Mir Cəlal müsabiqəsinin qalibləri mükafatlandırıldı

Mir Cəlal müsabiqəsinin qalibləri mükafatlandırıldı
23 may 2018
# 16:40

Mayın 23-də İçərişəhərdəki “Ədibin Evi”ndə Mir Cəlalın xatirəsinə həsr olunan hekayə müsabiqəsinin qalibləri mükafatlandırılıb. Müsabiqə müasir Azərbaycan ədəbi prosesinin və hekayə janrının inkişafına təkan vermək məqsədilə keçirilib.

Tədbirdə Xalq Yazıçısı Elçin görkəmli yazıçı və alim Mir Cəlal Paşayevin zəngin yaradıcılığından, elmi və pedaqoji fəaliyyətindən və nəcib insani keyfiyyətlərindən danışıb. Bildirib ki, böyük ədib və alim Mir Cəlal Paşayev müdrik insan, nəcib şəxsiyyət idi. Yazıçının müxtəlif janrlarda olan bədii əsərləri həm mövzu zənginliyi, həm də dil və üslub xüsusiyyətlərinə görə böyük maraq doğurur.

Elçin qeyd edib ki, ictimai fikrin formalaşmasında və inkişafında böyük xidmətləri olan dərin zəka sahibi Mir Cəlal Paşayev həm böyük ədib, alim, həm də görkəmli pedaqoq kimi Azərbaycan ədəbiyyatında özünəməxsus yer tutur. “Hekayə janrının XX əsrin ortalarında tam şəkildə formalaşmasında, Azərbaycan ədəbiyyatının, nəsrinin aparıcı janrlarından birinə çevrilməsində görkəmli ədibin böyük rolu olub. Bu rol ikili səciyyə daşıyırdı. Mir Cəlal müəllim bir tərəfdən ədəbiyyatşünas alim kimi hekayə janrının mahiyyətini, xüsusiyyətlərini açıb göstərir, onun tədqiqi və təbliği ilə məşğul olurdusa, digər tərəfdən, özünün hekayələrini yazırdı. Bu mənada yazıçı hekayə janrının yüksək bədii-estetik səviyyəyə çatmasında mühüm rol oynayıb”, - deyə Xalq Yazıçısı söyləyib.

Ədəbi mühit barədə fikirlərini bölüşən yazıçı müsabiqəyə təqdim olunan hekayələrin ölkəmizdə bu janra olan maraqdan, həmçinin gənclərin dünyagörüşünün genişlənməsi və yaradıcılıq qabiliyyətinin püxtələşməsi üçün mütaliənin böyük rolundan bəhs edib.

“Ədibin Evi”nin əməkdaşı Elnur İmanbəyli müsabiqə barədə məlumat verib. O deyib ki, müsabiqəyə 6 dildə 389 hekayə təqdim olunub. Müsabiqə iştirakçıları arasında 165 məktəbli, o cümlədən 20 əcnəbi vətəndaş da var. Qaliblər Xalq Yazıçısı Elçinin sədrliyi ilə tanınmış yazıçı və tənqidçilərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib.

Sonra müsabiqənin qalibləri diplom və pulla mükafatlandırılıb. İki nəfər ikinci, altı nəfər isə üçüncü yerə layiq görülüb.

Tədbirdə “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə, Əməkdar İncəsənət Xadimi İlham Rəhimli, Xalq Şairi Nəriman Həsənzadə, Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid görkəmli yazıçı Mir Cəlalın alim və müəllim kimi şəxsi keyfiyyətlərindən, yaradıcılığının özəlliklərindən danışıb, onunla bağlı xatirələrini bölüşüblər.

Alimin ailəsi adından oğlu, “ADA” Universitetinin rektoru, professor Hafiz Paşayev çıxış edərək belə bir tədbirin ərsəyə gəlməsində zəhməti olan hər kəsə təşəkkürünü bildirib. Atasının xatirəsinə göstərilən ehtiramdan məmnunluğunu ifadə edən Hafiz Paşayev onunla bağlı xatirələrini bölüşüb, Mir Cəlal Paşayevin yaradıcılığının gələcək nəsillər üçün də örnək olduğunu vurğulayıb. /azertag.az/

# 1070 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #