O qadını görüb özünü itirən məşhur aparıcı

O qadını görüb özünü itirən məşhur aparıcı
3 noyabr 2015
# 16:30

Kulis “Unuda bilmirəm” layihəsində DJ Fatehin iki xatirəsini təqdim edir.

Birinci dəfə Gürcüstana gedəndə, sərhədi piyada, Balakəndən keçdim. Bir maşından məni yaxınlıqdakı avtobus dayanacağına qədər aparmağı xahiş etdim. Əslən azərbaycanlı olan, Gürcüstanda yaşayan sürücü ilə razılaşdıq. Yola çıxmağımızla dayanmağımız bir oldu. Dörd doqqaz yol sürdü, amma məndən elə pul istədi ki, elə bil qız köçürürük.

Avtobusa minəndə, sürücünün yanındakı oturacağa məndən savayı bir hündür gürcü balası da əyləşdi. Yerimin narahat olduğunu görüb oturacaqlarımızı dəyişməyi təkid etdi. 1 saat yol gedəndən sonra maşını saxlatdırdı, duzlu pendir və isti çörək alıb məni yedirtdi. Şirin-şirin danışdıq. Həmişəki mövzular - Saakaşvili pisdir, İvanişvili gəlsə də düzəlməyəcək və digər dövlət rəsmilərinin ailə reyestrindən çıxarışlar.

Birdən Georginin yadına düşdü ki, pomidor da alıbmış. Cibindən çıxardığı pomidorların ikisini də acgözlüklə yedim. Soruşdu ki, pendirin duzlu olduğunu əvvəl niyə demədin. Mən də şairanə baxıb dedim ki, biz dost əlindən zəhər də yeməyə hazırıq. O da qayıtdı:"Gül kimi pendirə gör nə deyir?!"

"İsaani" metrosuna çatdıq. Georginin əlini sıxıb sağollaşdım. Təkid etdi ki, otelə qədər səni yola salacam. Dedim, əcəb işə düşdük. Hər vəchlə marşrutumu, yerimi öyrənmək istəyən adamdan yaxşı nəsə gözləmirdim. Amma onun inadkarlığı və mənim üzüyola xasiyyətimdən ibarət kokteyl bizi Artsxuli küçəsindəki otelin qabağına gətirdi. Qeydiyyat masasındakı xanıma məni dönə-dönə tapşırdı, nömrəsini yazıb qoydu, sonda da vizit kartını mənə verdi ki, yaxın 24 saat ərzində çəkəcəyi növbə ərzində başıma bir iş gəlsə, zəng edim. Nömrəyə girəndən sonra kartına baxdım. Sən demə, Georgi polis imiş.

***

Bu ilin iyul ayıdır. "Oğlan evi" filminin çəkilişləridir. Çəkiliş məkanını dəyişmişik, meydançaya xeyli yeni epizodik aktyor gəlib. Gələn-gələn də məndən soruşur ki, film nə vaxt çıxacaq. Deyirəm "İnşallah, dekabrın əvvəli". Həmin gün çəkilən səhnə üçün həm də böyük büstü olan xanım tələb olunurdu. Kastinq agentliyinin yolladığı aktrisa gələndə, çəkiliş meydanındakı kişilər dəyişdi. Dərin dekoltesi olan aktrisa sağa-sola var-gəl etdikcə, hamı işini unudub onu süzürdü. Heç vaxt danışmayanlar dil açmışdı, özünə qapalı işçilər hədsiz təşəbbüskar olmuşdu, hamının kefi kök idi. Mən də meydançada gəzib bunlara rişxənd edirəm ki, nə olub, adam görməmisiz?!

Prodüserlər ipimizi güclə yığıb növbəti kadrı çəkməyə başladılar. Bu məqamda əlində işi olmayan kim var idisə, çəkilişin keçirildiyi klinikanın mətbəxinə yığıldı. Mən də özümə çay süzüb oturdum. Bu məqamda qapı açıldı və girişdə həmin cazibədar aktrisanı görüb hamı susdu. Xanım düz gözlərimin içinə baxıb soruşdu ki, çəkiliş gec qurtarar? Özümü elə itirdim ki, udqunub cavab verdim: "İnşallah, dekabrın əvvəli."

# 1610 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #