"Ər və arvad" musiqili komediyası Tbilisidə

"Ər və arvad" musiqili komediyası Tbilisidə
20 iyun 2019
# 10:04

Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrı dahi bəstəkar Üzeyir Hacıbəylinin «Ər və arvad» musiqili komediyasını yeni quruluşda səhnələşdirib.

İyunun 19-da Tbilisidə tamaşanın premyerası olub.

Səhnə əsərinin quruluşçu rejissoru Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrının bədii rəhbəri Turqay Vəzlizadədir.

Əsərin ideyası ağıllı və tədbirli arvadın (Minnət xanım) müflisləşmiş və düşkünləşmiş ərindən (Mərcan bəy) mənəviyyatca üstünlüyünü açıb göstərməkdir.

Əsərdə ailə-məişət mövzusu çox ardıcıl və dinamik şəkildə açılır, Azərbaycan qadınının ailə və cəmiyyətdəki kölə vəziyyətinə etiraz səslənir.

Tamaşada əsas rolları aktyorlar Binəli İslamoğlu, Marianna Məmmədova, Azər Musaoğlu, Aida Tağıyeva, Fazil Bayramov və Mənzər Sadıqova oynayıblar.

Tamaşa alqışlarla qarşılanıb.

Tamaşanın premyerasından sonra T.Vəlizadə bildirib ki, dahi bəstəkar, Şərqdə ilk operettanın banisi Ü.Hacıbəylinin bu tamaşası ilk dəfə 1910-cu ildə səhnələşdirilib. Yüz ildən çox vaxt keçsə də, əsər öz mahiyyətini, gözəlliyini və mənasını itirməyib. Teatrın kollektivi bu əsəri yenidən səhnələşdirməklə müasir gəncliyi Üzeyir bəy yaradıcılığı ilə tanış etmək, eyni zamanda, az qala hər gün rastlaşdığımız ailə-məişət problemlərini ictimaiyyətə çatdırmaqdır. /azertag.az/

# 2394 dəfə oxunub

Müəllifin son yazıları

# # #