Bu gün, saat 17:00-dan 19:00-dək “Libraff Gənclik Mall”da yazar-jurnalist Vüsalə Məmmədovanın “Əsir düşərgəsi” adlı kitabının təqdimatı keçiriləcək.
Kulis.azın verdiyi məlumata görə, "Əsir düşərgəsi" layihəsi Lent.az-da hissə-hissə yayımlanmış yazıların əsasında tərtib olunan ikinci kitabdır. Burada toplanan doqquz hekayət Qarabağ müharibəsində ermənilərin əsir və girov götürdüyü insanların üzləşdikləri işgəncə və zorakılıqdan, yaşadıqları dəhşətlərdən bəhs edir. "Cəhənnəmdə böyük çığırtı" adlı birinci kitabda olduğu kimi, burada da hekayətlər əsir və girovların öz dilindən qələmə alınıb.
Kitabın məqsədi Qarabağ müharibəsi həqiqətlərinin araşdırılması, yeni nəslə, həmçinin dünyaya çatdırılması yönündə daha bir addım atmaqdır. Müharibənin günahsız insanların taleyinə vurduğu silinməz zərbə və damğaları yenidən cəmiyyətə göstərmək, erməni vandalizminin şahidi olmuş insanların iztirablarını onların öz dilindən təqdim etməkdir. Bir çox faktlar geniş ictimaiyyətə ilk dəfədir ki, çatdırılır.
Kitabda 1993-cü ildə könüllü olaraq Azərbaycan Milli Ordusunun sıralarına yazılaraq, Qarabağda döyüşən Türkiyə vətəndaşı Atilla Yumakın əsirlikdə yaşadıqlarından, eyni zamanda, 1995-ci ildə Şuşa həbsxanasında saxlanılan əsirlərin məruz qaldığı işgəncələrə etirazını bildirmiş Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndəsi, əsirlərin öz aralarında "qoruyucu mələyimiz" adlandırdığı İsveçrə vətəndaşı Pyer Reyçelin göstərdiyi fədakarlıqdan da söhbət açılır.
TEAS Press Nəşriyyat evi tərəfindən tərtib olunan "Əsir düşərgəsi" kitabının imza gününə hər kəs dəvətlidir. Giriş sərbəstdir!