Moskva Şəhər Dumasında rəssamımızın sərgisi açılıb

Moskva Şəhər Dumasında rəssamımızın sərgisi açılıb
1 oktyabr 2019
# 09:55

Moskva Şəhər Dumasında Rusiyanın və Azərbaycanın Əməkdar rəssamı Əsgər Məmmədovun “Nar dalğaları” adlı fərdi sərgisi açılıb.

Sərgidə rəssamın Azərbaycan və Rusiya, Qarabağ, Bakı mənzərələri və digər mövzularda çəkdiyi peyzajlar, natürmortlar, portretlər nümayiş olunur.

Sərginin açılışında çıxış edən Moskva Şəhər Dumasının sədri Aleksey Şapoşnikov deyib ki, rəssam Əsgər Məmmədovun əsərlərinin əksəriyyətində nar əks olunub. “Biz bilirik ki, narın ilin günləri qədər - 365 dənəsi var. Qoy, hər günümüzü bu gün Moskva Şəhər Dumasını bəzəyən sənət əsərləri bəzəsin”, - deyə o bildirib. A.Şapoşnikov vurğulayıb ki, Rusiya ilə Azərbaycanı mehriban dostluq əlaqələri birləşdirir və bu münasibətlər bundan sonra da möhkəmlənəcək.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Əsgər Məmmədovu fərdi sərgisinin açılması münasibəti ilə təbrik edib. Səfir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ müharibəsi zamanı Ə.Məmmədovun əsərlərinin saxlandığı ev-muzeyinin yandığını və rəsmlərin məhv olduğunu vurğulayaraq deyib: “Lakin o, ruhdan düşməyib, işləyir və yeni əsərlər yaradır. Sərgidə gördüyünüz rəsmlərdə Vətən həsrəti hiss olunur. Əsgər Məmmədov doğma Vətəni Azərbaycanı, Qarabağı heç zaman yaddan çıxarmır”.

P.Bülbüloğlu A.Şapoşnikovu yenidən Moskva Şəhər Dumasının sədri seçilməsi münasibəti ilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayaraq deyib: “Moskva Şəhər Dumasının VII çağırış deputatlarını təbrik edirəm. Moskvada çoxlu sayda azərbaycanlı yaşayır və işləyir. Biz Rusiya paytaxtında baş verən hadisələrə biganə deyilik. Deputat korpusuna fəaliyyətlərində uğurlar arzu edirəm”.

Mərasimdə çıxış edən tarix elmləri namizədi Manaf Ağayev, Rusiyanın Əməkdar rəssamı Pavel Boyko, şair Sultan Mərzili, “Dirçəliş və Ümid” Xeyriyyə Fondunun rəhbəri İrina Boqaçyova rəssamın yaradıcılığında söhbət açıblar.

Əsgər Məmmədov sərginin təşkilinə görə Moskva Şəhər Dumasına təşəkkürünü bildirib. O qeyd edib ki, sərgidə təqdim olunan əsərlərin əksəriyyəti Azərbaycana həsr edilib: “Mənim 50 illik yaradıcılıq yolumun başlıca ilham mənbəyi Azərbaycandır. Yaratmaq əzmini və gücünü də məhz Vətənimdən alıram”.

Sərgi oktyabrın 11-dək davam edəcək. /azertag.az/

# 2467 dəfə oxunub

Müəllifin son yazıları

# # #