Qəni Camalzadənin “Karxana”sından qeydlər

Qəni Camalzadənin “Karxana”sından qeydlər
16 dekabr 2015
# 17:27

Yazıçı Qəni Camalzadənin “Qanun” Nəşrlər Evində yenicə işıq üzü görmüş “Karxana” kitabını oxudum. Kitaba müəllifin “Karxana” romanı və “Teatrda”, “Bastar ulduza hürürdü”, “Bizim adam”, “Təkqulaq Xotuqzadın həyatı”, “Daş”, “Tələbə dostlar” və “Sabah pul günüdür” hekayələri daxildir. Bu yazıda sadəcə “Karxana” romanından söz açacağıq. Müəllifin hekayələri, həm üslub, həm də janr baxımından ayrı bir yazının, ayrı bir məqalənin mövzusudur.

Roman təxminən bir əsrlik geniş bir zaman kəsiyini əhatə edən, kriminal aləmin “kral”larından biri olan Sanı adlı polislə əlbir olan avtoritetin, Abşeron camaatının pənah yerinə çevrilmiş əsil-nəsilli bir təriqət ağsaqqalı, ruhani Məlikəjdərlə mübarizəsindən bəhs edir. Romanın girişində müəllifin yazdığı qeydlərdən belə başa düşmək olur ki, hadisələrin heç də hamısı təxəyyül məhsulu deyil. Müəllif girişdə həyatdan götürülən detallara incə bir eyham vurur: “Yadımdadır, qonum-qonşuda sözə baxmayan uşaqları onun adıyla qorxudurdular: Sözə baxmasan Sanı gəlib səni aparacaq. Bu xofla böyüdük. Böyüyəndən sonra da Sanı Abşeronski kimi tanınan qəhrəmanımı görmədim, amma günlərin birində hiss elədim ki, həm onun haqqında eşitdiklərim, həm də onunla münaqişədə olan insanların barəsində bildiklərim mənə rahatlıq vermir”.

Roman kriminal aləmin sayılıb-seçilən siması Sanının və əlaltıları Ravillərin, adaş olan iki cinayətkarın həbsi ilə başlayır. Növbəti “əməliyyat”dan sonra gizlənməyə çalışan cinayətkar dəstə, polisin əlinə keçir. Amma bu həbs, əslində Sanını labüd ölümdən, qanlısı Məlikəjdərin tərəfdarlarının qəzəbindən qoruyur. Sanının həbsxanaya düşməsi ilə başlayan hadisələr bizi ötən əsrin əvvəllərinə, sovet rejiminin asıb-kəsdiyi, bəylərə, ziyalılara, söz sahibi mülkədarlara divan tutduğu dövrə aparır. Sanı Abşeronski kimi tanınan Sənanı kimliyi, əsil-nəcabəti məhz romanın digər fəsillərində açılır. Sanı cinayət aləmində öz yerini qohumu olan erməni milislərin və keçmişi qaranlıq olan, Osmanlı qaçqını ögey nənəsi erməni Anuşun hesabına möhkəmləndirir. Ana tərəfdən erməni olması Sanıya sonsuz imkanlar yaradır, düşdüyü bütün çətin vəziyyətlərdən nənəsinin keçmiş aşnalarının və erməni təəssübü çəkən rusların, yüksək vəzifələrdə özünə yer tutmuş erməni milislərin köməyi ilə xilas olur. Sanının ata tərəfi də şübhəli, qanıpozuq adamlardır. Nənəsi Nazı Məlikəjdər ağanın babalarının nökəri, əmisi qoçu Mir Canpoladın siğəsidir. Atası Nazıoğlu Qulu “muxtari” təriqətinin şeyxi Mir Qədir ağanın qardaşı Qoçu Mir Canpoladın əlaltısı olsa da, erməni qızı Maraya aşiq olduqdan sonra öz ağasına xəyanət edir. Canpolad dindar ailədən çıxsa da, qoçuluğu seçir. Sakit və kasıbyana həyatdan imtina edərək, qardaşı Mir Qədir ağanın məsləhətlərinə qulaq asmır.

Müəllif Mir Canpoladın qardaşına etiraz etməsini qələmə alarkən onun üsyankarlığını, sakit həyat tərzinə qane olmamasını incə detallarla açıqlığa qovuşdurur: “Mir Canpolad cavab verdi ki, ağa, bütün ömrüm boyu dozanqurdu kimi torpaqda eşələnməyə həvəsim yoxdu, illərlə elm oxumusan, haralardan sorağın gəlmir, amma dolanışığın bu deyilmi? Bel əlindən düşmür, istəyirsən mən də sənin kimi zillət və ehtiyac içində gün keçirim?”

Mir Canpoladın bu asiliyinin, naşükürlüyünün, nəsil-nəcabətinə yaraşmayan dəliqanlılığının axırda başına bəla olacağını bəri başdan anlamaq mümkündür. Mir Canpolad tez bir zamanda şöhrət qazanır, ətrafına qoluzorlu gənclər toplayıb qoçu dəstəsi yığır. Birinci Dünya müharibəsinin başlaması və Rus-Osmanlı müharibəsi zamanı Osmanlı hakimiyyətindən qaçan ermənilərin Bakıya gəlişi, Canpoladın həyatını dəyişir.

Onsuz da polislə əlbir işləyən qoçu dəstəsinin işi çətinləşir. Polismeysterin köməkçisi Arakelov Mir Canpolada erməni qaçqınları yerbəyer etməyi tapşırır. Gələcəkdə türk əhaliyə divan tutan erməni daşnaklarına qoşulan Artuşu və ailəsini Mir Canpolad himayəsinə götürür. Bu məqamda müəllif erməni hiyləgərliyini və məkrini ustalıqla açmağı bacarır. Özünə sığınacaq tapmağa çalışan erməni Artuş arvadı Anuşu və qızı Maranı Canpolada sanki hədiyyə edir. Canpolad bir tərəfdən Anuşla kef çəkir, bir tərəfdən də həddi-buluğa çatmış Maranı gözdən qoymur. Canpoladın bu davranışları başına bəla olur və onu müəmmalı şəkildə qətlə yetirirlər. Nazıoğlu Qulu canpoladın qanlısı hesab olunsa da, sonradan əsil səbəbkarın Anuş olduğu ortaya çıxır. Nazıoğlu Qulu əslində bədbəxt aşiqdir. Erməni qızı Maraya olan məhəbbəti onun başına bəla olur.

Gizlicə qırmızılara qoşulub, anasına sığınacaq verən kəndlilərə divan tutmağa başlayır. Mir Qədir Ağa elmli və savadlı, vətənpərvər, zəhmətsevər ruhanilərin ümumiləşmiş obrazıdır. Ermənilər Abşeronun kəndlərinə hücum edəndə Ağa öz müridlərini və tərəfdarlarını toplayıb, kəndi müdafiə edir, hücumların qarşısını alır. Çekistlərin qarşısında sona qədər mətanətini itirmir. Onun müridləri arasında olan etibarı, xalq arasındakı nüfuzu onu digərlərindən kəskin fərqləndirir. Nazıoğlu Qulu ilk dəfə Mir Qədir Ağa ilə qarşılaşanda anasını dəfn etdiyinə, kimsəsiz anasına sahib çıxdığına görə Mir Qədir ağanı həbs etmir. Amma məkrli başbilənləri Qulunu yenidən öz kəndlilərinə qarşı qaldırır. Mir Qədir Ağanı həbs etdikdən bir qədər sonra Qulu özü də həbs olunur.

Müəllif sovet dövrünün amansızlığını, əli qanlı kommunistlərin hətta öz tərəfdarlarına belə qəddar davranışını, maraqlı dillə və bu hadisələr vasitəsi ilə açır. Həbsxanada Mir Qədir ağa ilə rastlaşan Nazıoğlu öz səhvlərini, peşmançılığını dilə gətirir: “- Sən haqlı çıxdın, ağa! Dünya vəfasız imiş...Gör məni nə günə qoyublar...”

Əslində Sanı Abşeronskinin bütün ailəsi, xüsusən də atası Nazıoğlu Qulu satqınların, erməni dəyirmanına su tökənlərin ümumiləşmiş obrazıdır. Əsərin əsas qəhrəmanı Məlikəjdər ağa Sovet rejiminin can verdiyi bir dövrdə, Karxana adlandırılan yerin yaxınlığındakı kəndin nüfuzlu din adamıdır. Sanının zülmündən əziyyət çəkənlər onun yanına məsləhətə gəlir. Hətta keçmiş komandiri, rus generalı da ona hörmətlə yanaşır. Məlikəjdər qan tökməyin tərəfdarı deyil. O oğullarına da, yaxın ətrafına da qandan çəkinməyi məsləhət görür. Məlikəjdərin gündən-günə artan nüfuzu ilə bütün Abşeron hesablaşır. Yenidənqurma dövrü Məlikəjdərə geniş imkanlar yaradır.

Keçmiş komandiri alver etmək üçün hətta hərbi təyyarələri də, vertalyotları da Məlikəjdərin sərəncamına verir. Sanıya qorxusundan boyun əyənlərin hamısı, onun həbsindən sonra Məlikəjdərə sığınır. Məlikəjdər isə heç kəsi qapısından əliboş qaytarmır. Ağanın ailəsinin bəzi fərdləri alverlə, başqa işlərlə məşğul olsa da oğlu Hatəm milli azadlıq hərəkatına qoşulur. Hatəm savadsız olsa da, sovet rejiminə qarşı birləşən həmvətənlərinə qoşulur, mübarizədə ön sıralarda yer alır. Məlikəjdər oğlunun bu işlərinə qoşulmasına üzdə etiraz eləsə də, gizlində mitinqçilərə köməklik edir.

Meydan hadisələrinin yetişdiyi dövrü, azadlıq hərəkatının gedişatındakı səhvləri müəllif obrazların dili ilə aydınlaşdırır. Hatəmin savadsızlığını üzünə vuran atasına verdiyi cavab bu baxımdan olduqca maraqlıdır:

“Azadlıq mücahidinə savad yox, Vətən sevgisi lazımdır”.

Sanı həbsxanadan çıxmağa hazırlaşanda onun düşmənləri Məlikəjdərə sığınaraq onu aradan götürməyə qərar verir. Son ana qədər Sanının öldürülməsinə razılaşmayan Məlikəjdər, onun uşaq oğurluğuna qol qoymasını eşidəndə son qərarını verir. Sanının öldürüldüyü gün, məşim 19 yanvar 1990-cı ildir. Müəllif bu vacib gündə bir qanıpozuq cinayətkarın öldürülməsi ilə ölkənin müqəddaratının həll olunduğu günə işarə verir.

Sanın öldürülməsi namusu tapdanan, təhqir olunan, alçaldılan, istismar edilən insanların intiqamıdırsa, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə də millətin, xalqın müqəddəratının həll olunduğu gündür. Eyni gündə erməni Anuşun da gəbərməsi, müəllifin erməni probleminə həsas münasibətinin göstəricisidir. Sanı ilə birlikdə onun məkrli nənəsi də gəbərir və bundan belə insanlar onun fitnəsindən, nəvəsinin zülmündən xilas olacaq. Simvolik olaraq Hatəmin də apardığı mübarizənin qələbə ilə yekunlaşacağına işarə vurulur.

Əsər krimina mövzuda qələmə alınsa da, erməni hiyləgərliyi, Birinci Dünya Müharibəsi ərəfəsindəki hərc-mərclik, milli hökumətin qurulması və süqutu, ermənilərin törətdiyi qətllər, İkinci Dünya Müharibəsinin gətirdiyi məhrumiyyətlər, Sovet maşının din xadimlərinə və ziyalılara qarşı apardığı amansız mübarizə və bu mübarizənin qurbanları, yenidənqurma və müstəqillik uğrunda hərəkatın başlaması ustalıqla qələmə alınıb.

Mənim oxucu kimi diqqətimi çəkən bir məqam da, əsərdə heç bir obrazın ideallaşdırılmamasıdır. Bütün obrazların müəyyən çatışmayan xüsusiyyətləri var. Əsərin annotasiyasında müəllif Xeyirlə Şərin mübarizəsi barədə anons versə də, əsər bütövlükdə xeyirin qələbəsi ilə başa çatmır. Çünki, Sanının və iki əlaltısının öldürülməsi heç də Şərin məğlubiyyəti deyil. Əsl Şər, Moskvadan zəng edib xəbərdarlıq edən generalın dediyi ordudur. Əsərdən alınan mesaj budur ki, Xeyirlə şərin mübarizəsi əbədi və bitməzdir.

Romanın dili və təhkiyəsi maraqlı olsa da, müəllif bəzən zaman məsələsində ifrat nisbiliyə, nizamsızlığa yol verib. Eyni zamanda hadisələr və danışılan əhvalatlardakı pərakəndəlik gözə çarpır. Bəzən müəllifin tələskənliyi, hadisələrə ötəri münasibəti də əsərin kompozisiyasını pozur.

Ümid edirəm ki, Qəni Camlzadənin “Karxana” romanı bütün bu cəhətləri ilə peşəkar tənqidçilərimizin də gözündən yayınmayacaqdır.

Cəlil Cavanşir

# 2596 dəfə oxunub

Müəllifin son yazıları

# # #