Timuçin Əfəndiyev: “Teatrlarımız pis gündə deyil” – Müsahibə

Timuçin Əfəndiyev: “Teatrlarımız pis gündə deyil” – Müsahibə
13 iyun 2019
# 18:05

Müsahibimiz Bakı Xoreoqrafiya Akademiyasının rektoru, filologiya elmləri doktoru, Əməkdar elm xadimi, Əməkdar incəsənət xadimi, professor Timuçin Əfəndiyevdir.

- Timuçin müəllim, Bakı Xoreoqrafiya Akademiyası (Təhsil Kompleksi) 90 illik yubileyinin ərəfəsindədir. Müsahibəmizə elə akademiyanın yubiley hazırlıqları ilə başlayaq...

- Bəli, xoreoqrafiya təhsilinin 90 illik yubileyi, həmçinin Bakı Xoreoqrafiya Akademiyasının 5 illik yubileyi bu il qeyd olunacaqdır. Şərq aləmində ilk dəfə olaraq Azərbaycan Respublikasında belə bir təhsil ocağının açılması tarixi bir hadisə idi. Belə ki, 1929-cu ildə Xalq Maarif Komissarlığı Kollegiyasının qərarına əsasən Bakı Xoreoqrafiya Məktəbi açılmışdır. Bu məktəb milli mədəniyyətin inkişafında misilsiz rol oynamışdır. Qəmər Almaszadə, Leyla Vəkilova, Çimnaz Babayeva, Xumar Zülfüqarova, Roza Cəlilova, Maqsud Məmmədov, Rəfiqə Axundova, Böyükağa Məmmədov, Afaq Məlikova, Təranə Muradova və s. kimi görkəmli sənətkarların yetişməsində böyük rol oynamışdır. Respublika Prezidentinin 30 aprel 2014-cü il tarixli 419 nömrəli Sərəncamı ilə Bakı Xoreoqrafiya Məktəbinin bazasında Bakı Xoreoqrafiya Akademiyasının yaradılması da tarixi bir hadisədir. Bu Sərəncam nəinki Azərbaycan və regionda, eyni zamanda bütün Şərq aləmi və MDB məkanında xoreoqrafiya sənəti sahəsində ilk çoxpilləli və fasiləsiz təhsil sisteminin təşəkkülünə rəvac vermişdir. Ölkə başçısının 26 dekabr 2014-cü il tarixli 432 nömrəli Fərmanı ilə təsdiq olunmuş Bakı Xoreoqrafiya Akademiyasının Nizamnaməsinə əsasən akademiya ibtidai, ümumi orta, tam orta, orta ixtisas, bakalavr, magistr, doktorantura pillələri üzrə təhsil proqramı aparır, həmçinin əlavə təhsilin müvafiq istiqamətlərini (ixtisasartırma, kadrların yenidən hazırlanması, stajkeçmə və kadrların təkmilləşməsi təkrar ali təhsil və orta ixtisas təhsili, dərəcələrin yüksəldilməsi) həyata keçirə bilən təhsil kompleksidir. Bakı Xoreoqrafiya Akademiyası Təhsil Kompleksi bu 5 il ərzində bir çox uğurlara imza atmışdır. Belə ki, Akademiya Avropa İncəsənət Universitetləri Liqasına üzv seçilmiş, 10 ölkənin 12 təhsil müəssisəsi ilə əməkdaşlıq sazişləri bağlamış, dünyaca məşhur 18 balet ustası və xoreoqraflarının ustad dərsini təşkil etmişdir. Bununla yanaşı, akademiya “Qəmər Almaszadə adına Beynəlxalq Rəqs Müsabiqəsi”ni təsis etmiş və 2016, 2018-ci illərdə dünyanın 12 ölkəsindən 324 nümayəndənin iştirakı ilə müsabiqəni müvəffəqiyyətlə keçirmişdir. Eyni zamanda “Sənət Akademiyası” beynəlxalq elmi-nəzəri jurnalını təsis etməsi və onun Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının reyestrinə daxil edilməsi, ölkənin aparıcı teatr və konsert zallarında keçirilən onlarla hesabat konsertləri, rəqs tamaşaları və xoreoqrafik kompozisiyalar, beynəlxalq və respublika əhəmiyyətli konfranslar, akademiya tələbələrinin müntəzəm olaraq xaricdə keçirilən müxtəlif rəqs və balet müsabiqələrində iştirakı, Azərbaycan bayrağını böyük konsert salonlarında dalğalandırması akademiyanın böyük uğurlarındandır. Akademiyanın yubiley hazırlıqları ilə bağlı isə onu qeyd edə biləri ki, artıq 90 illik yubileyə həsr olunmuş Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının, Opera Studiyasının səhnələrində balet və rəqs tamaşaları nümayiş olunmuşdur. Noyabr ayının əvvəllərində isə akademiya 90 illik yubileyə həsr olunmuş beynəlxalq konqres və Qala konsert keçirməyi nəzərdə tutub. Bu tədbirə bir çox xarici ölkələrin görkəmli sənət adamları və səntşünasları dəvət olunacaqdır.

- Akademiyanın apardığı əməkdaşlıq layihələri, müxtəlif elmə yönəlik fəaliyyəti haqqında nə deyə bilərsiniz?

- Bu gün akademiya Moskva Dövlət Xoreoqrafiya Akademiyası, Y.Vaqanova adına “Rus Baleti” Akademiyası, Moskva Dövlət Mədəniyyət İnstitutu, Qazaxıstan Dövlət Xoreoqrafiya Akademiyası, Belarus Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Pekin Rəqs Akademiyası və digər xarici təhsil müəssisələri ilə əməkdaşlıq sazişləri imzalamış, onlarla yaradıcılıq əlaqələri və təcrübə mübadiləsi həyata keçirir. Bu dövr ərzində Rusiya Federasiyasının Xalq artistləri D.Muzakayev, V.Vasiliyev, N.Tsiskaridze, Rusiya Federasiyasının əməkdar artisti P. Skirmantas və digər məşhur müəllim-xoreoqraflar ustad dərsləri keçmək üçün akademiyaya dəvət olunmuşlar. Rusiya Federasiyasının xalq artisti, Y.Vaqanova adına “Rus Baleti” Akademiyasının rektoru Nikolay Tsiskaridze akademiyanın fəxri professoru adına layiq görülmüşdür. Həmçinin akademiyanın baş müəllimi, Əməkdar artist Eteri Cəfərova və tam orta məktəbin direktor müavini Kamilə Əliyeva Moskva Dövlət Mədəniyyət İnstitutunda, təcrübə keçmişlər. Bununla yanaşı, akademiyanın yüksək ixtisaslı müəllim-xoreoqrafları respublikanın şəhər və rayonlarında xoreoqrafiya sənətinin təbliği, həmçinin məktəblərdə və digər mədəniyyət müəssisələrində xoreoqrafiya sahəsi üzrə mütəxəssislərin peşəkarlıq səviyyəsinin artırılması məqsədilə ustad dərsləri keçmişlər. Elmə yönəlik fəaliyyətlə bağlı isə onu qeyd edə bilərik ki, bu illər ərzində 10-dan artıq respublika elmi-nəzəri və elmi-praktiki konfrans keçirilmiş “Sənət Akademiyası”, “Konfrans materiallar toplusu”, “Elmi əsərlər”, “ Magistr” jurnalları, 10 dərs vəsaiti, 5 metodik vəsait, 2 dərslik, 3 monoqrafiya, 56 fənn proqramı nəşr olunmuş, 19 elmi-tədqiqat işi yerinə yetirilmişdir. Akademiyanın doktorantlarından artıq 2 nəfər dissertasiya mövzularını müdafiə etmişdir.

- Bəs Bakı Xoreoqrafiya Akademiyası tələbələrinin beynəlxalq səviyyədəki uğurları barədə nələri söyləyə bilərsiniz?

- Akademiya tələbələri mütəmadi olaraq hər il Tbilisidə keçirilən Vaxtanq Çabukiani adına uşaq və yeniyetmələrin xoreoqrafiya sənəti üzrə beynəlxalq festival-müsabiqəsində müvəffəqiyyətlə iştirak etmiş və laureat adını qazanmışlar. Həmçinin Fransanın Orn departamentində Sen Simeon şəhərində keçirilən ənənəvi Sen-Jan milli bayramında, eləcə də Fransanın Alzas regionunun Müluz şəhərində Azərbaycan musiqisinə həsr olunmuş “İki dünya” adlı musiqi festivalında milli rəqslərimizlə çıxış etmiş, Fransa Senatının xatirə medalı ilə təltif olunmuşlar. Eyni zamanda Serbiyanın Belqrad şəhərində keçirilən “Avropanın Sevinci” festivalında çox uğurlu çıxışlarına görə akademiyanın şagird və tələbələri diplomlarla təltif olunmuş, Serbiya prezidenti Boris Tadiçlə görüşmüşlər. Həmçinin tələbələrimiz Rusiya federasiyasında “Yer-ümumi evimizdir” Gənclərin XVI Beynəlxalq Musiqi Yaradıcılığı Festivalında birinci yeri qazanmış, Qazaxıstan və Çeçenistan Respublikasında keçirilən milli rəqs, Sankt-Peterburqda keçirilən klassik rəqs müsabiqələri və festivallarda uğurla çıxış etmişlər.

- Bu gün Akademiyaya şagird və tələbələrin göstərdiyi maraq, etdiyi axın hansı vəziyyətdədir?

- Akademiyanın istər tam orta məktəbinə, istər kollec, istərsə də bakalavr, magistratura, doktorantura pillələrinə maraq gündən-günə artmaqdadır. Xüsusilə də, akademiyanın bakalavr və magistratura pillələrində keçirilən ixtisaslara qəbul olunmaq istəyən abituriyentlərin sayı ildən-ilə artmaqdadır. Qeyd etməliyəm ki, akademiyada xoreoqrafiya sənəti ixtisası ilə yanaşı, Moskvanın Xoeroqrafiya Akademiyası, Y.Vaqanova adına “Rus Baleti” Akademiyası və başqa məşhur tədris müəssisələrində olduğu kimi “Rəqs müəllimliyi”, “ Sənətşünaslıq”(səhnəqrafiya tarixi, geyim tarixi, xoreoqrafiya tarixi və.s), “Dizayn”( səhnə tərtibatı, milli və klassik rəqslər üçün geyim dizaynı), “Menecment”(prodüserlik) və digər ixtisaslar üzrə xüsusi proqramlarla tədris aparılır. Lakin təəssüf hissi ilə bildirmək istəyirəm ki, Mədəniyyət Nazirliyi tərəfindən bu il təsdiq olunmuş qəbul planı birdən-birə 50% azaldılmış, yuxarıda qeyd olunmuş ixtisaslar üzrə isə qəbul planı ümumiyyətlə verilməmişdir. Baxmayaraq ki, keçən tədris ilində bu ixtisaslar üzrə tədris planı dolmuşdur. Hətta 2 il bundan öncə Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş 050122 “Rəqs müəllimliyi”(pedaqogikası) ixtisası Nazirlər Kabinetinin 11 fevral 2019-cu il tarixli 45 nömrəli Qərarı ilə təsdiq edilmiş və sentyabr ayından qüvvəyə minəcək “Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların təsnifatı”ndan ümumiyyətlə çıxarılmışdır. Yuxarıda qeyd olunan akademiyalarda ən aparıcı ixtisas olan “Rəqs pedaqogikası” ixtisasına bu cür münasibət təəssüf doğurur.

- Sizcə, bu ixtisaslara belə münasibətin səbəbi nədir?

- Mənə elə gəlir ki, bu ixtisaslara belə münasibət hansısa “çinovnikin” səriştəsizliyindən və yaxud ambisiyasından irəli gələ bilər. Unutmaq lazım deyil ki, hazırda ali təhsil müəssisələri adambaşı maliyyələşmə prinsipi ilə fəaliyyət göstərirlər, yəni təhsil müəssisəsi özü-özünü maliyyələşdirməlidir. İki dəfə azaldılmış qəbul planı ilə akademiyanın fəaliyyətində ciddi problemlər və çətinliklər yaranacaqdır. Bu da Respublika Prezidentinin Sərəncamı ilə 5 il öncə yaradılmış akademiyanın gələcək normal fəaliyyətini sual altına qoyur. Bu isə təkcə xoreoqrafiya sənətinə deyil, ümumilikdə Azərbaycan incəsənətinin gələcək inkişafına sağlam münasibətdən irəli gəlmir.

- Beynəlxalq və respublika fənn olimpiada və beynəlxalq müsabiqə qaliblərinin imtahansız və xüsusi güzəştlərlə ali məktəblərə qəbul olunması qərarını, Siz bir professor və rektor kimi necə qiymətləndirirsiniz?

- Çox düzgün və müsbət qiymətləndirirəm.

- Timuçin müəllim, yaradıcılıqda, elmi fəaliyyətinizdə nə yenilik var?

- Mənə elə gəlir ki, sənət ali məktəblərində tədrislə məşğul olmaq özü böyük yaradıcılıq işidir. Əgər tədris müəssisəsinin yaradıcılıq uğurları varsa, deməli orda sənin də payın vardır. O ki qaldı elmi fəaliyyətimə, 40 ildir elmlə məşğul olan adam təbii ki, bu fəaliyyətini də davam etdirir. Vaxtı ilə rəhbərlik etdiyim 40-dan artıq fəlsəfə doktorlarının bir çoxu elmlər doktorudurlar. İndi də bu sahədə mən fəaliyyətimi davam etdirirəm. Hal-hazırda romantizm haqqında böyük bir monoqrafiya üzərində işləyir, həmçinin seçilmiş məqalələr kitabımı da çapa hazırlayıram.

- Siz 20-dən artıq elmi-nəzəri kitabların müəllifisiniz. Bunlardan bir neçəsi teatr haqqında olan tədqiqat əsərləridir. Azərbaycan teatrının durumunu necə dəyərləndirirsiniz?

- Azərbaycan teatrının durumu bu gün hesab edirəm ki, pis vəziyyətdə deyil. Bilirsiniz ki, ümumiyyətlə, son dövrlərdə bütün beynəlxalq aləmdə teatr tamaşalarına maraq bir qədər azalmışdır. Bunun da səbəbi müasir texnologiyaların (internet) inkişafı və bəzi yeni bədii cərəyanların yaranması idi. Lakin həqiqi sənət gec-tez öz sözünü deyir. Odur ki, son vaxtlar artıq Azərbaycan teatrına maraq xeyli artmışdır. Buna da səbəb istər Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında, istər M.F.Axundov adına Dövlət Akademik Opera və Balet Teatrında, istər Azərbaycan Dövlət Akademik Musiqili Teatrında və s. maraqlı, yüksək bədii-estetik tələblərə cavab verən tamaşaların olmasıdır.

Zeynəb Əkbər

# 3373 dəfə oxunub

Müəllifin son yazıları

# # #