Kitabının təqdimatına hamam xalatında gəldi - AZƏRBAYCANDA İLK

Kitabının təqdimatına hamam xalatında gəldi - <span style="color:red;">AZƏRBAYCANDA İLK
5 may 2017
# 16:06

Mayın 4-də tanınmış teleradio aparıcısı Cavid Osmanovun “MediaMən” adlı kitabı təqdim olunub.

Təqdimatda tanınmış mədəniyyət və incəsənət, KİV-nin nümayəndələri iştirak edib. Təqdimat iştirakçılar üçün qeyri-adi və gözlənilməz olub. Belə ki, müəllif kitabının təqdimatına iştirakçıların qarşısına cibində qadın alt paltarı olan hamam xalatında çıxıb.

Cavid Osmanov musavat.com-a açıqlamasında geyiminə ilə bağlı məsələyə bu cür aydınlıq gətirdi: “Sadəcə nümayiş etdirmək istədim ki, kitab necə yazılıb, onu göstərməyə çalışım. Adətən kitab gecə yazıldığından, mən də bu libasda olurdum”.

Müəllif qeyri-adi təqdimatın tədbir iştirakçıları tərəfindən yumorla qarşılandığını bildirdi: “Təqdimata mənim əziz adamlarım qatıldı və hər birinə təşəkkür edirəm. Gələn qonaqlar tərəfindən çox yumorla qarşılandı. Elə kitab da çox da ciddi qarşılanmamalıdır. Çünki əsasən sarkazmı çox ciddiyə almaq olmur. Kitabda daha çox yumora yer ayırldığından təqdimat da elə bu cür olmalı idi.

Bu, bir ilk idi ki, müəllif təqdimatına hamam libasında gəlir. Amma bəlkə də təsadüfdən elə alınır ki, mən nə edirəmsə Azərbaycanda birinci olur. Məsələn, radioda işləyərkən ilk dəfə olaraq klub DJ-lərinin yarışmasını keçirtmişdim. İlk dəfə olaraq qarğışların sərgisini etmişəm və sairə. Ola bilsin ki, bunlar yenilikdir. Mən bunları bilərəkdən etmirəm, amma belə alınır”.

Aktyor Azər Aydəmir də təqdimatla bağlı təəssüratlarını musavat.com-a bölüşüb: “Kitabla tanış deyiləm. Amma artıq həvəslə onu loru dildə desək “udacam”. Ümumiyyətlə, Cavid media aləmində öz sözünü demiş insandır. Yəni, 90-cı illərdən bəri, ən gənc yaşlarından mediada olub”.

Aktyor müəllifin hamam xalatında təqdimatını keçirməsinə isə bu cür münasibət bildirdi: “Sözün düzü onun hamam xalatında təqdimata gəlməsini hələ də anlamıram, çox güman ki, kitabı oxuduqdan sonra bunun səbəbini sonra başa düşəcəm. Çox gözəl təqdimat edib. Ona şərait yaradan, dəstək olan şəxslərə, iştirakçılara təşəkkür edirəm”.

Qeyd edək ki, “MediaMən” Cavid Osmanovun ikinci romanıdır. Müəllif sonuncu romanına video çarx çəkərək “II Book Trailer Festival”ında iştirak edib. Festivala əsasən da istənilən Azərbaycan yazıçısının və şairinin kitabına məzmunu açıqlayan qısa video çarx çəkilir. Romanın məzmununa gəldikdə isə, kitab jurnalist olmaq istəyən Mirzə adlı gəncdən bəhs edir. Qəhraman hesab edir ki, Azərbaycan reallığında jurnalist olmaq çox asandır.

Mirzə “çaygətir.az” saytında ştatdankənar müxbir kimi çalışır. Anar adlı gənc və imkanlı biznesmenlə tanışlıq onun həyatını 180 dərəcə dəyişir. Anar Mirzəni görünməyən və gizli Bakı ilə tanış edir, gizli fəaliyyət göstərən transseksual barları, kazinolar və s. Romanda sadə insanların gündəlik həyatda qarşılaşdığı problemlər və Mirzənin başına gələn hadisələr əks olunub.

# 1329 dəfə oxunub

Müəllifin son yazıları

# # #