Doğum günümüzü xatırlaya bilirikmi? – Elmi analiz

Doğum günümüzü xatırlaya bilirikmi? – Elmi analiz
12 oktyabr 2019
# 13:03

Nuranə Süleymanlı

Əsl "mən"in harda və ya nə olduğu haqqında heç bir fikrim yoxdur deyərdim, amma bir neçə müddətdir oxuduqlarım məndə bəzi fikir dəyişikliklərinə səbəb olub.

Məsələn: azad iradəmizin olmaması, birdən çox "mən"ə sahib olmağımız, bağırsağımızın "ikinci beyin" (mikrobiomumuzla bağlı) adlandırılması və beynimizlə sıx əlaqədə olması və sair.

Qərar verən kimdir? Qərarları özümüz vermiriksə, bəs, "öz" dediyimiz şəxsiyyət nədir? Ümumiyyətlə, "öz" varmı? Mənə elə gəlir ki, biz tamamilə yaddaşdan ibarətik, yəni "hipokampus"dan (Hipokampus - beynin "medial temporal" lobunda yer alan, yaddaş və istiqamət tapmaqla bağlı məsələlərdə vacib rola sahibdir və sair) ibarətik.

Nə üçün bu fikrə düşdüyümü oxuduğum kitabdan sitatlar gətirərək qısaca açıqlayım.

Beynimiz və bədənimiz həyatımız boyunca dəyişməyə davam edir. Məsələn: qırmızı qan hüceyrələrimiz hər 4 aydan bir yeniləri ilə əvəzlənir, dəri hüceyrələrimiz bir neçə həftədən bir yenilənir. Hardasa 7 il ərzində bədənimizdəki hər bir atom parçası yerini yenilərinə verir. Fiziki baxımdan nəzərə alsaq əgər, biz, daimi olaraq yeni bizə çevrilirik.

Dəyişməyən şey isə beynimizdəki "yaddaş"dır. Bizi biz edən, şəxsiyyətimizin mərkəzində yer alan, bütünlük və daimiliyə sahib bir "mənlik” duyğusunu yaşadan şey yaddaşımız ola bilər.

Amma ortaya bir problem çıxır. Yaddaş da bizi (hansı bizi?) yanılda bilər. Bunun səbəbi isə beynimizdəki neyron sayların məhdud olmasıdır. Məsələn, təsəvvür edin ki, parkda gəzirsiniz və 4 ayrı zaman kəsimində yaşamış özünüzlə qarşılaşırsınız. Birinin 6+, birinin 15+, birinin 25+, bir digər sizin isə 50+ yaşı var, deyək. Belə bir ssenaridə hamınız parkda əyləşib xatirələrinizi bölüşə bilər, şəxsiyyətinizi bir arada saxlayan o görünməz ipi gözə görünən edə bilərsiniz. Hamınızın adları və keçmişləri eynidir, amma əsl məsələ, fərqli dəyərləri, hədəfləri olan və bu baxımdan bir-birindən fərqlənən müxtəlif şəxsiyyətlər olmanızdır. Xatirələrinizdəki bəzi məqamlar da, hal-hazırdakı yaddaşınız səviyyəsində olmaya bilər. 15 yaşında necə biri olduğunuzla bağlı xatırladığınız, 15 yaşındaykən necə biri olduğunuzla bağlı gerçəklərdən fərqlidir. Hətta keçmişdəki bəzi xatirələriniz də bir-birindən ayrılacaq. Bəs, nə üçün bu belədir?

Bir xatirə, yaşadığınız bir anın həssas videolenti deyil, keçmiş zamana aid kövrək bir zehni vəziyyətdir: xatırlamaq üçün o xatirəni yenidən diriltmək lazımdır. Xatirələrimiz diriləndə həmin anı nə qədər reallığa uyğun xatırlaya bilirik?

Bir misal gətirim: dostunuzun doğum günü üçün restorana gedirsiniz. Müşahidə etdiyiniz hər şey, beyninizdə fərqli fəaliyyət mərkəzlərinə daxil edilir. Məsələn, “fərqli fəaliyyət mərkəzi” dedikdə, nəyi nəzərdə tutduğumun qısa izahını verim: həmin restoranda olanda hiss etdiyiniz qəhvə qoxusu ayrı bir mərkəzin fəaliyyət sisteminə aiddir, yediyiniz ballı tortun dadı başqa bir fəaliyyət mərkəzinə aiddir, ofisiantın bardağa toxunması isə başqa bir fərqli neyronların tənzimlənməsinə aiddir. Və bütün sadaladığım bu ayrı qruplar, neyron əlaqələndirmələrinin (bir-birləri ilə) təməlindəki geniş bir neyron şəbəkəsi içində bir-birləri ilə bağlıdırlar. Hipokmpusun da bu məlumatları dəfələrlə təkrarlaması, neyronlar arasındakı əlaqələri sabitləyir, eyni anda aktiv olan neyronlar bir-birləri ilə daha güclü əlaqələr qurur. Nəticədə, ortaya çıxan (həmin anla bağlı yaranan) neyronal şəbəkə (neyronlar toplusu) bir-birləri ilə eyni xüsusiyyətlərdədir və doğum gününə aid olan xatirələri təmsil edir.

Biz fərqinə varmırıq, amma xatirələrimiz bizim bildiyimiz qədər detallı deyillər. Dostlarımızın orada olduğunu bilirik, filan qədər adam var idi, kostyum geyinmişdilər və sair xatırlayırıq, amma hansı dostumuzun nə rəngdə paltar geyindiyini xatırlaya bilmirik və zamanla həmin doğum gününü beynimizdə canlandırmağa çalışarkən görürük ki, artıq daha az detallar xatırlayırıq. Deməli, doğum günü ilə bağlı xatirələrimiz artıq solmağa başlayır. Niyə? Çünki biz məhdud sayda neyronlara sahibik və hər biri birdən artıq vəzifə daşıyır. Bu neyronlar yaşadığımız müddətdə daimi olaraq dəyişikliyə məruz qalır. Bu səbəbdən də digər neyronlarla bağlanmasına dair üzərlərində daimi bir təzyiq vardır. Doğum günü ilə bağlı xatirələrinizin solması da həmin neyronların başqa bir neyronal şəbəkəyə qatılması zərurətindəndir.

Yuxarıda da qeyd etdiyim kimi: neyronlarımız məhdud saydadır. Qısacası, xatirələrinizi unutmağınızın səbəbi zaman deyil, yeni xatirələrinizdir. Hər yeni xatirə məhdud sayda olan neyronlarla şəbəkə yaratmaq məcburiyyətindədir. Və zamanla həmin doğum günü ilə bağlı xatirələriniz daha şübhəli hala gələr. Məsələn, deyək ki, doğum günündən 6 ay sonra orada iştirak edən tanıdığınız bir cütlük hansısa səbəbdən ayrılır. Doğum günündə iştirak edən həmin cütlüyü xatırlamağa çalışanda aralarında olan soyuqluğu sezmiş olduğunuz yanılmasına qapılarsınız və zənn edərsiniz ki, doğum günündə həmin cütlük arasında bir soyuqluq var idi, o gün daha durğun idilər sanki. Bundan dəqiq əmin olmanız da artıq mümkün deyil, çünki doğum günü ilə bağlı olan neyronal şəbəkənin içində olan neyronlar, yeni neyronlarla əlaqə qurmaq məcburiyyətində qaldığı üçün artıq xatirələrinizi dəyişdirir. Yəni qısacası, həmin hadisəni, yaşadığınız fərqli zaman dilimlərində xatırlamağa çalışsanız, reallıqdan uzaq, daha fərqli xatırlayacaqsınız. Dəqiq xatırlamaq üçün beyniniz həmin xatirəyə başqa (real olmayan) mənalar yükləyəcəkdir. Həmin cütlüyün arasındakı soyuqluğu sezdiyinizi zənn etdiyiniz kimi.

Gördük ki, yaddaşımız da təzyiqlərə (yeni xatirələrə) məruz qalaraq dəyişikliyə uğrayır. Onda biz kimik? Yaşadığımız hər zaman diliminə görə başdan sona qədər dəyişiriksə, onda biz, hal-hazırkı zaman dilimində kimiksə, hələlik o şəxslərik?

# 2874 dəfə oxunub

Müəllifin son yazıları

# # #