Azərbaycanlı şairin şeirləri italyan antologiyasında

Azərbaycanlı şairin şeirləri italyan antologiyasında
24 avqust 2016
# 12:49

İtalyan şair Cakomo Leopardiye həsr olunmuş antologiyada azərbaycanlı şair Nihad İsanın şeirləri dərc olunub. Kulis.az həmin şeirləri təqdim edir.

Qüsul

Ara bir eşidilən rənglər,

yalanlar, qaranlıqda yox olanlar,

ünvansız elanlar

məni dəyişdirəməz.

Mən rəng deyirəm,

ümidsiz təriflərlə

bəzənmiş cümlələrdə

yaşayan eşqlərə!

Öksüz, yetim

arzulara .

Gözlərim saçını öpmək istəmir,

qolum sarılmağa tələsmir daha,

zaman da dayanmaz əvvəlki kimi,

baxıb üz gözünə etməz tamaşa.

Ətrin bədənimdə yer tapmır artıq

başqa düşüncələrlə qoşa sürünür.

Bir gedim yuxumu suya danışım,

bu eşqin qüsulu asan görünür.

Təpədən dırnağa biz olmalıydıq!

Hava soyuq idi.

Uzun plaşım, tənhalığa dalmış “məni” qorxudurdu...

Səksənirdim...

Amma, başımdakı boz papağın verdiyi rahatlıqla gəzirdim.

Daha doğrusu gedirdim...

Üzü sənə doğru...

Sən, məni gözləmirdin,

amma qapını açmağım sənə qəribə rahatlıq verirdi.

Azad olurdun!

Mənim azadlığımı təhdid edirdin.

Sevinirdin...

Amma, gülüşlərin sevincini gizlədirdi.

Qəribədir...

Gözlərinin gözlərimlə sorunu nə?

Bu anlamsız savaş nə zaman bitər?

Və ya bitərmi?!

Bilmirəm...

Küsdüyümüz fəsil idi.

Ayaqlarım biixtiyar daha becid yeriyirdi...

Bunun da səbəbini bilmirəm.

Bəlkə uğursuzluqlardan bezmişdi ayaqlarım?!

“uğursuzluq”və ayaqlarım boşanmaq istəyən

cütlükdü sanki...

Nəfəsimdən çıxan buxar isə

Hər zamankından daha inadlı idi.

Bu buxar cütlüyü özünə aşiq etmişdi...

Beləliklə...

Halımdan razıyam, demək olardı...

Nəfəsimə görə hər addımda şükür edirdim.

Xoşbəxt bir xəstə idim...

Bu hər dəfə özünü göstərirdi.

Onu görməyimə məmnun olmağa calışırdım.

Sağ-sola diqqətlə baxıb, qapını çalacaqdım...

Qoxundan bir nəfəs ciyərlərimi rahat edə bilərdi.

Amma, mənim rahatlığımdan narazı kimi

danışmağa başlardın...

sevgi bu səfər, məni saxlayan varlığa dönüşərdi.

Eşqimizin mücərrəd cəhətini əziz tutardıq.

Gəl ki, bircə dəfə də olsun,

biz mücərrəd ola bilməmişik.

Çünki, nələrəsə hakim ola bilmə zənni

bizi aldadır...

bizə əngəl olur...

Heç suya dönüşüb bu əngəli sel gücüylə

aşmağı da bacarmadıq.

Sən yağışı səslədin,

mən qarların əriməsini, Günəşi!

Amma,o gecə...

Plaşımın məni qorxutduğu,

ayaqlarımın zərif uğursuzluqlarla boşanmaq istədiyi

və mənim sənə hər addım daha da aşiq olduğum gecə,

sözlərin yerini

təbəssümlü busələr tuta bilərdi...

Tutmadı...

Buna ən çox yazdığım vərəq üzüldü!

Qələmin göz yaşları necə ağrılı?!

Deyəsən çox mürəkkəbik biz.

Mücərrəd varlığa dönüşmək üçün,

ucalan, tərləyən, ağlayan əllər,

baxan gözlər, təbəssümlü dodaqlar,

öpüşlər, yeriyən ayaqlar,

əyilən, sürtülən, taqətli dizlər,

eşqdən yaranan söz olmalıydıq...

təpədən dırnağa biz olmalıydıq.

* * *

Gürültü sevməm.

Səssizlik tərcihimdir.

Səs küylü xəyalın

sükutumda əridi.

Bəzən fırtınalar sükutla barışarmış...

Bu sükut ağrıdır sümüklərimi.

Bu ağrı yeganə həqiqət olub!

Cəzasın çəkərək dözümlü məhbus,

əlehinə dayanan hər sübutla barışarmış.

Bəzən fırtınalar sükutla barışarmış...

Olarmı bir neçə sual soruşum?!

Qaranlıq zindanın nəm otaqları

günahkar deyilmi, lap az da olsa?

Bir dəmir dolçada verdiyin zəhər,

daşdan bişirdiyin eşq təamları,

həzm olunmaz gözəlliyin,

busələri qışqıraraq səsləyən gözlərin,

bizlərə işgəncə üçün,

bizləri edam üçün uzatdığın zülfün ...

o siyah zülfün günahkar deyilmi məgər?

İndi zülfündən,

gözlərinin səsindən,

boş dolçanın şikayətlərindən,

turşutduğu üzündən,

daş təamların ətrindən, dadından qurtulmuşam!

Azadlığa, səssizliyə qovuşmuşam!

Gürültü sevməm.

Səssizlik tərcihimdir.

Sən demə üsyan da, məhbəs də, əzab da

şairə yaraşarmış.

Sonda fırtına mütləq sükutla barışarmış!

* * *

Soyuq məhəbbət.

Öpdüm.

Dodağım dodağından

ayrılan anda,

o soyuq küləklər keçdi aradan ...

Məsafə böyüdü,

böyük boşluğu

buz ilə doldurdu yücə yaradan.

Bu boşluq bəmbəyaz səhraya döndü ...

Üşüdün!

Mən sənin halına baxıb,alışdım.

Öncə qulaq oxşayan həzin yağmurun

sonuncu damlası havada qaldı...

Səni öpdüyüm an donsam, dərd etməm!

Bu sonsuz buzlaqdır yandıran məni.

Nə mutlu insanam,

sönə bilmirəm!

Bu bəyaz səhranı qət eyləməyə

Atəşim, alovum güc verəcəkdir!

Əgər gözlərin donsa, məni görməsən,

gözündə buzları əridəcəkdir!

Məhəbbət soyuqdur!

Hicransa atəş ...

Vüsal cənazədir,

omuzda gəzər!

Hicranla eşqimi xərc edər canım,

Bir gün vəslə yetib,dünyadan gedər!

Sevərək qaladım ocaq buz üstdə...

Yerə düşməyən sonuncu damla,

mən öldüyüm anda yaş olub axar...

Aləmi su basar,boğar hər kəsi!

Qəhərin düyünü hər bir boğazda

susdurar oradan yüksələn səsi.

Hələ ki, titrəyər donmuş ağızlar,

amma, verə bilməz mənə əziyyət!

Əgər bu dünyada varsa məhəbbət,

var olsun hicranım, qoy çəkim həsrət!

# 1409 dəfə oxunub

Müəllifin son yazıları

# # #