Əlilliyi olan şəxslərə ironiya ilə baxanlar

Əlilliyi olan şəxslərə ironiya ilə baxanlar
27 mart 2019
# 18:45

Əlilliyi olan şəxs kimdir, onlar, yoxsa düşüncə əlilliyi olan bizlərmi?!

Əlilliyi olan şəxslər haqqında düşüncələrimizi yaxınlarımız, ətrafımızda əlilliyi olan şəxslər formalaşdırır. Ona görə də onlar haqqında fikirlərimiz bəzən məhdud ola bilir.

Bəlkə də bir çoxumuz əlilliyi olan şəxslərin bizə ehtiyacı olduğunu düşünürük. Bəzən bilərək, bəzən isə şüursuz şəkildə onlara yanaşma tərimizdə fərqlilik yaranır. Bu fərqlilik təkcə onlara ironiya və yaxud yuxarıdan aşağı baxmaqda yox, eyni zamanda yazığımız gəldikdə, ürəyimiz ağrıdıqda, yerli-yersiz kömək etmək istədikdə belə yaranır.

Düzdür, onlar bizdən fərqlənirlər, amma bu fərqlilik bir çoxumuzun düşündüyü şəkildə deyil, bu fərqlilik onlarda bir üstünlükdür. Və onların çoxu bunun fərqindədir.

Buna təcrübələrimə əsaslanaraq deyirəm. Etiraf edim ki, mənim də əlilliyi olan şəxsləri anlamağım bir az gec oldu. Bir çox hallarda onlara necə davranacağımı bilmədiyim üçün ünsiyyətdən belə çəkindiyim vaxtlar da olub. Ta ki onlardan biri ilə tanışlığıma qədər...

Bəhruz Mirzəyev Boccia idmanı üzrə Milli Komandamızın üzvüdür. O, üç ildir boccia idman növü ilə məşğul olur. İtaliyada 15 ölkə arasında qızıl medal, ondan başqa bürünc medal qazanıb. Hazırda boccia idman növü üzrə açıq regional çempionat yarışı üçün milli komanda ilə birlikdə Xorvatiyadadır. Gündəlik 6 saat məşq etdiyini, yorulmadığını, əksinə zövq aldığını deyir: ”Biz idmana həvəs göstərmirik, artıq idmanı bacarırıq. Sağlam insanlar var ki, heç nə bacarmırlar”.

Və bilirsinizmi, o əlil arabasından istifadə edən şəxsdir və qolları da gücsüzdür. Amma məşğul olduğu idman növündə təxminən 2 kq yaxın topdan istifadə edir. Bəhruzun dedikləri əlillik haqqında düşüncələrimi darmadağın etdi:

“Bir stəkan suyu özüm tək başına qaldıra bilmirəm, amma mən bayrağımızı başqa ölkələrdə qaldırmışam”.

Hədəfi isə Tokioda 2020-ci ildə keçiriləcək Olimpiya və Paralimpiya Oyunlarında iştirak etmək və qələbə qazanmaqdır.

İndi gəlin birlikdə etiraf edək, ey özünün sağlam olduğunu düşünən şəxslər - mən, sən, biz – heç nə vaxtsa bu haqda düşünmüşükmü? Vətənimiz üçün nə etmişik və ya edəcəyikmi?

Həqiqətən də onlar bizdən fərqlənirlər, amma mənə elə gəlir ki, bu Allahın onlara bəxş etdiyi xüsusi bir ayrıcalıq və üstünlükdür.

İndi də bəzən onlarla ünsiyyətdə olmaqdan çəkinirəm. Amma bu dəfə özümü haqqımda düşüncələrimi və vətən üçün etdiklərimi bildiyim üçün.

Sizə sualı verirəm, əslində əlilliyi olan şəxs kimdir, onlar, yoxsa düşüncə əlilliyi olan bizlərmi?!

Aytən Yusifova

# 2493 dəfə oxunub

Müəllifin son yazıları

# # #