Uzaq illərin arxasına 8 Mart təbriki

Uzaq illərin arxasına 8 Mart təbriki
8 mart 2016
# 10:00

İlk növbədə müraciət forması tapmaq çətin gəlir. Nə yazasan, necə müraciət edəsən? Amma bu ilk baxışda belədir, əslində burda çətin bir şey yoxdur.

Nə varsa onu demək lazımdır və mən hesab edirəm ki, bizim hər sahədə, o cümlədən şəxsi münasibətlər sahəsində də əslində bir cür düşünüb başqa cür danışmağımız aradakı məsafələri daha da uzaqlaşdırır, səmimiyyətimizə kolgə salır. Əgər belədirsə onda niyə də “əzizim” deməyəsən? Axı bu doğrudan da belədir – aradan nə qədər küləklər əssə də, nə qədər sellər-sular axsa da...

Elə isə səni təbrik edirəm, əzizim! Sən bu gen və işıqlı dünya başıma daralanda, ən çətin və kritik anlarımda özün də bilmədən, hiss eləmədən, duymadan mənim köməyim olmusan. Onu heç vaxt unutmaram. Sənin varlığın ən ağır və ümidsiz dəqiqələrdə mənim əlimdən tutub, qaranlıq tunelin o başında şam işığı yandıraraq yaşamağa səsləyib. Bəlkə də indi bunları deməyin mənası yoxdur, amma qoy olsun, hər halda ürəkdə saxlayıb qara torpağın altına aparmağın da mənası yoxdur.

İlahi, gör hər şey necə tez gəlib keçdi, biz indi hər şey haqqında keçmiş zamanda danışır və qara torpağın buz kimi soyuq nəfəsini kürəyimizdə duyuruq. Bəzən adama elə gəlir ki, heç aradan illər də keçməyib, heç ürəkdən təpər də azalmayıb, heç gözümüzün işığı da azalmayıb. Amma elə deyil axı? Elə olsaydı, onda nə vardı ki?

Necə də qəribədi, özün ən xırda detallarına, ştrixlərinə qədər xatırladığın hadisələri, yadına düşəndə indi də səni titim-titim titrədən, əsim-əsim əsdirən, hətta ürəyinin döyüntülərini də təzədən hiss etdiyin günləri keçmiş adlandırasan? Axı mən indi də o anların içindəyəm, o necə keçmiş ola bilər?

Mən səni dünya qadınlarının bayramı münasibətilə təbrik edirəm, ey dünyanı mənə sevdirən, məni dünyaya bağlayan xanım! Sənə bu dünyanın ən gözəl güllərini-çiçəklərini bağışlamaq, ən qiymətli hədiyyəsini bəxş etmək azdır desəm, yəqin inanarsan, çünki mən dünyada hər şeydən qiymətli olan ürəyimi sənə bağışlamışdım...

Mən həm də öz keçmişimi təbrik edirəm – gecələr yuxumda gördüyüm, gündüzlər xəyalı ilə yaşadığım, məni iki il sovet əsgərliyinin sınaqlarından, həyatın bəzən adamın canını boğazına yığan dolanbac yollarından keçirib gətirən, uzaq illərin arxasında şirin xəyal kimi əl eyləyən xanımı... O keçmişi ki, indi hər addımda mənə səni xatırladan bu şəhərin yollarına, küçələrinə, dolaylarına, tinlərinə, ağaclarının altına, yaşadığın evin həyətinə, pilləkənlərinə səpilib...

Mənim Afroditam, Kleopatram, Merlin Monrom, Sibel Canım, Arina Şarapovam, Nataşa Korolyovam, Yuliya Vorobyovam, Eşli Qremim...

O vaxt onların heç birini tanımırdım, heç adlarını da eşitməmişdim. Bəlkə də bu adların hansınısa, ya da heç birini qəbul eləmirsən, heç mən də qəbul eləmirəm, sənin adın olan yerdə onların heç birisi yox idi və ola da bilməzdi. Onların heç biri sənin bir dırnağına da dəyməzdi...

Sən mənimçün onların hamısından uca olmusan...

Gözəl kötük, sızıldama, göynəmə,

Nə baltalar, nə bıçaqlar qalacaq.

Ucalıqdan yıxılsan da qəm yemə,

Sən yıxılan ucalıqlar qalacaq...

Bax üstündən illər keçib, yenə o fikirdəyəm ki, belə təmiz, munis duyğular hər kəsə nəsib olan şey deyil. Yenə yadıma iki misra düşdü, sən axı belə misraları çox sevirdin:

Nə mənim sənin tək duyanım olub,

Nə səni mənim də duyan olacaq...

Nə bilim? Nə qədər desəm də, yazsam da, elə bilirəm ki, heç nə deməmişəm, o dərəcədə ürəyim doludur...

Onsuz da sənə deyiləsi deyil, sənə deyiləsi sözlərim...

Süleyman Qaradağlı

# 2362 dəfə oxunub

Müəllifin son yazıları

# # #