Vyanada azərbaycanlı musiqişünasın xatirəsi anılıb

Vyanada azərbaycanlı musiqişünasın xatirəsi anılıb
2 iyul 2019
# 09:59

Vyanada yerləşən “Academia Musica” tədris mərkəzində tanınmış Azərbaycan alimi, musiqişünas, Əməkdar incəsənət xadimi, professor Şəhla Mahmudova-Həsənovanın (1956-2018) xatirəsinə həsr olunmuş musiqili axşam keçirilib.

Vyanada fəaliyyət göstərən “Culture Meeting Point” mədəniyyət assosiasiyası tərəfindən “Sehrli səslər evciyi” adı altında təşkil olunan tədbirdə çıxış edən qurumun musiqi üzrə rəhbəri, incəsənət üzrə fəlsəfə doktoru, musiqişünas Fərəh Tahirova bildirib ki, dünyadan vaxtsız köçmüş Şəhla Mahmudova-Həsənovanın xatirəsinə ithaf edilən bu axşam uzun illər onun aparıcısı olduğu uşaqlar üçün populyar televiziya verilişinin adını daşıyır. 1974-1994-cü illərdə efirə gedən, uzun illər Şəhla xanımın müəllifi və aparıcısı olduğu bu veriliş Do-Re-Mi adlı qəhrəmanın iştirakı ilə uşaqların sevimlisi idi, eyni zamanda, onlarda musiqiyə maraq aşılayırdı.

F.Tahirova qeyd edib ki, böyük maraqla seyr etdiyi bu veriliş onun da musiqişünas kimi yetişməsində müstəsna rol oynayıb.

Sonra o, Ş.Mahmudova-Həsənovanın yaradıcılığının əsas məqamlarına nəzər salıb, tədbir iştirakçılarına azərbaycanlı alim və musiqişünasın şəxsi arxivindən götürülmüş foto və digər materiallar əsasında ətraflı məlumat verib.

Tədbir “Sehrli səslər evciyi” televiziya verilişinin ənənəsinə uyğun olaraq davam edib.

Daha sonra baş tutan konsertdə “Academia Musica” tədris mərkəzinin şagirdləri ilə yanaşı, Vyanada yerləşən Rixard Vaqner adına Konservatoriyanın vokal kafedrasının tələbələri F. Tahirovanın fortepianoda müşayiəti ilə çıxış ediblər. /azertag.az/

# 1617 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #