Yeməklərimizdəki donuz qatqıları haqqında

Yeməklərimizdəki donuz qatqıları haqqında
12 dekabr 2017
# 15:37

Aydın Əlizadə

Vaxtaşırı "halal" yeyəcəklərimizdə donuz qatqısının olması qalmaqalı ortalığa çıxır. Hər zaman bunun guya qarşısını alırlar, ancaq yenə də bu qalmaqallar bitmək bilmir. Özü də bu donuz qatqıları təkcə sosis, ya da kolbasalarda deyil, həmdə konfetlərdə, kekslərdə və başqa yeyəcəklərimizdə ola bilir. Hətta dərmanlarda da vardır.

Bunun da qarşısını necə almaq olar? Heç necə. Bu olub, var və olacaq. Hətta Səudiyyə, İran kimi fundamental İslam ölkələrində bu qalmaqallar olur.

Beləliklə müsəlmanların donuz qatqılarını yeməsi ehtimalı həmişə vardır. Bəlkə də onları hər gün yeyirlər, xəbərləri də olmur. İndi gör nə boyda günah sahibi olur möminlər!

İndi nə etməli? Çıxış yolu birdir. Donuz qatqılarının haram olmamasını elan edib bu biabırçılıqlardan qurtarmaq. Çünki hər dəfə belə şey ortalığa çıxanda bütün dünya müsəlmanlara gülür. Həm də onları halal biləndən sonra gör nə qədər müsəlman Allah qarşısında günahdan qurtaracaq, cənnətə girəcək!

Yəni fətva belə verilməlidir ki, donuz ətini yemək olmaz. Bu Quranda var və bunu heç kəs ləğv edə bilməz. Ancaq donuz qatqıları donuz ətinin yeyilməsi deyil. O çox az miqdarda qatılır, özü də bir neçə dəfə emal edilmiş halda. Əslində o qatqıların heç donuzluğu da qalmayıb, halları dəyişib.

Beləliklə bu kimi fətva verilsə hamının qalmaqallardan, biabırçılıqlardan və günahlardan canı qurtarar. İslamı reform etmək zamanımızın tələbidir. Qalmışıq orta əsr düşüncəsində ki, o zamanlar emal olunmuş qida anlayışı olmamışdı.

İndi xristian olanda nə olsun? Həvari Pavelin Əhdi-Cədiddə məhz donuz əti haqqında gözəl kəlamı var. Demişdir ki, insanı murdarlayan onun içinə girən şey deyil, ondan çıxan şeydir. Yeyəcək haramını qabarmaqdansa, davranışda, sözdə, yaşamda, mənəviyyatda haramlığı və murdarlığı ortadan qaldırmaq lazımdır. Yoxsa bax qidada donuz qatqısı var, ya yox? Ondan sənin mənəviyyatınmı düzəlir, ya mədəniyyətinmi artır?

# 1234 dəfə oxunub

Müəllifin son yazıları

# # #