Bakıda gürcü rəssamların sərgisi açılıb

 Bakıda gürcü rəssamların sərgisi açılıb
21 oktyabr 2017
# 09:10

Oktyabrın 20-də “Yeni Gallery” Bakı İncəsənət Mərkəzində gürcü rəssamları Liya Şvelidze və Mamuka Setsxladzenin “Görüş” müasir incəsənət sərgisinin açılışı olub.

“Yeni Gallery” Bakı İncəsənət Mərkəzinin və “HəArt” art-konsaltinq qrupunun təşkil etdikləri sərgidə geniş tamaşaçı kütləsinə rəssamların son beş il ərzində yaratdıqları əsərlər təqdim olunub.

Açılışda çıxış edən Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq Rəssamı Ağəli İbrahimov bildirib ki, bu sərgi Azərbaycan və gürcü xalqları arasındakı dostluq münasibətlərinin daha bir təzahürüdür. İncəsənət və mədəniyyət iki xalqı yaxınlaşdırır və dostluğu möhkəmləndirir. A.İbrahimov Azərbaycan Rəssamlar İttifaqı adından Liya Şvelidze və Mamuka Setsxladzeni sərginin açılışı münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb.

“Yeni Gallery” Bakı İncəsənət Mərkəzinin direktoru Rafael Gülməmmədli deyib ki, Liya Şvelidze və Mamuka Setsxladzenin sərgiləri ölkəmizdə bundan əvvəl də keçirilib. Mamuka Setsxladzenin əsərləri Bakıda ilk dəfə 1990-cı illərin əvvəllərində gürcü rəssamların böyük sərgisi keçirilərkən nümayiş olunub.

“Görüş” sərgisi oktyabrın 30-dək davam edəcək.

Qeyd edək ki, Liya Şvelidze Tbilisi Dövlət İncəsənət Akademiyasının məzunudur. O, Azərbaycanda, habelə dünyanın digər ölkələrində müxtəlif sərgilərdə iştirak edib.

Mamuka Setsxladze Gürcüstan Rəssamlıq Akademiyasını bitirib. Onun əl işləri dünyanın məşhur muzeylərinin kolleksiyasında saxlanılır. Azərbaycanda, Macarıstanda, Almaniyada, Fransada, İtaliyada və digər ölkələrdə sərgiləri keçirilib. /azertag.az/

# 1252 dəfə oxunub

Müəllifin son yazıları

# # #