Postmodernizm adıyla edilən axmaqlıqlar

Postmodernizm adıyla edilən axmaqlıqlar
29 yanvar 2015
# 11:32

Ağ saçlı müəllim onu ələ salmaq istəyən şagirdlərinə baxıb köks ötürdü, dövr nə qədər də dəyişmişdi...

İllər insanlara verdiyi yeniliklərlə birlikdə, nə qədər də çox şeyi söküb almışdı...

Jurnalı götürüb yazmağa başladı, qulaqları əvvəlki kimi yaxşı eşitmirdi, amma gözlərində hələ də həyat eşqi parlayırdı, sağlam idi, özünə çox yaxşı baxırdı, nəvə-nəticələrinə həmişə deyərdi “hər an öləcəkmiş kimi yaşayın, səliqəli olun”. Bu sözlərinə ən birinci özü əməl edirdi. Üst-başı tər-təmiz olardı yetmiş beş yaşa nərdivan dayamış qocanın...

Bu yaşına qədər səhvli-düzlü həyat sürmüşdü. Yeddi övladı, nəvələri, nəticələri var idi... Övladlarını oxutmaq, onlara gələcək vermək arzusu ilə qadını ilə birlikdə yorulmadan çalışmışdılar. Hər ikisi müəllim idi. Ömürlərini körpələrin təliminə, təhsilinə sərf etmişdilər. Bundan əlavə kənddə hər kim nə çətinə düşsə bu insanların qapısını döyərdi. Oxumaq, yazmaq bilməyən cavanlara yol göstərərkən həm də içindən təəssüf edərdi qoca... “Niyə oxumayıbsan, ay bala, oxuyub səliqəli bir tikə çörəyini qazanardın, xalqa millətə köməyin dəyərdi”

Ağ saçlı müəllim daim qəzet oxuyar, millətin halı ilə maraqlanar, cəmiyyətin problemlərini, xeyrini-şərini mediadan, mətbuatdan izləyərdi... Ucqar kənddə yaşayırdı, maaşı ayın axırına bəzən çatırdı. Buna baxmayaraq abunə olduğu qəzet və jurnallar var idi. Hətta bu səbəbdən onu qınayanlar da olurdu: “Ay kişi get işinlə məşğul ol, neyirsən bu kağız parçasına pul verib”...

Müəllim isə bunlara cavabında sadəcə gülümsəyib keçib gedərdi, o bilirdi ki bəzi şeylərin mübahisəsi düzgün deyil, nadana aqillik öyrətmək mümkünsüzdü, insanda bünövrə olmalıdı...

Mediadan eşitdikləri, gənclərin postmodernizm adı altında etdikləri axmaqlıqlar onu düşündürürdü.

O, təhsilini Rusiyada almışdı, rus dili müəllimi idi. Bu təhsil imkan verirdi ki, o dünya ədəbiyyatı ilə yaxından tanış olsun...

Bir çox filosofun fikirlərini oxumuş, bir çox ədəbiyyatla tanış olmuşdu, ancaq mühitdə boy göstərən və heç bir dəyərli əsəri oxumayıb, fəlsəfəni, cərəyanı dərk etməyib “mən onun nümayəndəsiyəm” deyə bağıran gəncliyi anlaya bilmirdi o. Həyatı, əqidəsi reklam olan, mediativ olub tanınmaq üçün çabalayan mühit incidirdi qocaman müəllimi…

“Görəsən bizmi səhv etdik” deyə düşünür, düşünürdü…

Bəli, babam həmişə düşünürdü deyən qadının baxışları uzaqlara sancıldı. Babam boş vaxtlarında “Gülamana” gedər orada kitab oxuyar, təbiəti seyr edərdi. Mənə hər həftə kitabxanadan dünya ədəbiyyatının müxtəlif incilərini gətirərdi, evdəki kitabxanadan yaşıma uyğun əsərləri seçər və oxumamı istəyərdi. Mən oxuyub-bitirəndən sonra, mənə suallar verər, kitabın məndə buraxdığı təsiri dərin-dərin incələyərdi. Məndə dünya ədəbiyyatına qarşı yaranan bu sevginin toxumlarını babam səpib ürəyimə…

O qəzetləri oxuyar, mənim oxumağımı lazım bildiyi hissələri kəsib ayırar və mənə verərdi. Bu, mən məktəbi bitirənə, hətta universitetdə oxuyanda da davam edirdi.

Bir dəfə evə iki quzu gətirdi, onlara baxacağını dedi. Biz çox sevinmişdik, amma ən çox mən sevinmişdim. Heyvanlardan qorxsam da, o vaxtdan onlarla aramda ünsiyyət yaranmışdı, hər dəfə babama deyərdim: “Baba, bunları heç vaxt kəsməyək yaxşı” o gülümsəyib “baş üstə”, nur qızım deyərdi. Babam sözündə durdu onları heç vaxt kəsmədik, qocaldılar və…

Onlar babamı insanlardan daha çox anlayırdılar sanki, ya da bu mənim düşüncəm idi bilmirəm. Babam yamyaşıl otların üzərində uzananda quzular ona kölgə salmaq üçün başının üstünü kəsərdilər. Bəlkə də onlara dəyər verən sahiblərinə bu yolla təşəkkür edirdilər, insanoğlu kimi verilən dəyəri qırıb-dağıtmırdı onlar.

Mən də çox vaxt çiçək yığmaq üçün babamla gedərdim. Çiçək toplamaq yadımdan çıxardı kəpənək qovalamaqdan…Bəyaz kəpənəkləri daha çox sevərdim…Babam mənə deyərdi, qızım mən bir gün uzaqlara gedəcəyəm, amma sənin xoş günündə də, pis günündə də bəyaz kəpənək olub sənə baş çəkəcəyəm…

O vaxtdan illər keçir, o indi dediyi kimi çox uzaqlardadı…Uşaq ikən onun kəpənək kimi qayıtmasını istədiyim üçün getməsini diləyirdim uzaqlara, anlamırdım, dərk etmirdim…

Bir dəfə həyətdə oturmuşdum. Göz yaşlarımı səbirsizcə içirdi torpaq, soyuq idi yaman.. Gözüm yarpağı tökülmuş kolun üzərində durub gözlərini mənə zilləyən bəyaz kəpənəyə sataşdı, donub qaldım…

Tüklərim biz-biz oldu…bilmirəm amma babamı xatırladım, dərd ortağımı, arxamı, köməyimi... Ondan sonra necə də tək idim, tənha idim …

Kəpənək getməsin deyə yalvarırdım, necə getdi bilmədim də… Bu soyuq havada kəpənəyin nə işi vardı axı…

O gündən bu yana mən hər kədərlənəndə bəyaz kəpənək görürəm, babamı düşünürəm. Bəyaz kəpənək nədənsə mən kədərli olanda ortaya çıxır. Bunun sirli bir mənası olduğunu düşünürəm… Bəlkə də, bu, çoxlarına gülünc, mənasız, anlamsız gələ bilər amma mən hər bəyaz kəpənək görəndə babamı xatırlayıram…

# 1218 dəfə oxunub

Müəllifin son yazıları

# # #