Tağı Şahbazinin barelyefi açılıb

Tağı Şahbazinin barelyefi açılıb
30 avqust 2017
# 13:26

Bakı Dövlət Universitetinin ilk azərbaycanlı rektoru, ictimai-siyasi xadim Tağı Şahbazi Simurğun yaşadığı evin qarşısında xatirə barelyefinin açılış mərasimi keçirilib.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən universitetin rektoru Abel Məhərrəmov açılış mərasiminin ali təhsil ocağı üçün tarixi əhəmiyyətindən danışıb. O bildirib ki, 1892-ci ildə anadan olan Tağı Şahbazi Azərbaycan Xalq Maarif Komissarının müavini, Mərkəzi İcraiyyə Komitəsinin katibi, Bakı Dövlət Universitetinin rektoru və başqa vəzifələrdə çalışıb: “Tağı Şahbazi Bakı Dövlət Universitetinə rəhbərlik etdiyi dövrdə çox böyük işlər görüb. Həmin dövrdə milli dildə dərslər çoxalıb, vətən tarixi tədris olunmağa başlayıb, milli kadrlara üstünlük verilib. Tağı Şahbazi universitetin dörd rektorundan biri kimi repressiyalara məruz qalıb, “millətçi” damğası ilə güllələnib".

Professor Cahangir Məmmədli və T. Şahbazinin ailəsi adından çıxış edən Suğra Rzayeva tədbirin əhəmiyyətindən danışıb, görkəmli ədib və ictimai xadimin xatirəsinə göstərdiyi diqqətə görə Bakı Dövlət Universitetinin rəhbərliyi və kollektivinə təşəkkürlərini bildiriblər.

# 1217 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #