Rəşad Məcid: “Hərdən gənc xanımlarla yazışıram” - Müsahibə

Rəşad Məcid: “Hərdən gənc xanımlarla yazışıram” - Müsahibə
14 sentyabr 2019
# 11:09

Kulis.az AYB katibi, "525-ci qəzet”in baş redaktoru Rəşad Məcidlə müsahibəni təqdim edir.

- Rəşad müəllim, kitabın ideyası necə yarandı?

- Mən on ildir feysbukdan istifadə edirəm. İlk vaxtlar o qədər də fəal deyildim. Hadisələri susaraq, kənardan, sakitcə müşahidə edirdim. Sosial şəbəkələr təzə-təzə yarananda onun qəzetləri, yazılı mətbuatı sıxışdıracağını düşünmürdüm. Ancaq zaman keçdikcə gördüm ki, hadisələrə operativ ictimai münasibət bildirmək baxımından qəzet feysbuka uduzur. Ondan sonra feysbukdan fəal istifadə etməyə başladım. Baş verən müxtəlif hadisələrə hərdən ciddi, hərdən ironik, sarkazmla fikir bildirdim. Mən, adətən, kitablarımı beş ildən bir nəşr etdirirəm. 40, 45, 50 yaşlarımda kitablarım çıxıb. 55 yaşda da kitab nəşr etdirməyi düşünürdüm. Qərara gəldim ki, haqqımda yazılanları, sevgi şeirlərimi və sosial şəbəkələrdə yazdıqlarımı ayrı-ayrlıqda kitab halında çap etdirim. Bu qərara gələndən sonra tez-tez statuslar paylaşdım, feysbukdan daha fəal istifadə etdim. Kitabda da qeyd etmişəm, orada yazılan statusların bəziləri Kamal Abdulladan təsirlənmədir, bəziləri ədəbi fikirlərimi çatdırmaq üçün yazılanlardır, səfər təəssüratlarıdır, yazıçı dostlarım haqqında dediklərimdir. Birinci hissəni status-esselər adlandırdım. İkinci hissə SMS-esselərdir və burada çox yaxın bir adamla yazışmalarım toplanıb. Bu həm də özümlə etdiyim söhbət idi. O söhbətlərdən bəzilərində şikayətlənmişəm, bəzilərində yazacağım mətnlər haqqında danışmışam - sənət söhbətləridir.

- Bu ideyanızı ilk kimlər dəstəklədi?

- Dünya ədəbiyyatında bu cür kitablar var. Bunun üzərində qurulan romanlar da var. Mənə stimul verən isə akademik İsa Həbibbəyli oldu. Dedi ki, sən ədəbiyyata yeni janr gətirirsən. İsa müəllim kitaba yazdığı ön sözdə bu barədə elmi nümunələr gətirib. Həmin ön söz Türkiyə mətbuatında, dərgilərdə çıxıb, yaxın günlərdə bizim mətbuatda da dərc olunacaq. Artıq bununla bağlı ciddi mühitdə müzakirələr gedir. Gənc dostumuz Qismət də öz fikrini bildirdi, dünya ədəbiyyatında olan bu tipli mətnlərdən danışdı. Yəqin o da bir yazı yazacaq. Düzü, əvvəl-əvvəl bu məsələyə bir az qeyri-ciddi, zarafatyana yanaşmışdım, ancaq sonra belə bir kitaba çevrildi.

- Sosial şəbəkələrdən istifadə həm də sizin işinizi asanlaşdırır sanki...

- Mən gənclərdən daha stajlı feysbuk istifadəçisiyəm. On ildən çoxdur sosial şəbəkələrdəyəm. İnsanları daha rahat və olduğu kimi müşahidə edirəm. İstər AYB katibi kimi gənclərlə əlaqə yaratmaq məsələsində, istərsə də qəzet redaktoru, Mətbuat Şurasının üzvü kimi işimdə feysbuk mənə çox kömək edir. Əslində, feysbuk mənim gündəlik iş yerimdir. Bax, sənə başlıq da verdim (gülür). Feysbukun mənə insanları müşahidə etməyə, yazılarının səviyyəsini aydın görməyə çox yardımı dəyir. Yazdığı bir statusdan adamın istedadlı olub-olmamağını aydın eləmək mümkün olur. Bu baxımdan feysbukda mənim ən gözəl kəşfim İkinci Mahmud olmuşdu. Ruhu şad olsun.

- Lyosanın "Ədəbiyyatsız dünya” essesini xatırladım. Yeniləşən dünya bədii ədəbiyyatı sıxışdırır. Bu kitab bədii mətnlərin sosial şəbəkələrə uduzmağına işarə deyil ki?

- Bu kitab sənin dediyin o təhlükə qarşısında olan ədəbiyyatı saxlamaq cəhdidir. Dövrümüzdə qalın romanları oxumurlar. Biz oxusaq da, oxucular daha lakonik mətnlər istəyirlər.

- Bu ideya yazıçılar arasında necə qarşılandı?

- Ustad müəllimimiz, mərhum professor Şirməmməd Hüsyünovdan tutmuş, Anar müəllimə, Fikrət Qocaya, Elçin müəllimə qədər hamı öz fikirlərini bildirib. Deyirlər, sən feysbuk mətnlərini ədəbi janra çevirdin. Mənim istədiyim, əslində, sosial şəbəkələrdə ciddi bir aura yaratmaq idi. Bu həm də feysbuku qeyri-ciddilikdən, yüngüllükdən qurtarmaq arzusundan irəli gəlirdi. Mən Azərbaycan şriftlərindən istifadə məsələsini həmişə qabartmışam. Cümlə qura bilmirsiniz, heç olmasa, korrekturasını düzgün edin, "ə” yerinə "e”, "ş” əvəzinə "w” yazmayın.

- Bizim yazarlarımızın çoxu çağdaş dünyaya uduzur. Hələ də keçmiş ənənələrlə, keçmiş dünyanın qaydalarıyla yazırlar, müasirləşə bilmirlər...

- Bəzi adamlar var ki, ayaqlaşa bilmirlər. Məsələn, Şirməmməd müəllim telefon yeni çıxan dövrdən ondan istifadəni öyrəndi, amma bəzi yazarlarımız öyrəşə bilmədi (Bu anda elə feysbukdan gələn bildiriş söhbətimizə fasilə verir). Hə, Şirməmməd müəllimdən danışırdım. O vaxt hələ nə Anar müəllimin, nə də yaşlı nəslin çoxu mobil telefondan istifadə etmirdi. Bir də gördüm hansısa mobil telefona zəng gəldi, zəngin səsindən bildim ki, mənimki deyil. Baxdım Cahangir müəllimin üzünə ki, yəqin onun telefonu olar, gördüm bu da qımıldanmadı. Bir də gördüm, Şirməmməd müəllim telefona cavab verdi. Mənə bir ləzzət elədi ki. Dedim, Şirməmməd müəllim, nə yaxşı bu yaşda mobil telefondan istifadə edirsiniz? Dedi, bu texnologiyalarla ayaqlaşmasan, geri qalarsan.

- Vaqif Səmədoğlu də məşhur idi feysbukda...

- Vaqif Səmədoğlu feysbuka girəndə, deyirdi ki, bura keçmiş çayxananı əvəz edir - virtual çayxana. Vaqif Səmədoğlunun dostluğunda çoxlu gözəl qızlar vardı, amma şeir yaza bilmirdilər, mən də onlarla danışanda tənqid edirdim, mədəni, kübar dildə deyirdim ki, "sizlik deyil də bu iş”. Onlar mənə bilirsən nə deyirdilər?! (gülür)

- Nə?!

- Deyirdilər ki, sən bəyənmirsən, amma Vaqif Səmədoğlu bizi bəyənir. Soruşurdum, harda bəyənir. Cavab verirdilər ki, feysbukda yazılarımızı göndəririk, bəyənir. Dedim, ay Vaqif müəllim, niyə belə edirsiniz? Gülə-gülə cavab verdi ki, mən qoca kişiyəm, deyirəm ki, qoy könülləri xoş olsun da, qəşəng qızlardır (gülür). Ümumiyyətlə, Vaqif müəllim yeni proseslərə açıq adam idi. Feysbuka təzə girəndə çətin olur. Xofu adamı basır, əvvəl-əvvəl uyğunlaşa bilmirsən, yeni mühitdir, fərqli adamlardır, hər cür insan var orda. Ona görə də hər adam üçün çətin olur. Sonra adət elədim və indi heç onsuz dura bilmirəm. Sonra Votsapı da yüklədim, gördüm, onun üstünlükləri daha da çoxdur. Sonra ümumiyyətlə, telefon zənginə bir az ironiya ilə baxıram ki, Votsap, Messencer ola-ola adamlar niyə zəng edirlər ki?

- İnstaqrama da girirsiniz...

- İnstaqramdan bu gün daha çox istifadə olunur. İnstaqramı "bazar” adlandırmışdım, kitabda da yazmışam, bütün qarışıq malların satıldığı yer demişəm. İnstaqrama daha çox özlərini reklam edirlər - bəziləri özünü, bəziləri gördüklər işi, bəziləri də çeşid-çeşid malları. Feysbuku daha səviyyəli yer çevirmək mümkündür. Adamlar var ki, zaman keçdikcə görəcəklər ki, onların sərsəm fikirləri artıq reaksiya doğurmur. Bu cür fikirlər, bu cür sərsəm düşüncələr insanlarda bir-iki dəfə maraq doğura bilər, amma sonra adiləşir, insanlar daha ciddi, daha istedadlı, daha fərqli olan fikirlərə, ideyalara diqqət yetirilər.

- SMS-esselərdən danışmaq istəyirəm. Orda daha çox sənət, bir də öz yazacağanız yazıların sanki anonsunu verirsiniz bizə naməlum adama... Bu dövrdə, xüsusilə feysbukda elə söhbətlərlə qarşıdakı adamların diqqətini çəkmək nə dərəcədə aktualdır? Ümumiyyətlə, varmı?

- İndinin özündə də hərdən gənc yazar xanımlarla yazışıram, tövsiyələrimi verirəm, motivasiya edirəm. Yazmaq haqqında, oxumaq haqqında maraqlı söhbətlər olur. Bəzi yazışmalar var ki, kiçik bir hekayədir, essedir. Onunla həm öz fikrimi çatdırıram, deyirəm, həm də nümunə göstərirəm, yazmağın qayda-qanunlarından danışıram. Giley də var, narazılıq da var, həmin doğma adamdan hirs də var, qəzəb də var, sevginin ən yüksək məqamları da var. Bundan əlavə, kiçik hekayələrlə öz ovqatına təsir etmək də var. Belə qarışıq, fəqrli mətnlərdir...

- SMS-esselər mənə Martin Pajın "Yazı və yaşam kitabı”nı xatırlatdı. O da bir gənc xanımla olan sənət haqqında söhbətlərini kitab halına salmışdı...

- Ümumiyyətlə, bu, yazıçıların əksəriyyəti üçün keçərlidir. Dəfələrlə demişəm ki, gənclərin sevgisi, səmimi münasibəti, dostcasına rəftarı yaşlı birinə, xüsusən də yaradıcı adama stimul verir. Eyni şeylər gənclərə də aiddir. Özündən öncəki nəsillərin diqqətini, qiymətini görmək xoş olur. Vaxtilə belə söhbətlər məktubla olurdu, epistolyar janrda yazılar qələmə alınırdı. Amma indi SMS, mesaj, filan... Növbəti kitabda mənə gələn SMS-lər, minnətdarlıq, heyranlıq və sevgi mesajlarından ibarət yazıları toplayacam. İlk sənə dedim bunu. Formasını düşünürəm kitabın, necə edim, romanamı salım, yoxsa adi mesaj kimimi verim, bilmirəm hələ.

- Feysbukdan izlədiyim qədəri ilə son oxuduğunuz müəllif Harari olub. O, yeni texnologiyaların artıq süni duyğular yaradacağı haqqında yazırdı. Və ya İlon Mask beynə yerləşdirəcəyi çiplərdən danışdı. Bütün bunlar süni intellektin artıq hegemonluğu deməkdir. Sizcə, bədii ədəbiyyata necə təsir edəcək?

- Düzü, Hararinin kitabını oxuyanda mən çox pessimist oldum. Hətta Şahbaz Xuduoğludan da soruşdum ki, bu kitabı çap eləmək kiminsə ideyası olub, yoxsa onun şəxsi təşəbbüsüdür? Adətən, bu tip kitabları dünyanın böyük gücləri qəsdən yayır. Mən Almaniyaya gedəndə də gördüm, bu müəllif çox satılırdı. İnsanlarda xeyli dərəcədə pessimistlik yaradır. Gələcəkdə insan lazımsız bir məfvuma çevriləcək. Sanki bizi öz yaratdıqlarımızdan heç nə ilas edə bilməyəcək. İnsanın ən ali üstünlüyü duyğularıdır, onu da əlimizdən alsalar, heç nə olacağıq. Buna görə narahat oluram bəzən.

Yenə bir qədər fasilə yaranır. Elə bil, Rəşad Məcid də, mən də Hararinin yazdıqlarına artıq uduzmuş kimiyik.

- Rəşad müəllim, Qarabağ müharibəsindən sonra azərbaycanlılar kitabdan ayrı düşdü və hələ də yazarlar oxucu-milli mətn münasibətlərini yaxşılaşdıra bilməyiblər.

- Sən gəncsən, o illəri görmədin. İnsanların maddi vəziyyəti çox pisləşmişdi, çətin idi. Adamlar kitab almaq, roman oxumaq hayında deyildilər. Ədəbi jurnallar, qəzetlər çıxmırdı. Yazıçılar da ruhdan düşmüşdü. 90-cı illərin ortasında "525”də ədəbiyyat çap etməyə başlayanda mənə irad da tutmuşdular. Ramiz Rövşən demişdi ki, sən qəzeti batıracaqsan, camaat siyasətlə məşğul olur. Zaman göstərdi ki, yox, biz ədəbiyyatla qəzeti saxlaya bildik, getdikcə ədəbi mühit qaynamağa, yeni dərgilər, qəzetlər çıxmağa başladı. Qaldı ki böyük ədəbiyyatın yaranmasına, bəli, mən inanıram və görürəm ki, bizdə istedadlı cavanlar çoxdur. Rahat bir mühit olan kimi hamısı öz potensiallarını göstərə biləcək.

- Kitab tirajları çox aşağıdır və xarici ədəbiyyata uduzuruq...

- 30 il qabaq Türkiyə bizə həsəd aparırdı. Kitabların tirajı yüz minlərlə idi bizdə. Ancaq indi əksinədir. Nəşriyyat sistemi, ümumi kitab satışı şəbəkəsi düzgün qurulmayıb, demək olar ki, yoxdur. Bazar prinsiplərini qoruyan və oxucularla dil tapan yeganə nəşriyyat "Qanun”dur. "TEAS Press” də yaxşıdır, ancaq o, standartları çox yuxarıdan götürdü. "Qanun” kimi beş-on nəşriyyat olsa, vəziyyət düzələr, bəlkə. Rəqabət mühiti vacibdir.

- Son olaraq AYB-nin qurultayı və gənclərin namizədliyi haqqında nə deyərdiniz?

- Anar müəllim də dedi, qurultay gələn ilə nəzərdə tutulub. Namizəd olan gənclərə gəldikdə isə, mən həmişə gənclərin təəssübkeşi olmuşam, təşəbbüsü, üsyanı normal qəbul etmişəm və demişəm ki, 20 yaşında üsyankar olmursansa, sənin ürəyin yoxdur, 40 yaşında üsyankar olursansa, ağlın yoxdur. Elə o uşaqlara müzakirələrdə fikirlərimi demişəm. Sadəcə, fikirləşirəm ki, birinci növbədə ədəbi əsər yaratmalısan, özünü təsdiq etməlisən. Onların özünə də dedim ki, sizin sonuncu yekəxana bəyanatınızdan başqa diqqət çəkən nəyiniz var? Deyir, Anar müəllim məni tanımır. Anar müəllimin səni tanıması üçün nəsə yazmalısan axı. Mənə elə gəlir ki, bunu diqqət çəkmək üçün edirlər. Vaxt göstərər, əvvəl qurultay nümayəndəsi seçilərlər, sonra da qurultayda öz namizədliklərini verərlər, onda görərik neçə nəfər səs verəcək onlara.

- Təşəkkür edirəm!

- Gətir kitabları imzalayım...

Söhbətləşdi: Rəvan Cavid /artkaspi.az/

# 2366 dəfə oxunub

Müəllifin son yazıları

# # #