Qurbanlıq qoyun danışır – Hekayə

Qurbanlıq qoyun danışır – Hekayə
14 avqust 2019
# 18:01

Kulis.az Xalid Xancanlının Qoyun hekayəsini təqdim edir.

O qaçaraq gəlirdi. Özünü raqatdan çıxan daş kimi qəfil sürünün içinə soxdu. Tənginəfəs olmuşdu.

- Heç bilirsiniz nə olub?- qoyunlar başına yığışdı- Balaca Buynuz özünü öldürmək istəyib .- Hamı dəhşətə gəldi. Axır vaxtlar yaman çox qoyun ölürdü. İçlərindən biri qorxaraq soruşdu:

- Bəs indi vəziyyəti necədir?

- Bilmirəm.

İndi

Məni zorla evə saldılar. Burda kimsə yoxdur. Yəni var, amma lazımlı deyillər. Addım ata bilmirəm, ayaqlarım getmir. Qabağımda yemim var, su da ki boldur. Yəqin küsməyim deyə könlümü almağa çalışırlar. İndi bunların hamısı mənimdir? Bu ev ancaq mənə aiddir? Bilməzdim ki, haçansa bu cür sərvət halımı pis edər. Hər tərəf qapalı, qapı bağlıdır. Preslənmiş ot kimi məni də bu xarabaya sıxıblar. Dilimi bilsələr, cəhənnəm. Deyərdim ki, ay insan, bax indiyə kimi yarpaqdan, otdan başqa nəsə yeməmişəm. Hansısa birinizi yeməkdə könüllü deyiləm. Nə məsələdir?

Evi əvvəlcə 4 qoyun bölüşürdük. Xatırladıqca qəhər samanında boğuluram. Buna görə harada və necə tanış olduğumuzu söyləməyəcəm. İçimizdən birini keçən səfər tutub apardılar. Yazıq bir bağırışla, bir fəryadla getdi ki, içimdə ona olan nifrət bağırtıdan qorxub qaçdı sanki. Aramız yaxşı olmasa da nə yalan deyim, belə yoxluqda yeri görünər də. Əslində şübhəm var idi ki, onu guya şikayətimiz əsasında aparıblar. Çünki, mən yaxın və artıq ölən dostuma ondan gileylənəndə əsəbiləşdi. İnsan bizə su verərkən can yoldaşım yaxınlaşıb narazıçılığını bildirdi. Sonra isə iki insan aralarında danışarkən baxdıq ki, sən demə dilləri tamam başqadır. Bizi çətin anlasınlar. Həm də bugün dostlarım öləndə əmin oldum. Məsələ aydındır. Demək o biri də o məsələ...

Bir neçə saat əvvəl

Bizim üçümüzü də evdən çıxardılar. Adətən, gedəcəyimiz yerdə yem olardı. O günkü hadisədən sonra şübhələnmirəm desəm yalan olar. Olmadı da. Bir insan o başda, biri də bu başda dayanıb onlara sarı gəlməyimizi gözləyir. Tərpənmirik. Sonra yavaş-yavaş üstümüzə gəlirlər. Qaçırıq qapıya tərəf ki, qayıdaq. Bir insan da ordan çıxır, dönürük arxaya. Hərə bir tərəfə qaçır. Məndən əl çəkib onlara tərəf gedirlər. Bir anlıq nəsə düşünürəm. Başım aşağı, buynuz qabağa gedirəm kiminsə üstünə. Bizi güclə aralayırlar. Başqa cür kömək edə bilmirəm. Kimə ağız açım ki, kömək etsin? Kimə? Üç qoyun belə anda bir-birimizi səsləyib dəstək oluruq. Düzdür, mənlik işləri yoxdu. Elə hey iki dostumu tutmaq istəyirlər. Vaxtında demişdim ki, yeməyi az yesinlər, ac-göz olmasınlar. Camaatın yemini çox yesən əcəlin gələr. Elə özüm ölən dostum payımı yediyi üçün şikayətlənirdim. Birdən ölərəm deyə indi etiraf etmək istəyirəm. Günahkaram. Əslində hadisəni bilərək qızışdırmışam.

Qayıdaq üçümüzə. Mən etiraf ritualını yerinə yetirərkən dostlarımı çoxdan aparmışdılar. Hirsimdən hasarı dağıtmaq istəyirdim. Üstündən o yana keçməkçün dəfələrlə cəhd etdim. Alınmırdı. Dayanmırdım. Dostlarımın bağırtısını eşitməyim deyə var gücümlə qışqırırdım. Qapıdan keçmək mümkün deyildi. Balaca ara var idi. Sadəcə ordan hər şeyi görmək olardı. Bu hasar, qapı, xırda ara... nəsə etmək olar. O tərəfə keçmək olar. İnsanlar aça bilmişdi axı qapını.

Qapı açıldı. Qorxumdan geriyə getdim. Daha buynuzumu harasa soxacaq əsəb qalmamışdı. İçəri kimsə girmədi, yəqin gərək deyiləm. Çıxdım. Və qaçdım. İkinci dəfə görmək istəmədim.

İndi

Əvvəllər qaldığım evdə bir qoyun tanışımız yemin ardınca su içmişdi. Tənbeh etdik, “biraz gözlə, içərsən”, dedik, qulaq vermədi. O ki var suya girişmişdi, yanığ oğlu. Köpüb öldü.

# 2759 dəfə oxunub

Müəllifin son yazıları

# # #