İsmayıl Şıxlının 100 illiyi qeyd olunub

İsmayıl Şıxlının 100 illiyi qeyd olunub
3 iyun 2019
# 18:49

Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası 173 nömrəli tam orta məktəblə birgə Yasamal rayon Heydər Əliyev Mərkəzində Xalq yazıçısı İsmayıl Şıxlının 100 illiyinə həsr olunmuş tədbir keçirib.

Xatirə gecəsini Yasamal rayon MKS-inin direktoru Lətifə Məmmədova açaraq İsmayıl Şıxlının yaradıcılığı haqda məlumat verib. Bildirib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə bu il nasir, ədəbiyyatşünas, pedaqoq və ictimai xadim, Xalq yazıçısı İsmayıl Şıxlının 100 illiyi ölkəmizdə silsilə tədbirlərlə qeyd olunur.

Sonra qonaqlar yazıcıya həsr edilmiş videoçarxa baxıblar.

Tədbirdə yazıçının ailə üzvləri çıxış edərək İsmayıl Şıxlı haqqında xatirələrini bölüşüblər.

Məktəbin direktoru Sitarə Abbasova çıxışında vurğulayıb ki, XX əsr Azərbaycan bədii nəsrinin inkişafında İsmayıl Şıxlı xarakterlər və yüksək mənəvi-əxlaqi keyfiyyətlərə malik obrazlar silsiləsi yaradıb. Ədibin məşhur “Dəli Kür” romanını ictimai şüurda dönüşə və özünüdərkə yol açan mühüm ədəbi-mədəni hadisə kimi qiymətləndirilib.

Kitabxananın əməkdaşı İradə Hüseynova bildirib ki, İsmayıl Şıxlının həyat və yaradıcılığına həsr olunmuş tədbirlər davam edəcək.

Tədbirin bədii hissəsində İncəsənət Gimnaziyasının şagirdlərinin ifasında mahnılar səsləndirilib.

Sonda İsmayıl Şıxlının kitablarından ibarət sərgi nümayiş olunub. /azertag.az/

# 1868 dəfə oxunub

Müəllifin son yazıları

# # #