Azərbaycan mədəniyyəti Meksikada

Azərbaycan mədəniyyəti Meksikada
27 iyun 2019
# 09:59

Meksikanın paytaxtı Mexiko şəhərinin məşhur və ərazisinə görə ən böyük Boskes de Çapultepek parkı və Meksikanın yeni Administrasiyası tərəfindən muzeyə çevrilmiş keçmiş Los Pinyos Prezident İqamətgahı ərazisində keçirilmiş ənənəvi “Dost Mədəniyyətləri Festivalı”nda (Feria de Las Culturas Amigas) bu ölkədəki səfirliyimizin təşkilatçılığı ilə Azərbaycanın mədəniyyəti, ənənələri, tarixi, milli mətbəxi, rəqsləri və sair təqdim olunub.

Festivalın təntənəli açılış mərasimində Mexiko şəhəri Hökumətinin başçısı (şəhərin meri) Klaudiya Şeynbaum, Mexiko şəhəri Höküməti və qanunverici orqanının üzvləri, Meksikada akkreditə olunmuş diplomatik korpus təmsilçiləri və KİV nümayəndələri iştirak edib. Ölkəmizi tədbirdə Meksikada səfirliyimizin müvəqqəti işlər vəkili Məmməd Talıbov təmsil edib.

2009-cu ildən başlayaraq ənənəvi olaraq həmrəylik və müxtəliflik şüarı altında Mexiko şəhəri Hökumətinin təşkilatçılığı ilə keçirilən bu festivalın əsas məqsədi müxtəlif ölkələrin mədəniyyəti, mətbəxi və ənənələri ilə Meksika əhalisinin tanış edilməsidir. İki həftədən artıq davam etmiş festivalı rekord sayda - dörd milyon altı yüz mindən artıq qonaq ziyarət edib, 90-dək ölkə qatılıb. Ənənəyə çevrilmiş bu festival Meksikanın müxtəlif regionlarından, həmçinin xaricdən turistləri cəlb edir, onlar tərəfindən böyük maraqla qarşılanır.

Azərbaycan festivalın həm mədəniyyət, həm də milli mətbəxlərə aid hissəsində təmsil olunub, həmçinin Meksikalılardan ibarət “İpək Yolu” rəqs qrupu tərəfindən festivalın mərkəzi konsert zalında Azərbaycan milli rəqsləri çoxsaylı qonaqlara nümayiş etdirilib.

Festivalın qonaqlarına Azərbaycan tarixi, xüsusilə müsəlman şərqinin ilk demokratiyası olan Azərbaycan Xalq Cümhuriyyəti barədə, həmçinin ölkəmizin mədəniyyəti və milli mətbəxi ilə bağlı məlumat verilib, video və çap materialları nümayiş etdirilib, kitabça və bröşürlar paylanılıb, onlara Azərbaycan milli mətbəxinin ləziz təamlarından dadmaq imkanı təqdim olunub.

Festivalın çoxsaylı qonaqları Azərbaycan stendinə böyük maraq göstərib, ölkəmizin stendi yerli televiziya kanallarında ən maraqlılar arasında göstərilib, sosial şəbəkələrdə milli mətbəximiz və mədəniyyətimiz barədə çoxsaylı müsbət paylaşımlar edilib. /azertag.az/

# 1458 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #