Çimərlik şəkli ilə səs-küy salan şair: "Azərbaycan oxucusu məni anlaya bilməz..."

Çimərlik şəkli ilə səs-küy salan şair: "Azərbaycan oxucusu məni anlaya bilməz..."
25 iyul 2019
# 13:20

Kulis.az son günlər sosial şəbəkələrdə çimərlikdəki fotosu ilə diqqət çəkən şair Yafəs Türksəslə qısa müsahibəni təqdim edir.

- Çimərlik paltarında çəkdirdiyin foto feysbukda xeyli müzakirələrə, ironiyalara səbəb oldu. Səncə niyə cəmiyyətin qəzəbinə tuş gəldin?

- Azərbaycan xalqı indi böyük hadisələr gözləmir. Xalq bu duruma öyrəşib, cəmiyyət oturuşub. Kiçik hadisələr, artıq böyük hadisə sayılır. Birinci və əsas səbəb budur.

- Əksəriyyət sənin yaş kriteriyanı nəzərə alaraq, bunu sənə yaraşdırmadı...

- Bu məsələdə yaş, paxıllıq, istirahətə gedə bilməmək, sevgili qazana bilməmək, maddi çətinlik, mühafizəkarlıq, məni ermənipərəst bilmək, Səməd Vurğunu aşağılayan biri kimi təqdim olunmağım və əlbəttə mental dəyərlərə toxunmaq kimi çoxsaylı səbəblər var.

- Sən Səməd Vurğunu, Ramiz Rövşəni, Vaqif Bayatılını şair kimi tənqid etmisən. Bəs kimdi sənin üçün böyük şair?

- Dediyin şairləri bəyənirəm. Amma yerlərini, haracan olduqlarını göstərirəm. Tam bəyənmək mümkün deyil heç kimi. İndiki estetikayla baxanda, Dostoyevski kimi nəhəng də uzunçu, cansıxıcı görünür. Mən fetişləşdirməyin əleyhdarıyam. Ramiz Rövşəndə şeirlər bir qütblüdür. “Hamıdan küsüb gedirəm” kimi birqütblü yazmağın əleyhinəyəm.

- Ailəli qadınla fotolarını paylaşırdın. Bu sənin üçün problemlər yaratmadı?

- Əlbəttə, həm məşhurlaşdırdı, həm də hörmətdən saldı müəyyən təbəqələrdə. Gərək etməyəydim, dostluğu aşiq-məşuqluq kimi anladılar.

- Axı sən onu sevdiyini deyirdin...

- Sevgi olub. Sonra möhkəm dostluğa çevrilib. Amma müəyyən zaman kəsiyində hər ikimiz acığa özümüzü cəmiyyətə sevgili kimi təqdim etdik. Bu da xoşagəlməz nəticələr verirdi.

- Ümumiyyətlə, niyə tez-tez şəxsi məsələlərinlə gündəmə gəlmək istəyirsən?

- Vallah, qəribçilik idi, ömrümdə birinci dəfə çimərlik şəkli paylaşmışdım. Heç ağlıma gəlməzdi gündəm olacaq. Mənim tanınmağa ehtiyacım yoxdur, televiziyadan bütün xalq görür məni.

- Zatən cəmiyyət içində diqqət çəkirsən, amma niyə mətnlərinlə gündəm yaratmırsan?

- Mətnlərim hazırlıqlı oxucular üçündür. Onlar çox sevir məni. Azərbaycanın ən irəli getmiş oxucular təbəqəsi hələ Ramiz Rövşənin oxucularıdır. Ən müasir şeirləri olsa-olsa 100 adam anlayır.

- Yəni demək istəyirsən ki, Azərbaycan oxucusu sənin mətnlərini anlaya bilmir?

- Bəli, əksəriyyəti anlamır, çaşır oxuyanda. Ənənəvi düşüncələri dağıdıram axı.

- Özünü post şair hesab edirsən. Ancaq statuslarında redaktə səhvləri edirsən. Niyə?

- Azərbaycan dili qrammatikasını hələ orta məktəbdən yaxşı bilirəm. Fərqlənməylə bitirmişəm orta məktəbi. Səhvlər tələsiklikdən olur, yazandan sonra, baxıram ki, cümlələr əyri-üyrü görünür. (gülür)

- Bəlkə sən də xalq şairi adı almaq istəyirsən?

- Xalq şairi adı mənim bütün yaradıcılığımın, şəxsiyyətimin məhvi olardı. Məhv! Anlayırsanmı?!

- Niyə?

- Bütünlüklə! Şeirlərimdə dediklərimi danmaq olardı!

- Rusiyaya niyə tez-tez gedirsən?

- İldə bir dəfə gedirəm. Həm səyahət, həm istirahət, həm də mənə maddi kömək edən qohumlar, kəndçilər, dostlar var...

- Rusiyada şair kimi tanınırsan?

- Oradakı insanlar şair kimi də, haqq sevər insan kimi də tanıyırlar məni. Əsl oxucularım isə təbii ki, azdır.

- Sonda səni trollayan gənclərə nələr demək istəyərdin?

- Müasir düşüncəyə çatmağa çalışsınlar. Hər sahədə. Bütün sahələrdə çox geriyik. Proqressiv insanları qorumağa çalışsınlar. Yoxsa, məhvə gedərik.

# 3132 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #