram. Hətta çox zaman ilk dəfə gördüyüm adamın hansı bürcdən olduğunu təyin edə də bilirəm. Amma indi bilmirəm, keçmiş zamanda danışım, ya indiki zamanda, çünki məlum olduğu kimi, yeni “ilan-qurbağa” bürcü - psevdobürc deyim - peyda olub. Belə çıxır ki, tipik Əqrəb olan mən indi qeyri-tipik və heç sevmədiyim və qəti bənzəmədiyim Tərəzi sayılıram. Amma bir məqamı deyim ki, yalnız xarakteristikalara inanıram, astroloqların günlük, illik, rüblük proqnozlarına yox. Ona qalsa, mənim özümün zarafatla dostlara dediyim "öncəgörmələr", futbol proqnozları daha düz çıxır, nəinki günlük astroloji proqnozlar.

Könül Həsənqulu

Bürclərə ciddi yanaşmadığım üçün maraqlanmamışam. Yalnız elmi baxımdan bürclərin mövcudluğunu qəbul edirəm, ancaq insanların şüurunun zəifliyindən tutub onların düşüncəsini və hətta bu düşüncəsini "idarə" edə biləcək fal, on iki bürc proqnozları və bu kimi nələr varsa, hamısının əleyhinəyəm. Bunlar insanlar üçün əyləncəliyini itirəndə məyus oluram.

Aqşin Evrən

Çağdaş dünyada bürc, ulduz falı mifinin, sadəcə, müəyyən bir sektanın əlində fırlatdığı biznes şəbəkəsi olduğunu düşünürəm. Hər ay bürclərlə bağlı minlərlə kitab çıxır, satılır, qəzet yayımlanır, verilişlər gedir - bunlar hamısı insan hisslərindən istifadə etməklə, onun seçimlərini manipulyasiya edən biznes şəbəkəsinin oyunudur. Ulduz falı, bürc və bu kimi illüziyaları alt-üst etmək üçün hələ məişət səviyyəsində bir əsas gətirmək olar: tutaq ki, yazırlar, “tərəzilər” bu gün çox xoşbəxt olacaq, uğur əldə edəcəklər. Təsəvvür edin, ölkəmizdə tutaq ki, 1 milyon Tərəzi bürcü altında doğulan insan var. 1 milyon adam eyni anda xoşbəxt olub uğur qazansa, vallah, torpağın ürəyi partlayıb ölər.

# 1113 dəfə oxunub

Müəllifin son yazıları

# # #