Parisdə Azərbaycan qadınına həsr olunmuş konsert

Parisdə Azərbaycan qadınına həsr olunmuş konsert
27 sentyabr 2019
# 09:54

Ölkəmizin Fransadakı səfirliyinin dəstəyi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Azərbaycanın Dostları Assosiasiyasının (ADA) birgə təşkilatçılığı ilə Parisdə Azərbaycan Mədəniyyət Mərkəzində ölkəmizdə qadınlara səsvermə hüququn verilməsinin 100 illiyi münasibəti ilə tədbir keçirilib.

Fransa parlamentinin fəxri üzvü Jan-Fransua Mansel sabiq prezident Jak Şirakdan, onun Azərbaycanın yaxın dostu olmasından, ümummilli lider Heydər Əliyevə hörmət və ehtiramından danışıb. Onun prezidentliyi dövründə iki ölkə arasında münasibətlərin inkişafına toxunub. Sabiq prezidentin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Fransadakı səfirliyimizin müşaviri Vaqif Ağayev çıxış edərək Azərbaycan Xalq Cümhuriyyəti, onun nailiyyətləri, ilk parlament, eləcə də qadınlara səsvermə hüququ verilməsindən danışıb.

Natiq ulu öndər Heydər Əliyev tərəfindən multikulturalizmin ölkəmizdə dövlət siyasəti kimi formalaşdırıldığını və bu siyasətin müasir dövrdə Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini vurğulayıb. Ölkəmizdə multikulturalizmin həyat tərzi olmasından, multikulturalizmin Azərbaycan modelindən söz açıb.

V.Ağayev ölkəmizin multikultural dəyərlərinin təbliğində Heydər Əliyev Fondunun rolundan danışıb.

Qeyd edib ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) Avropa Parlamentində akkreditasiyadan keçib. Mərkəzin məqsədi tolerantlığı və din, dil və mədəniyyət müxtəlifliyinin müdafiəsini təmin etməklə yanaşı, multikulturalizmin mövcud Azərbaycan modelini təşviq etməkdir. Bu gün Almaniyada, İtaliyada, Portuqaliyada, İsraildə, Rusiyada, Moldovada BBMM-in filialları fəaliyyət göstərir. Multikulturalizmin Azərbaycan modeli 13 universitetdə tədris olunur.

Sonra Prezident təqaüdçüsü, beynəlxalq müsabiqələr laureatı, gənc pianoçu Nərmin Nəcəfli solo konsertlə çıxış edib. O, F. Şopen, K. Debüssi, Q.Qarayev və A. Bəbirovun əsərlərini pianoda ifa edib. Dinləyicilər gənc pianoçunun ifasını alqışlarla qarşılayıblar.

Qeyd edək ki, N. Nəcəfli Bülbül adına orta ixtisas musiqi məktəbini fortepiano ixtisası üzrə bitirib və Almaniyanın Hannover şəhərində Musiqi, Dram və Media Universitetinə (Hochschule für Musik, Theater und Medien Hannover ) daxil olub. Hazırda Almaniyanın Hannover Musiqi, Dram və Media Universitetinin II kursunda (magistr) professor Bernd Goetzkenin sinfində oxuyur.

N. Nəcəfli Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti UNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsü ilə Parisdə UNESKO-nun baş qərargahında, Vaşinqtonda, Moskvada, eləcə də Strasburqda, Brüsseldə keçirilən “Azərbaycanın xoşməramlı mələkləri”, Reymsdə “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” adlı konsert proqramlarında çıxış edib.

Gənc pianoçu Bakıda keçirilən müsabiqə və festivalların, Moskvada, Tbilisidə beynəlxalq müsabiqə də festivalın laureatı olub. N. Nəcəfli Azərbaycanda, Almaniyada, Belarusda, Fransada, Litvada, Rusiyada keçirilən beynəlxalq musiqi festivallarında iştirak edib. O, İtaliyada (Eppan Piano Academy) professor Andrea Bonattadan, Fransada (Academy Gyorgy Sebök) professor Muza Rubatskitedən, Polşada (Paderevski Piano Academy) professorlar İlya Şeps və Robert McDonalddan, Almaniyada (Euro MusicAcademy) professor Bernd Goetzkedən, İngiltərədə professor Hemiş Milndən (London Kral Musiqi Akadeniyası), İtaliyada Mişel Berofdan ustad dərsləri alıb.

# 1901 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #