Markesin arxivi internetə yerləşdiriləcək

Markesin arxivi internetə yerləşdiriləcək
8 yanvar 2016
# 14:29

ABŞ-ın Texas universiteti Kolumbiya yazıçısı Qabriel Qarsiya Markesin arxivini internetə yerləşdirəcək. Kulisin türk mətbuatına istinadən verdiyi məlumata görə iyun ayında başlayacaq layihə 18 ay davam edəcək.

Layihə çərçivəsində Markesin arxivindəki əl yazıları, dəftərlər, albomlar və fotolar skan edilərək internet istifadəçilərinin xidmətinə veriləcək. Arxivdən 24 mindən çox səhifənin internetə yerləşdirilməsi gözlənilir.

Texas Universiteti Markesin ölümündən sonra arxivini 2.2 milyon dollara almışdı. Əsərlərinin orijinallarının, foto albomlarının və məktublarının olduğu arxivdə Markesin tamamlanmamış romanı da var.

Amerikan imperializmini sərt tənqid etdiyinə görə illərlə ABŞ-a girişinə qadağa qoyulan Markesin bəzikitablarının əlyazmalarının da daxil olduğu arxiv Harry Ransom Mərkəzindəki araşdırma kitabxanasında sərgilənir.

“Yüz ilin tənhalığı”nın da orijinalının yer aldığı arxivdə Markesin Qraham Qrinə, Milan Kunderaya, Günter Qrassa və Karlos Fuentesə yazdığı məktublar, dostu Fidel Kastro ilə bağlı məlumatlar da var.

Təqribən 2 min hissədən ibarət olan arxivdə 40-dan çox foto albom, Markesin əsərlərini yazdığı “Smit Korona” markalı maşınkaları və beş ədəd kompüteri ilə bərabər yarımçıq qalmış, “Bir-birimizi avqustda görəcəyik” adlı romanı da yer alır.

Harri Ranson Mərkəzi Xorxe Luis Borxes, Uilyam Folkner, Ceyms Coysla yanaşı XX əsrin ən önəmli yazarlarının bəzilərinin arxivi də var.

# 1047 dəfə oxunub

Müəllifin son yazıları

# # #