Dünyanın ən xəsis qadınının inanılmaz həyat hekayəti

Dünyanın ən xəsis qadınının inanılmaz həyat hekayəti
28 iyul 2018
# 16:57

Gənc yazar, tərcüməçi Afət Natiqin "Dünyanın ən varlı xəsis qadını" araşdırma-yazısını təqdim edirik.

81 yaşındakı Henrietta Howland (Hetty Green) oğlunun evində vəfat edir. Əynində köhnə və çirkli geyimlər vardı; böyük ehtimalla onu görən heç kim Amerikanın ən zəngin qadınlarından birinin olduğunu düşünməzdi.

Bir zaman dünyanın ən zəngin qadını olan Hetty Green, 21 avqust, 1837 tarixində ABŞ-ın Massachusetts əyalətinin New Bedford bölgəsində dünyaya gəlib. Uşaqlıqdan atasının himayəsində böyüyüb. Henriettanın ailəsi ölkənin ən öndə gedən şirkətlərindən birinə sahib idi. İş dünyasında qəddarlığı ilə tanınan atası balina biznesi ilə məşğul olurdu. Bu ailə şəhərin ən zəngin ailəsi idi. 6 yaşından etibarən iqtisadiyyat xəbərlərini oxumağa, izləməyə başlayan Green, ilk dəfə bank hesabını açanda hələ 8 yaşında idi. Eyni zamanda riyaziyyatdan da mükəmməl bacarığa sahib idi. 14 yaşında artıq şirkətin mühasibat işlərini ələ almağa başlamışdı. Bir çox ödəmələri o idarə edirdi.

Henrietta gəncliyində mavi gözləriylə diqqət çəkən gözəl bir qız idi.O, 20 yaşında olarkən atası onu ailə qura biləcəyi bəzi şəxslərlə tanış edir. Lakin onun fikri daha çox maddi işlərlə məşğul olduğu üçün münasibət və ya evliliyə marağı yox idi. Sadəcə pulu düşünürdü. Ancaq zaman axıb gedirdi. Henrietta atasını itirdikdən sonra şirkətin başına keçir. Greenə 7,5 milyard dollar miras qalmışdı. Həmin ərəfədə zəngin olan xalasının da vəfat etməsiylə Hetty Green, daha bir böyük mirasa da sahib olur. Bu sərvəti bir çox yatırıma xərcləyir və nəticələri olduqca müsbət olur. Sonra zəngin bir ailənin oğlu olan Eduard ilə evlənir. Evlilikdən öncə onun puluna dəyməyəcəyinə dair yoldaşına müqavilə imzalatdırır. Bir müddət sonra Londona köçürlər və iki uşağı dünyaya gəlir. Ancaq Henrietta ailəsinə çox zaman ayıra bilmirdi və yatırımlarını artırmağa davam edirdi. Henrietta ömrü boyu milyonlarla dollara sahib olan, ancaq onu xərcləmək qorxusu olan bir iş qadını idi.

Sonunda pula olan hərisliyi o qədər artmışdı ki, artıq onu nə xərcləyir nə də ailəsinə xərcləməyə imkan verirdi. Yaşadıqları məkan olduqca kiçik və baxımsız idi. Uşaqları məktəbə çirkli və çox geyinilmiş paltarlarla gedirdi. İşə gedəndə hər zaman naharını da özü ilə aparırdı. Beləliklə kənarda satılan qidalara pul xərcləmirdi. Evin bütün alış-verişini özü edirdi bununla da kiminsə əlavə pul xərcləməyinin qarşsını alırdı. Parçalanmış və dağılmış olduğu üçün endirimdə olan şirniyyatlardan alırdı. Eyni zamanda aldığı məhsulun qabını geri qaytararaq pula çevirirdi. Hətta yolda gedərkən gördüyü mismarları götürür, yenidən işlətmək üçün evinə aparırdı. Geyimlərini yalnız geyinilməsi mümkünsüz hala gəldiyi zaman yeniləyirdi. Əllərini çox az yuyurdu. Bir gün at arabasıyla gedərkən əlindəki pullardan ikisini itirdiyini hiss edib, arabanı saxlayıb, dəyəri çox az olan pulu, arabaçıya saatlarla axtarmağı tapşırıb. Geyimlərini yumaq üçün verdikdə, sadəcə çirkli hissələrinin yuyulmasını tapşırırmış. Çox sabun və su istifadə olunmasın deyə. Bu səbəbdən də geyimləri çox köhnə və çirkli görünürdü. Özü də çox pis qoxuyurmuş, çünki Henrietta duş qəbul etdiyi suyu saxlayar və təkrar-təkrar istifadə edərmiş. Bu vəziyyət uşaqları üçün də keçərli imiş. Oxuduğu qəzeti təkrar satmaq üçün 11 yaşlı oğlu Henriyə verirmiş. Bir dəfə qəzet satarkən yolda yıxılan 11 yaşlı Henryinin ayağı sınır. Onun müalicəsinin ödənişsiz olması üçün kimsəsizlərə aid bir mərkəzə aparır. Çox şəraitsiz olan bu mərkəzdə ayağına mikrop düşür və qanqren olduğu üçün kəsilmək məcburiyyətində qalır. 20 il sonra Henrietta da xəstələnir və həkimlər əməliyyat üçün 150 dollar istəyir. Henrietta isə: “Hamınız eynisiniz, hamınızın dərdi puldur, acgözlər!” deyir.

New Yorkda 81 yaşında, xidmətçisiylə südlə bağlı məsələdə mübahisə edərkən infarkt keçirir və həyata vida edir. Hettydən 200 milyon dollar sərvət qalır. Mirasına sahib olan uşaqları analarından fərqli olaraq comərd və həyatsevər olmağı seçirlər.

Hetty Green hələ də dünyanın ən xəsis qadını olaraq tarixdə tanınır və Ginnesin Rekordlar kitabına adını yazdırıb./yeniekinci.az/

# 1467 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #