20 il həbs olunanda edamı seçə bilərdi... - Ko Un

20 il həbs olunanda edamı seçə bilərdi... - <span style="color:red;">Ko Un
22 dekabr 2017
# 21:00

Kulis.az filologiya üzrə fəlsəfə doktoru Samirə Məmmədlinin tanınmış koreyalı şair Ko Un haqda yazdığı “Ko Un - səslə sükutun kəsişdiyi nöqtələr” yazısını təqdim edir.

Sükut ən incə poeziyadır

Şeir pıçıltıları daim mənə hardan gəldiyi bəlli olmayan, bir anda havada o zə­rif qanadlarını çırparaq peyda olan saysız kəpənək şənliyini xatırladır. Hər dəfə o mənzərəni xatırlayanda gördüyüm-kəpənək çırpınışlarından daha çox qeybdən gələn və bir anda havada pərvəriş tapan söz uçuşlarıdır. Bəli, gözəl və dəyərli, mad­diləşməyən, torpağa gömülməyən, zaman və məkan anlayışlarını yox edərək havada fırlanan, zamanı gəldiyində geri-gəldiyi yerə dönən söz... O nə vaxt tanrı başlanğıcıydı, nə vaxt yerə endi, maddiləşdi - bunu demək çətindir. Ancaq bir həqiqət var ki, ən gözlənilməz məqamlarda belə qəfildən o, öz başlanğıcına dönə bilir: bizim heyrət içində az qala diz çökərək ona səcdə etdiyimiz məqamlar həmin anlara aiddir.

Koreya fəallarından, qeyri-adi istedada malik Ko Unun möcüzəvi poetik dünyası ilə tanışlıq bu mənada heyrət doğurur... Yerin altında daşa, süxura dön­müş kəpənək gələcəyin hansısa anında qazıntı halında tapılan şeir olacaq"- inamını yaradıcılıq kodeksinə çevirən Ko Un 1933-cü cənubi Koreyanın Günsan əya­lətində doğulub. Diqqət edin: burada keçmişlə gələcək arasında məsafə bircə andır, eynən, Koreyada çox mürəkkəb və təbəddülatlı hadisələr baş verdikdən sonra Ko Unun yardıcılığının 30-cu illər mərhələsi də belə “süxura” çevrildi; o illərin mühiti, kəndlərdə insanlar arasındakı ünsiyyət, hər şey – insanların hisləri belə kökündən dəyişmişdi, yəni Ko Unun şeirlərində süxurlaşmış o həyat artıq yeni nəsillər üçün anlaşılmaz bir şeyə çevrilmişdi. Bu hislər, bu munis mənzərələr yoxa çıxmamışdı, sadəcə işğal edilmişdi, təkcə yaponlar tərəfindən deyil, həm də gərdişin amansız təzyiqləri altında. Onun uşaqlığı elə bir tarixi dövrə təsadüf edir ki, yaponlar artıq Koreyanı işğal etmişdilər. Bu səbəbdəndir ki, Yapon-Koreya müharibəsi Ko Unun yaradıcılığından qırmızı xətt kimi keçir. Müharibə həqiqəti onun yara­dı­cı­lı­ğında olduğu kimi, yaddaşında, taleyində də öz izlərini salır. Və sadəcə iz yox, dərin şırımlar. Yeniyetmə ikən o zamana qədər sakit və sadə yaşamını sürdürən doğma kəndində müharibə başlayır və Ko istər-istəməz bu müharibəyə daxil olur. Yaralıla­rı döyüş mey­dan­la­rın­dan çıxarma­ğa kömək edərkən eşitdiyi fəryad səsləri onu elə bir həddə gətirir ki, özünün yazdığına görə, bu səsləri eşitməmək üçün qulağına turşu tökür. Ümumiyyətlə, Ko Unun həyatının növbəti mərhələlərində yaşadığı ha­disə­lərə baxdığımızda görürük ki, heç bir yaşantı onda nişanələrini qoymadan ötüşmə­yib. O, həm də qeyri-adi yaddaşa, qavrama qabiliyyətinə sahib idi. İti hafizəsi ilə böyük poeziya dünyasını hələ uşaq yaşlarında fəhm edə bilmişdi. Elə həmin çə­tin illərdə qadağa olduğu halda, Koreya dilini öyrənir. Bu üstünlük sonralar da ona çox kömək olur. Özünün də qeyd etdiyi kimi, bu sayədə yaşanılan mərhələni digər həm­və­tən­lə­rindən daha az zərərlə başa vurmuş olur. Ko Unun həyatına nəzər saldıqda şahid olduğun mənzərə səni sarsıdır. Onun bu zamana qədərki yaşantılarının mündəricəsi bir in­san ömrü ilə müqayisədə tərs mütənasiblik təşkil edir; bir fiziki ömrə bu qədər sarsıntını sığdırma həqiqətinin təhtəlşüuri tərəflərini axtarırsan. Ancaq nə qə­dər inanılmaz olsa da, bu, Ko Unun həyat marafonu idi: hələ gənc yaşlarında ailə­si qətl edilir, ilk məhəbbətini itirir, dəfələrlə - həyatının müxtəlif mərhələlərində in­ti­hara cəhd edir. Hər dəfə də sanki, sehrli bir əl onu ölümün caynağından çəkib alır. So­nuncu dəfə 1970-ci ildə intihar etmək qərarına gələndə təsadüfən, qəzetlərin birində bir fəhlənin insan haqlarının müdafiəsi məqsədilə mitinq meydanında özünü öldürməsi xəbərinə rast gəlir. Və bu, onun intihara münasibətini tamamilə dəyişir. Düşünür ki, insan intihar etməməlidir. Həyatının bir qismi pessimizm içə­ri­sin­də keçir. Bir insanın həm pessimist ruhu, həm də qeyri-adi mübariz əhvalı eyni ömürdə birləşdirə bilməsi ağlasığmaz görünə bilər, lakin Ko Unun həyat və yara­dı­cı­lığı əks qütblərin tandemi, müm­künsüzlərin reallığa doğru hərəkətiylə doludur və tam əminliklə deyə bilərik ki, bu, fenomenal şəxsiyyətin gerçək portret cizgisizidir. Ko Unun şeirlərini anlamaq yox, dərindən hiss edə bilmək üçün onun həyat tarixçəsindəki keçidləri bilmək gərəkdir. Çəkdiyi sarsıntılardan, ruhunda iz qoymuş, onu incidən nəsnələrdən xilas olmaq üçün monastra üz tutur. Burda da buddizmin forma prinsiplərinə qarşı çıxır. Buddist monastrını tərk etdikdən sonra düz on il müəllimlik edir. Hara gedirsə, bu, onun məşğul olduğu işdən bezməsi demək deyildi, tam əksinə, həyatında, ruhunda həqiqət, zaman, tanrı və sair məfhumlarla bağlı sınma məqamının yetişməsi anlamına gəlirdi. Bu elə bir sınma nöqtəsidir ki, burda "zaman" və "məkan" kimi anlayışlar öz əhəmiyyətini itirir. Xüsusilə, Ko Unun poetik sistemini bu iki məfhumun xaricində anlamağa çalışmaq daha məqsədəuyğundur. Əks halda, bu mütaliə "düzgün oxu" funksiyasını yerinə yetirməmiş olar. Şair 1960-2002-ci illərin şeirlə­ri­­nin toplandığı, bu gün də Azərbaycan türkcəsində oxuculara təqdim edilən "Sabah türküləri " ("Sabah dastanı") kitabının orijinal variantına yazdığı ön söz­də "sıfır" ideyasından bəhs edir. Əslində, müharibə dəhşətlərinin içindən keçən istənilən Koreyalı üçün "sıfır" başlanğıcı aktual idi. İtirmişlik duyğusu bu nəslin iliklərinə işləmişdi. Özü bu barədə deyirdi: "O zaman məhz Koreya müharibəsinin bitdiyi dövrə təsadüf edirdi. Hər şey dağılmış, yerlə bir olmuşdu. Bu dağıntı və xarabalıqların içində sağ qalmışdım, yetim idim, heç kimim yox idi. Elə buna görə də, söhbət yalnız mənim şəxsimdən və yazdığım şeirlərdən getmir, məsələ beləydi ki, hər şey yox olub getmişdi, ortada bir ovuc kül qalmışdı. Belə ki, istənilən poeziya bu sıfırın ortasından doğulur, mən də çılın-çılpaq sağ çıxmış adamdan qeyri bir şey deyildim... Mən deyə bilmərəm ki, bu sıfırdan plüs tərəfə, yoxsa minus tərəfə getmişəm, ancaq hər şeydən önəmlisi həmişə yenidən başlamaq həvəsinin olmasıdır, bir daha sıfırdan, heç nədən başlamaq ..."( http://cordite.­org.au/interviews/ko-un/ ). Konun poetik təcrübələrini məhz bu platformda - "sıfır" nöqtəsində dərk etmək və dəyərləndirmək onun poetik "mən"ini aşkarlamaq yo­lun­da daha uğurlu addım ola bilər. Çünki, bu ideya söz-söz onun şeir divarına hörülüb. O, doğmalarının fonunda sağ qaldığı üçün ömrü boyu əzab və kədər yükü daşıyır, özünü günahkar hesab edir. Bütün bunlar faciəvi şüur yaradır. Ko Un həqiqəti yoxluqdan o yana, heçliyin dərkindən sonra başlayır. Məhz bu səbəbdən, onun poeziyası qum saatı kimi, bilinən şeylərin tərsinə çevrilməsidir. Burada, o başqa bir qata diqqət çəkir. Elə bir yer ki, orda əzabkeş ruhlar cəmləşib və həyatı yalnız bu üzü ilə tanıyıblar. Sanki, cəhənnəmdən keçmiş bu ruhlar üz-göz­lə­rin­dəki, ruhlarındakı yaraya məhəl qoymadan yola davam edirlər. İlahi, bu necə əzablı səfərdir! Hər şeyini itirmişkən belə, yola davam etməkdən başqa çarən olmadığını anlayaraq, ağır-ağır yol almaq həqiqəti... Bu, Ko Un poeziyasının yaratdığı kədərli lövhədir. Belə qəhrəmanlar onun obrazlar qalereyasını təşkil edir.

Sonuncu dəfə 20 il müddətinə həbs edildikdə... bu zaman hər bir məhbus könüllü edam variantını seçə bilərdi, lakin bu illərdə Ko Un indiyə kimi rastlaşdığı bütün insanların simasını canlandırmaq, yada salıb rəsm etmək məqsədi ilə silsilə şeirlər yazmaq qərarına gəlmişdi. Bu arzu və cəhd... yalnız faciə və dəhşətdən gözü açılmayan, ürəyi parçalanmış insanın arzusu ola bilərdi. Diqqət edin: gördüyü, amma itirdiyi hər bir insanın üzünü, aurasını canlandırmaq... Onun fikrincə, “heç kəs sadəcə unudula bilməz, çünki hər bir insan sonsuz dəyərə malikdir”. Bu məqamda yenə də məqalənin başında xatırlatdığımız “süxura dönmüş kəpənəyin şeirə çevrilməsi” formulu yada düşür. Keçmişlə gələcək ani olaraq görüşür və zaman tüstü, duman kimi çəkilib gedir. Hər şeiri başqa bir həyat, tale, dolayısı ilə, bizə sadəcə, kədəri tanış olan başqa bir insan deməkdir. Bəlkə, bu səbəbdən, onun Koreya dilində səsləndirdiyi şeirlər bu dili bilməyənlərdə belə güclü təsir oyadırdı. Konun şeirləri qısa və diskursiv xarakterlidir, danışıq dilinin imkanlarından istifadə edərək daha çox ictimai mövzulara toxunur. 2012- ci ildə The Guardiana verdiyi müsahibədə müharibənin həyatına təsirindən bəhs edir. Deyir ki, mən müharibənin məzara gömdüyü bütün insanların qayıtmasını istəyirəm: "Freyd deyir ki, ölülərlə işiniz olmasın. Derridaya görə isə, ölülər bizi tərk etmirlər, həmişə yanımızda olurlar. Mən Derridaya inanıram." (http://cordite.­org.au/interviews/ko-un/). Ko Un daha çox miniatür biçimli şeirlər yazıb. Uzun-uzun rəvayətləri, insan həyatının sonuna çatılması mümkünsüz olan gerçəklərini elə ustalıqla bir qəlibin içinə sığışdıra bilib ki, onları oxuyanda sadəcə heyrətlənirsən. Şairin məqsədi də elə budur: heyrətləndirmək. Bir təsadüfdə deyirdi: “...Sözlər mənim dinim idi. Şairlik gələnə qədər torpağı qazırdım. Qazdıqca poeziyanın artıq torpağa kömülmüş hansısa ruhları cismimdə tərpənirdi. Küləkli günlərdə yerimdən qalxan kimi uzaqdakı ağacların budaqlarının necə titrədiyini hiss edirdim. Görürdüm ki, səmada neçə belə şeir uçur, uçuşur. Bir neçəsini buraxandan sonra 1-2-sini nəhayət tutur və ciyərlərimə çəkirdim. Tez-tez huşum başımdan çıxırdı. Ağlayırdım. Bu ağlamaqdı, yoxsa çayların dibindən gələn səslər idi, bilmirdim. İçində olduğum dünyanın sərhədini genişləndirməliydim, ora sığmırdım.” Koreya müharibəsinin dəh­şət­lə­ri­ni görüb monastra daxil olur, yuxarıda qeyd etdiyimiz kimi, buddist rahibi olur. 10 ildən sonra- 70-ci illərdə buranı tərk edir. Ümu­miyyətlə, isə Zen-Buddizm və nirvana onun yaddaşında və yaradıcılığında xüsusi zolaq təşkil edir. Ko həyatının elə bir mərhələsində bu sferaya keçid edir ki, o, buddist olmasaydı, məhv ola bilərdi. " ...Keçid anı, bu anın insan qavrayışı ilə çətin tutalan mistikası: bəzən səslə sükutun kəsişdiyi nöqtələri göstərir, sözlə dünyanın doğrudan ani “toqquşduğu” məqamları təsvir edə bilir, nəticədə bu dünyadan başqa dünyalara keçidi hiss edirsən, bu şeirlər və onların aşıladığı hissiyyat oxucuda ölmüşlə diri, keçiciylə əbədi olan arasındakı əlaqələri dürüst göstərir. " Bu nöqtədə Ko özü üçün yeni bir cığır kəşf edir. O elə bir yerə gəlib çıxır ki, bura təsəvvürlərdəki "bermud üçbucağını" xatırlarladır. Bu, varlıqla yoxluğun birləşdiyi, eyni zamanda da ayrıldığı məqamdır. Bura elə yerdir ki, orda əzab belə öz hökmünü itirir. Bu transendent vəziyyət- həyati yaralardan, kədər və əzabdan qurtulmanın mistik yolu idi. O, burda sükutun səsini eşidir. Bura, nirvana idi. Bu barədə özü belə yazır: “Mənim haqqında bəhs etmək istədiyim nirvana təsəvvürlərdə kök salan nirvana deyil, onun nişan verilən yerində artıq heç nə qalmayıb, hərəkət edib və çıxıb gedib. İndiki zaman sərhədsiz keçmişlə sərhədsiz gələcək arasında baş verən hərəkət məqamının izidir”. Baxın:

Kimsə

Başqa bir dünyanın sərhədini keçib

Bu dünyaya gəlməkdə

Bunu yağışın səsindən bildik;

Kimsə bu dünyadan ora yol alıbmış,

Hansı nöqtədə

Rastlaşacaqlar...

Əminəm...

Yaxud:

Min kərə en,

bu qaranlıq gecəyə

min kərə

Tək başına ağlaya-ağlaya

Bir çiçək açılır

Yanında

Bir qırmızı çiçək də dilsiz-ağızsız.

Varlıq və onun dərkinə belə bir münasibət mövcud zamana qədər bilinən təsəvvürləri alt-üst edir, yeni baxış bucağı açırdı. Bu fəlsəfə onun poetik özünüifadəsinə dərindən sirayət edir. O, öz həqiqətini əksliklərin vəhdətində tapır. Məsələn, dünya miqyasında ədəbiyyat biliciləri tərəfindən "çoxsəsli" olaraq dəyərləndirilən Ko Un poetik "mən"i sükutun səsini ən incə poeziya adlandırır və ona tapınırdı. Bu, əlbəttə, təsadüfi nəticə deyildi. O, hesab edirdi ki, " Sükut sözlərin artıq- əskiyi, tullantısı deyildir, sükut heç sözlərin məzarı da deyildir. Mən sözlərlə sükut arasındakı barışığın tərəfdarıyam, bunu arzulayıram; Onlar arasında ixtilaf filan yoxdu. Sükut ən incə poeziyadır." (http://cordite.­org.au/interviews/ko-un/)

Image result for Ko Un

Şeir və şair münasibətlərilə bağlı müxtəlif, bəlkə bir az da qəlibləşmiş təsəv­vürlər var. Bəzi məqamlarda şairlik anın, məqamın hadisəsindən daha çox peşə, və­zifə kimi qavranılır. Beləliklə, yazılan mətnlər onun (-yəni şairin!) həyat faktın­dan kənarda dərk edilir, varlığının tərkib hissəsi ola bilmir. Halbuki, poezi­ya­nın məqsədi bu deyil. Heç gerçək poetik nümunələrin doğuluş stixiyası da bu ge­diş­dən çox uzaqdadır. Bu, möcüzəvi söz sənətinə formal yanaşmadan qay­naq­la­nan münasibətdir. Bilindiyi kimi, insan materyası olduqca mürəkkəbdir. Orda nə­lərin hansı əks-sədanı doğuracağı qətiyyən bəlli deyil. Doğulacaq söz insan kim­yasına dü­şən sehrli maddə kimidir. Orda dövr edir, varlıqla bütünləşir və möcüzəvi şə­kildə (və məqamda!) gün işığına çıxır. Bu məqam Ko Un və onun poetik dün­ya­sı­nı özünə qədər mövcud olanlardan ayırır. Onun timsalında bu proses əksinə baş verir - şair şeiri deyil, şeir şairi yazır. Çox qəribədir ki, Ko Un bəlkə fərqində olaraq, bəlkə də deyil; şeiri bir addım özündən irəliyə ötürürdü. Onun həyatının müx­təlif anımlarının fərqli əksləri olan poetik nümunələri, haqqında dünya tənqidçilərinin səsləndirdiyi fikirlərlə tanış olanda istər-istər bu qənaət səndə möhkəmlənir. Mətnə belə münasibət bir tərəfdən onun mürəkkəb, çoxsəsli, zid­diyyətli və rəngli yaşam stixiyasından qaynaqlanırdısa, digər tərəfdən əsil sənətkar özünəməxsusluğunu or­taya qoyurdu. Ko Un poeziyası - birbaşa olaraq ya­şanılmış təcrübənin maksi­mum ötürülməsi ilə sıx bağlı idi. Bu səbəbdən də, onun yaradıcılığını mərhələli şə­kildə qavramaq daha məqsədəuyğundur. Onunla bağlı bu məqam belə izah edi­lir: "Koreya şairi, yazıçısı, fəalı Ko Un-un şeirləri miniatür biçimlidir. Onun şeir­lərində bir qəribəlik var: bu da ondan ibarətdir ki, Ko Un sanki dilin hansısa mə­sa­mələrindən sızan enerjini görür və oxuculara xitabını məhz bu əsasda edir" (http://cordite.org.au/interviews/ko-un/). Ko Un o şairlərdəndir ki, mətnlərilə baş - başa qaldığın zaman yeganə həqiqəti anlayırsan; onun üçün yazmaq heç vaxt məqsəd olmayıb. Dünya mətbuatında onunla bağlı tez-tez xatırlanan fakt kitab­larının sayı ilə bağlıdır - yüzdən artıq şeirlər kitabı! Amma onu yaxından tanıyanda dərk edirsən ki, bu say bir neçə kitabı keçməyə də bilərdi. Və subyektiv olaraq bu, onun üçün çox şeyi dəyişməzdi. Yəni gerçək mətn və onun varlığı məsələsi onun üçün daha aktual idi. Yazdıqları Ko Un ömrünün mündəricəsidir. Hər mətn ayrı bir lövhə, başqa bir anımdır. Onun yaradıcılığını izlədiyin zaman özünçün bəzi kon­turları müəyyənləşdirirsən; Ko Un poeziyası çoxmərhələlidir, poeziya tipi olaraq çox mürəkkəbdir. Bəzən bir mərhələ o birini inkar edib, yaxud da ta­mam­layıb. Bu çoxsəslilik onun zəngin gedişli həyat trayektoriyası ilə birbaşa əlaqəlidir. Onun yaradıcılıq üslubu ilə bağlı dünya mət­buatında yer alan yazılarda bu cəhət xüsusi vurğulanır: "Koreya tənqidçiləri bəzən ona “Ko Un-lar” kimi istinad edirlər, çünki o, doğrudan da çoxsəslidir, dayanmadan özünü “yaratmaqla”, ye­ni­dən kəşf etməklə məşğuldur" (https://www.poetry­foundation.org/artic­les/70163­/­trans­lators-note-three-poems-by-ko-un). Bizcə, o, sözün nüvəsinə qədər gedib çı­xa bilmişdir. Onun bu manera qabiliyyəti bəlkə də ordan gəlirdi.

Artıq çox gecdir,

Dünya artıq eşitdi

Sözümü

Onu dilimə gətirməmiş.

Soxulcan eşitdi

Və əks-səda verdi.

("Bircə Söz")

Ko Unun poetik portretində əsas cizgilərdən ən önəmlisi onun mətnlərində son dərəcə həssas tarixilik duyğusunun olmasıdır. Poetik sistem, şeirin daxili quruluşu elədir ki, sanki hər şey çox adi və hətta primitivdir, yəni, bu tipli mətnləri yazmağa nə var ki?! Ancaq bu, ilk baxışdan belədir. Hətta bu qədərini də demək olar: bu sadə söz və təsvirlərdən hörülmüş poetik mətn oxuyub qavradığından qat-qat artıqdır. Hər bir oxucu öz poetik dünyagörüşünə uyğun olaraq nələrisə fəhm edir, Koreya tarixi, insanların deyək ki, XX əsrdə tuş gəldikləri faciələr bu şeirlərin rişələrindən qan kimi süzülür. Yəni, adicə, ağacların, güllərin, yam-yaşıl yarpaqların, böcəklərin... təsvir edildiyi bu şeirlər küll halında Ko Unun vətənin “süxurlar” içində yatan tarixinin üzə çıxmasıdır. Vətənin tarixi həm də insan taleyinin faciəvi məqamlarından keçir. Bu mənada Ko Un yaradıcılığı dünya poeziyasında unikal hadisədir və böyük poetik dəyərə malikdir.

Ko Un

şeirlər

Bir portret

Kəlmələr arasında bir sərhəd var-

O sərhədin bir ucunda

Keçməsi yasaqlanan bir vətənsiz.

Bax, o kəlmələrin xəlvəti yeri şairdir.

Ağ kəpənək

Bax –

O abdal dənizin üstündə

Ağlın xəyaləti,

Bir kəpənək uçur.

Amma bu dünyanın kitabları

Hələ də qapalı durur.

Ruh

Bir böcəkdim

Güvəydim

Mavi bir kəpənəkdim.

Harda işıq görsəm, ora qoşardım.

Öləndən sonra

Yenidən doğuldum, yenidən dişim çıxdı,

Körpəydim –

Və bütün gecə uyumadan ağlayan dalğaydım

O zaman sən və məndim

Geriyə buraxdığım şeir

Mümkün olarsa,

Körpə kimi yenidən doğulmaq istərəm

Anamın bətnindən

bir daha, mümkünsə,

Həyata tək başına yenidən başlamaq

istərəm.

Özündən sonrakı dalğa səslərini

Dinləməlidir

İnsan,

Vaz keçməməlidir getməkdə olduğu

bu yoldan.

İpdəki camaşır kimi yellənir

İndiyə qədər dolaşan zaman parçası

Orda-burda.

Kasıbdım, göz yaşım belə yoxdu.

Bir gecə

Sönməyə başlamış sobada

Öncə üşüyən kürəyimi isitdim,

Sonra boş qəlbimi

Başqa bir gecə

Qaranlıqlar içində tir-tir titrədim.

Çox sabahlar bugün olurkən,

Hey geriyə itələnən qonaqdım mən.

Qaranlıq çökərkən də dağlar böyüyər,

Gedilməsi gərəkən yol

Gəldiyimizdən də uzun.

Rüzgar əsir…

Rüzgar əsir…

Üzüntü,

Sonsuza qədər birlikdə ola biləcəyimiz

Bir şey deyil.

Ta uzaqlarda,

Bir lampa

Eləcə üzgün-üzgün titrəşir,

Geriyə buraxdığım nə var...

Bəlkə də

Unutduğum bir şeydir.

Oturduğum yerdən yavaşca qalxıram,

Te-An yarımadasına doğru gedən

dumanlı bir yol…

Ruh nə zaman ağlarsa, bax, o, şeirdir.

Cazibə

Gözünün içindəki o dərin quyuya,

Sanki düşən kimiyəm.

İki ayağım da yerdən üzülür

Sürətlə sözcüklərin arasına düşən

ulduz üzündən.

İndidən yüz ıl sonrası da qaranlıq:

Məzarında çürüməyən sümüklər

möhtəşəm və səssiz.

Bundan sonra belə olacaqlar

uzun zaman.

Səni sevirəm!

Layla

Ta uzaqdakı boşluğun

ortasından gələn oxla,

Qarşı tərəfdən uçan ox

Çarpışdılar.

Birlikdə düşdülər.

Minlərcə kilometr qabağa

Ayağının önünə tak!-deyə.

Canım, körpəm!

Körpəm, şirin yuxular...

Bir vətənə dönüş

Miladdan öncə 627-ci ildə

Gənc buddist rahibi Hyun Jang

Dövlətin yasaqladığı bir yola çıxdı.

Hamısı olmasa da,

Ölürdü o yolu gedənlərin

böyük əksəriyyəti.

Bilə-bilə çıxdı yenə Hyun Jang o yola,

On yeddi il sonra geri döndü.

Halbuki, o yolun dönüşü də

ölümdü.

Amma sağ çıxdı ölümdən

Çiynində böyük heybə,

Başında yağlı kağız və həsir şapqa,

Həsir şapqasında

Kiçicik müştüklər asılıydı

Gözəl, ənbər qoxulu müştükləri.

Sağ qolunda buddizmin müqəddəs kitabı

Bax, beləcə döndü.

O böyük təhlükəni necə anlatsam

Kiçicik adamın önündəki

Müştük qoxu verərək

buddist rahibi Hyun Jang

Öləcəyini bilərək çıxdığı

meditasiya səyahətindən

Geri dönərkən çöldə,

Müştükdəki tüstüsü bitmişdi

Osa könlündəki

gözəl qoxunu aca üfləyərək

Geri dönmüşdü, gizli…

Himalaydan sonra

Qədər deyildi

Gözlərimi çıxarıb

Başqa gözləri taxmaq istədiyim.

O acı günlərimdə

Himalaylardan döndüm,

Kiçik uşaq sordu

Orda nələr var deyə.

O an mən də bir uşağın

cır səsi olmaq istədim.

Koreya dilindən tərcümə edən: Eunkyung Oh (türkoloq)

# 1196 dəfə oxunub

Müəllifin son yazıları

# # #