Beynəlxalq Muzeylər Günü qeyd olunub

Beynəlxalq Muzeylər Günü qeyd olunub
18 may 2018
# 13:45

18 may - Beynəlxalq Muzeylər Günü münasibətilə Azərbaycan Xalça Muzeyində tədbir təşkil olunub.

Tədbiri giriş sözü ilə açan muzeyin direktoru, ICOM Azərbaycan Milli Komitəsinin sədri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova bütün dünyada bu günün geniş şəkildə qeyd edildiyini söyləyib. Bildirib ki, bu il Beynəlxalq Muzeylər Günü “Hiperkommunikasiya dövründə muzeylər: yeni yanaşmalar, yeni auditoriyalar” mövzusuna həsr olunub.

Beynəlxalq Muzeylər Günü Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci ildə təsis edilib. Bu günün məqsədi muzeylərin cəmiyyətin həyatında nə dərəcədə mühüm rol oynadığını göstərməkdir. Bu bayram qədim tarixə və zəngin mədəniyyətə malik Azərbaycanda da geniş miqyasda qeyd edilir.

Bu istiqamətdə Azərbaycan Xalça Muzeyinin "Öz ilməni toxu" adlı interaktiv instalyasiya hazırladığını söyləyən Şirin Məlikova deyib ki, muzeyin foyesində "zili" xovsuz xalça növünü toxumaq üçün üç böyük çərçivə-hana quraşdırılıb: “Azərbaycan Xalça Muzeyi artıq bir neçə ildir ki, qədim xalçaçılıq texnikalarını yenidən dirçəldir. "Zili" onlardan biridir və ən qədim xalça növünə aiddir. Ziyarətçilərə xalçaçılığı bu mürəkkəb və gözəl xovsuz xalça texnikasının nümunəsi üzərində tədris etmək Azərbaycanın muzey sahəsində atılmış bu cür ilk interaktiv təcrübədir”.

Sonra bir sıra muzeylərin rəhbərlərinə ICOM-un diplomları təqdim edilib.

Mədəniyyət naziri Əbülfəs Qarayev Beynəlxalq Muzeylər Günü münasibətilə iştirakçıları təbrik edib.

“Muzeylər mənəvi dəyərləri toplayır, qoruyur və təbliğ edir. Respublika muzeylərində bu baxımdan böyük iş aparılır. Bununla yanaşı, muzey işinin gücləndirilməsi, yeni muzeylərin yaradılması və onların yeni eksponatlarla zənginləşdirilməsi daim diqqət mərkəzindədir. Bu yeniləşmə ölkəmizin tarixi-mədəni irsinin, bugünkü inkişaf səviyyəsinin təqdimatı baxımından çox vacibdir. Bu layihələrin həyata keçirilməsində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva bizə böyük dəstək olur", - deyə mədəniyyət naziri bildirib.

Bildirilib ki, keçmiş SSRİ respublikaları arasında ilk olaraq 1993-cü ildə ölkəmizdə ICOM-un Azərbaycan Milli Komitəsi təsis edilib.

Tədbir müzakirələrlə davam edib.

# 1059 dəfə oxunub

Müəllifin son yazıları

# # #