Bizim Hacıbala – Şərif Ağayar yazır...

Bizim Hacıbala – Şərif Ağayar yazır...
22 oktyabr 2019
# 12:10

90-cı illər Bakısının qəribə mənzərəsi vardı. İki detal deyəcəm, məncə, ümumi təsəvvür üçün bəs edəcək. Səməd Vurğun heykəlinin qarşısındakı parkda göy çadırlar qurulmuşdu və elə parkın ortasındaca qoyunlar kəsilib kababa vurulurdu. Hamı yeyib içirdi. İsti havalarda anti-sanitariyanın yaydığı qoxudan baş çatlayırdı. Yəqin, bu mənzərəni görməyənlərə inandırıcı gəlməyəcək.

Yaxud, “Domsovet”in ətrafı səliqəsiz ağaclıq idi. Bəzən buralarda “bomj”a-filana rast gəlirdin. Şəxsən mən özüm bir dəfə bir dəstə şairə qoşulub o ağaclıqda içki içməyə getmişəm. Məclis bitəndən sonra başladıq zarafatlaşmağa. Güləşən kim, qol basan kim, “jim” edən kim, təpikləşən kim. Xeyli səs-küy salandan sonra nəhayət, bizə iki polis yaxınlaşdı. İndi olsa azı bir gecə içəridə saxlayardılar. Sənədlərimizi istədilər, hamının cibindən Azərbaycan Yazıçılar Birliyinin vəsiqəsi çıxdı.

Hacıbala Abutalıbov mer təyin olunan kimi çox qısa bir zamanda şəhərin siması dəyişdi. Amma bu o qədər də asan olmadı. Çünki misal üçün, elə haqqında söz açdığım Səməd Vurğun bağındakı mərkəzi yerlərdə göy çadırlar qurub kababxana işlədənlərin bir çoxu Qarabağ əlilləri idi. Onlar normal təqaüd almırdılar, şəhərin təmizlənməsinə canları-qanları ilə etiraz edirdilər.

Yadımdadır, bir dəfə sadə şəhər uşaqları ilə hesab ödəmək üstündə xırda bir mübahisə düşdü, yaxınlıqdakı göy çadırdan əlil arabasında otuz-qırx nəfər çıxdı. Əli zopalı bu adamlar şəhər uşaqlarını çadırı sökməyə gələn məmurlar zənn etmişdilər!

Bəli, Hacıbala müəllim səliqəsiz çadırlara müharibə elan eləmişdi. Sonra silah-sursatını köhnə çayxanalara, daha sonra köhnə tikililərə tuşladı. Axırıncı fəaliyyəti isə “kruqlar”ın ləğvi oldu. Kişinin elə bil yol dairələrindən xoşu gəlmirdi. O saat ortaya bir park salıb geniş çevrə düzəldirdi.

Həmin ərəfələrdə bir axşamüstü şair Mübariz Məsimoğlu ilə Səməd Vurğun parkında yerləşən ikimərtəbəli binanın bir tərəfində yerləşən kafedə yeyib-içdik. Gözlənilməz qonağımız gəldi və biz 10 “şirvan” borclu qaldıq. Söz verdik ki, sabah bu vaxt gətirib qaytaracağıq. Sabah eyni vaxtda parka getdik, bina yerində yox idi. O boyda binadan bir ovuc toz yığını da qalmamışdı! Elə silib-süpürmüşdülər ki, dünən burda yeyib-içirdik desən, səni dəli hesab edərdilər. Biz gördüklərimizə inana bilmirdik. Hətta o qədər ki, yaxınlıqdakı taksiçilərdən soruşduq. Dedilər, tezdən qaranlıqlı tökülüb gəldilər, söküb-daşıdılar, yerini də silib-süpürdülər. Mən onacan belə şeyləri yalnız multfilmlərdə görmüşdüm.

Hacıbala müəllim çox sürprizlər edəcəkdi hələ...

Mübariz Məsimoğlu dedi, ey dadi-bidad, Hacıbala müəllimdən də xeyir gələrmiş! Dedim, niyə gəlməlidir axı? Adam öz işini görür. Şəhəri sahmana salır. Əvvəl-axır bunu biri etməli idi! Belə şəhər olar?

Mübariz dedi, ay-hay! Cavan ki, cavan! A kişi, mən “Yeni Azərbaycan” qəzetinin qurucularından biriyəm və orda baş redaktorun müavini işləmişəm. O vaxtlar Hacıbala müəllimdən YAP fəalı kimi yaxşı bir müsahibə almışam. Məni görsə, tanıyar.

Düzü dostumun dediklərinə inanmadım. Vəzifəyə gələn adamla hamı dost-tanış çıxır.

Gün dolandı, ay ötdü, bir gün “İşərişəhər” metrosunun qarşısındakı türbəyə bənzəyən bulaqdan su içirdim, başımı qaldıranda Hacıbala müəllimi yanımda gördüm. O kiməsə əli ilə göstəriş verirdi. Mən Mübariz Məsimoğlu ilə vədəli idim. Öz-özümə dedim, ilahi, nə ola, yandan çıxa, görəm, doğrudan da Hacıbala müəllimi tanıyır, yoxsa mənə nömrə gəlib?

Əmin olun, ağıldan yüngül adamların başına həmişə maraqlı hadisələr gəlir. Mən Mübariz barədə düşünər-düşünməz “fırt” eləyib yandan çıxdı. Qoltuğunda qara qovluq, əynində ağ köynək, boynunda zoğalı qalstuk, qollarını genəldə-genəldə Hacıbala müəllimə yaxınlaşdı:

- Salam Hacıbala müəllim! Necəsiniz? İşləriniz necədir?

Hacıbala müəllim qaşqabaqlı döndü, Mübarizi görəndə eyni açıldı, gülümsünüb ona əl uzatdı. Mübarizi ondan aralamağa hazırlaşan mühafizəçilər bu iltifatı görüb ayaq saxladılar. Mübarizlə Hacıbala müəllim mehriban dostlar kimi söhbət edə-edə İcra Hakimiyyətinə tərəf addımladılar, mən onları uzaqdan müşayiət edirdim. İcra Hakimiyyətinin xalça sərilmiş girişinə çatanda dayandılar, Mübariz dönüb məni əli ilə çağırdı, mühafizəçiləri keçib yaxınlaşdım.

Mübariz:

- Hacıbala müəllim, bu mənim gənc dostumdu. Biz yeyib-içmək istəyirik, ancaq pulumuz yoxdur, mümkündürsə, bir az maddi yardım edin, qəşəng bir məclis düzəldək!

Hacıbala müəllim bu sözləri eşidən kimi cəld Mübarizdən aralanıb qapıdan içəri keçdi, mühafizəçilər araya girdi və film bitdi.

Pərt halda “Sabir bağı”na tərəf addımlayırıq. Mən o qədər utanmışam ki, az qala sifətimdən qan damacaq. Mübariz özünü sındırmır.

Mən:

- A kişi, adam Bakı şəhərinin icra başçısıdır e, elə adamdan araqpulu istəyərlər? Ciddi bir xahiş eləsən başa düşüləndir.

Mübariz tövrünü pozmadı:

- Əvvəllər verirdi! Başçı təyin olunandan xəsisləşib!

Özümü qullanılmış hiss etdiyim üçün çox bərk hirslənmişdim. Amma susurdum. Çünki danışsam, Mübarizlə dalaşmalı idim.

Başqa bir ilin, başqa bir ayının, başqa bir günündə nazirlik rəsmisi olaraq Bakıda Nəvainin heykəlinin açılışına getmişdim. Tədbirdə Azərbaycanın və Özbəkistanın prezidentləri iştirak edəcəkdilər deyə, güclü təhlükəsizlik tədbirləri görülmüşdü. Hacıbala müəllim də ərazidə idi və həyəcanla ora-bura gedib adamlara göstəriş verirdi. Onu həyatımda ikinci dəfə bu qədər yaxından görürdüm və bu dəfə daha rahat müşahidə eləmək imkanı qazanmışdım. Hərəkətlərində bir tələskənlik, hətta təlaş vardı. Danışığında da. Səsində də. Boynunu özünəməxsus şəkildə əyib və bütün bədənini də o tərəfə endirib məlum səsiylə danışanda heyrətə gəldim: o, bizim “KVN”-şik” Tahir İmanova nə qədər oxşayırdı... İçimdən belə bir hiss keçdi ki, Hacıbala müəllim Tahir İmanovu parodiya edir.

Lakin hörmətli Abutalıbovun ən unikal, mən deyərdim, dahiyanə hərəkəti Bayıldakı villalar söküləndə oldu. Bilməyənlər üçün deyim ki, orda bir neçə “qanunsuz” villa aşkar edilmişdi. Qanunsuz sözünü ona görə dırnaqda yazıram ki, o vaxt da, elə indi də ikicə metr balkon çıxaran kimi tökülüb gəlirdilər, o boyda villa “Baksovet”dən xəbərsiz necə tikilə bilərdi? Di gəl, dərindən və məntiqli düşünəndə mümkün idi. Bir gecədə Səməd Vurğun parkındakı ikimərtəbəli bina izi-tozu da qalmadan quş olub uçurdusa, elə bir gecədə gedib Bayılın yaxasına qona da bilərdi.

Hələ bu, hadisənin jurnalı idi. Villaların sökülmə mərasiminə məşhur “Musiqiçilər bağı”ndan klarnet, qarmon və nağara ifaçıları gətirmişdilər. Tikili musiqi sədaları altında sökülürdü. Gözlərimlə görməsəm, inanmayacaqdım: musiqinin və söküntünün fonunda ekranda Hacıbala müəllim göründü və həyəcanlı bir çıxış etdi. Dedi, görün, xalq bu harınlaşmış insanların evinin sökülməsini necə toy-bayram edir! Özləri də qorxudan qaçıb gizləniblər...

İroniyasız-filansız, səmimi etiraf edirəm, bu kadrlar Əmir Kustiritsa kimi rejissorun qabağına “kozır” qoyardı! Və bu kadrlarda bizim həm də kinodakı uğursuzluğumuzun sirri gizlənmişdi. Bizdə dahiyanə hadisələr həyatın özündə baş verir deyə, onu yazmağa və çəkməyə ya ehtiyac qalmır, ya da bunu eləmək üçün səbəb görmürsən.

Hacıbala müəllimin sonuncu amansız hücumu Azərbaycan Yazıçılar Birliyinin altındakı “26” kafesinə oldu. Kafeni elə bil düşmən işğalından azad etmişdilər! Allah-allah! O boyda yazıçı və şairlər Hacıbala müəllimin qarşısında cücəyə dönmüşdülər!

Belə...

Hacıbala müəllim doğrudan da çox rəngli, koloritli və maraqlı adamdır. Vəzifəyə gəlişi də, işləməsi də, vəzifədən gedişi də özünəməxsusdur. Bakının yeni simasının isə qeydsiz-şərtsiz banisidir. Nə olandan sonra adamın haqqını gərək danmayasan.

Allah salamat eləsin, təqaüdünü sağlıqla xərcləsin.

# 4546 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #