Kişilər niyə evdən qaçır?

Kişilər niyə evdən qaçır?
3 iyun 2014
# 07:30

Kulis.az fəlsəfə elmləri doktoru Həsən Quliyevin “Arxetipik azəri: mentalitetin simaları” kitabından bir hissəni təqdim edir.

Kişi

Azərbaycanlı paternalist cəmiyyətin tipik nümayəndəsidir: bu hər şeyə işıq salır. Belə bir cəmiyyət üçün oğul kultu kifayət qədər təbiidir: nikahın və ailənin vəzifəsi «kişi hasil etmək»dir. Buna görə də «kişi»nin (oğulun) dünyaya gəlməsi nəslin davam edəcəyinə zəmanət verən daha bir (gələcək) ailənin yaran¬ma¬sının başlanğıcına dəlalət edir ki, bu da bütün nəslin xüsusi bayramına çevrilir.

Paternalist cəmiyyətdə özünüdərkin «mən kişiyəm» xüsusi tipi fəaliyyət göstərir. Oğlan uşağı bu özünüdərk tipi ilə dünyaya gəlir və kiçik yaşlarından öz ətrafında qohum-əqrəbanın münasibətinin yaratdığı xüsusi auranı hiss edir. Beləliklə, kişi ömürlük «mən kişiyəm» daimi düşüncəsinin dustağına çevrilir: sosium (ailə, nəsil, cəmiyyət) «mən kişiyəm» atmosferini formlaşdırmaqla ona müəyyən həyat tərzi (tipi) diktə edir.

Təəccüblü deyildir ki, məişətdə, dildə, mənəviyyatda və sairədə bu arxetip aparıcı rol oynayır. Bütün cəmiyyət (ənənə) onun keşiyində dayanır və «kişi» kodeksinin devalvasiyasının mümkün təhlükələrinə həssaslıqla reaksiya verir. Bu təbiidir, çünki «kişi»nin aşınması ilə pater¬nalist sosiumun, o cümlədən ailənin təməl elementləri avtomatik olaraq dağıla bilər ki, bu da mentallığın geriyədönməz aşınmasından xəbər verər.

Mümkündür ki, məhz bu səbəbdən «kişi» arxetipik statusu onun özünü qorumağın şərti qismində mənəvi kamilliyini səylə mühafizə edir, ailədə əldə olunur və formalaşır. Lakin ailə kişi kultunu qorumaqla ona mental həyat tərzi qəbul etdirir: yalnız daim ailənin firavanlığı üçün işləyən və öz enerjisini (qismətini) icma ənənələrinin davam etməsinə sərf edən şəxs ailəsi və nəsli üçün əsl «kişi»yə çevrilir. Bununla yanaşı «kişi» özünün mənəvi keyfiyyətləri və sosial davranışı ilə «özünkülər»i biabır etməməlidir: özünün müsbət keyfiyyətləri ilə o «özünkülər»in nüfuzunun yüksəlməsinə yardım etməlidir. Yalnız əsl kişi ailə xatirinə şəxsi itkilərə və cinayətlərə yol verər, təhqirlərə dözər. Ailənin firavanlığına xidmətdən kənarda kişinin əsl kişi olmaq şansı demək olar ki, yoxdur.

Ailə kişinin mövcudluğuna məqsədəuyğunluq verir, onun hər bir hərəkətinə və həyat tərzinə ya haqq qazandırır, ya da mühakimə edir. Əgər bu və ya digər «cinayətkar» hərəkət son nəticə etibarilə ailənin əmin-amanlığına yönəlmişdirsə, ona haqq qazandırılır. Azərbaycanlı potensial kişi qismində dünyaya gəlir (ailədə oğlanı «kişi qırığı» hesab edirlər) – o, ailənin tamhüquqlu sahibi olmağa məhkumdur. Ona uzun müddət uşaqlıqda qalmaq yasaq olunur: dünyaya kişi qismində gəlmisən, deməli kişi olmağa tələsməlisən. Kişi ləyaqətini itirmək taleyin mümkün cəzalarından ən dəhşətlisidir: bu halda o hər şeydən məhrum olur, çünki yalnız ailənin əmin-amanlığı uğrunda çalışmaqla əsl kişiyə çevrilmək şansı əldə etmək olar. Mənəvi borc baxımından o, «ailənin dustağı»na çevrilir və boşanmağı (azad həyatı) heç ağlına belə gətirə bilməz, çünki bu onun kişi ləyaqətini ucuzlaşdıra bilər.

Kişinin öz arvadı ilə ixtilafları ola bilər, hətta qarşılıqlı şəkildə bir-birilərinə nifrət də edə bilərlər. Lakin bu onun ailəsi, ilk növbədə uşaqları və nəsli qarşısında məsuliyyətini aradan qaldırmır. O, arvadını sevməyə bilər, lakin ailəsini və uşaqlarını sevməyə borcludur və buna görə də arvadını sevməsə belə, uşaqları¬nın anası qismində ona hörmət bəsləməli və dözümlülük nümayiş etdirməlidir: son nəticə etibarilə onların hamısı (ər, arvad, uşaqlar) nəslə məxsusdurlar və qohum-əqrəba qarşısında məsuliyyət daşıyırlar.

Bu məqamda paradoks nəzərə çarpır: «kişi hər şeyi həll edir və eyni zamanda başqalarının qarşısında acizlik göstərir». Lakin əsl kişi bu cür mənasız şeylərə sadəcə olaraq baş qoşmur, çünki arxetipik baxımdan nəyin bahasına olursa-olsun ailəsini qorumağa köklənmişdir, çünki onun cəmiyyətdə nüfuzu, xoşbəxtliyi, gələcəyi və s. bundan asılıdır. Başqa həyat onun üçün taleyin ən ağır (faciəvi) zərbəsi ola bilər: normal ər-arvad münasibətləri nəticəsində uşaq dünyaya gəlmirsə, ailədən söhbət gedə bilməz. «Kitabi-Dədə Qorqud»da belə kişiləri Tanrının lənətinə gəlmiş hesab edirlər: məclislərdə silk dərəcəsindən asılı olmayaraq belə qara (bədbəxtlik, lənət, mənəvi rüsvayçılıq rəngi) çadırda yer ayırırdılar. Kişi özü kimi kişiləri – oğulları, ən azı qızları (gələcək gəlinləri) dünyaya gətirməyi, yəni yararlı ailə qurmağı, yeni ailələrin təməlini qoymağı bacarmalıdır. Belə bir məhkumluq «mən kişiyəm» kultuna görə özümlü mental cəzadır: o, ailəsindən ötrü cavabdehlik daşıyır, ənənənin – mentallığın qorunması isə ailədən asılıdır.

Kişilərdə yararlı ailə qura bilmək bacarığının olmaması taleyin (qismətin) ən dəhşətli cəzası, impotensiyanın ən pis formasıdır: uşaqsız ailə də, onunla birlikdə kişi də yararsızdırlar: onun xoşbəxtliyinin, onunla bir yerdə ailənin əmin-amanlığının üfüqü məhdudlaşır. Onun üçün (ailə başçısı qismində) ata olmaq bacarğından məhrum olmaq özünün kişi ləyaqətini itirmək deməkdir. Hər bir oğlan uşağına doğulduğu gündən «kişi» statusu verilir ki, o da yalnız yaşı çatanda yaxşı (çoxuşaqlı) ailənin başçısı olmaqla bu ada layiq olduğunu sübut edə bilər. Onun üçün nəsli qarşısında mənəvi borcunu yerinə yetirə bilməmək fizioloji baxımdan impotent olmaqdan daha qorxuludur. Uşaqların yoxluğu onun kişi özünüdərkini («mən kişiyəm») dağıdır ki, bu onun üçün əsl fəlakətdir.

Uşaqsızlıq nəslin sələf-xələf münasibətlərinin qırılması və «mən kişiyəm» özünüdərk formasının dağılması təhlükəsini daşıyır: bu hər hansı bir kişinin qismətinin sınağa çəkilməsinin kulminasiyasıdır. Məhz buna görə kişi belə bir perspektivlə barışmamalıdır və barışa bilməz. Bütün qohum-əqrəba da bununla barışa bilmirlər. Buna görə də prototürk kökləri olan ənənə bir neçə qadınla münasibətləri qanuniləşdirərək yararlı ailə qurmağa icazə verirdi. Bu, həyatda sələf-xələf münasibətlərinin daha etibarlı təminatına yardım edirdi. Bunun sayəsində özünün müsbət keyfiyyətlərini təzahür etməklə «impotensiya» təhlükəsini dəf edə bilirdi.

Paternalist sosiumda arvadların sayı ailənin statusuna qətiyyən təsir etmir: ənənəyə görə kişi ailənin sahibi qalır. Elə yenə həmin paternalist normalara uyğun olaraq dul kişi evinə yeni arvad gətirə bilər, dul qadın isə belə bir imkandan məhrumdur, çünki bu, varislik normaları ilə ziddiyyət təşkil edir (nadir hallarda o, ərinin yaxın qohumlarından birinə ərə gedə bilər).

Kişinin arxetipik obrazı uzaq köçəri həyatı dövründə formalaşmışdır və onun kökləri həmin keçmişlə bağlıdır. Tarixi məlumatlar bizə tarixöncəsinin mahiyyət elementlərini modelləşdirməyə imkan verir. Bizim əcdadlarımız (xüsusilə kişilər) həm ovçu, həm döyüşçü, həm də heyvandar (çoban) idilər. Hunların tarixində və konkret olaraq «Kitabi-Dədə Qorqud»da döyüşçü, ovçu, çoban, sonralar həmçinin tacir tipik kişi peşələri kimi qələmə verilirdilər.

Müharibə kultu bütün tarix boyu (ən azı eramızdan əvvəl beşinci əsrdən başlayaraq) aparıcı rol oynamışdır və bununla da əsl kişi obrazının formalaşmasına təsir göstərmişdir. Bu peşələrin kişi həyatı ilə at həyat tərzi («atlı» modeli) – ailədən uzaqlarda tez-tez uzun müddətli səyahətləri arasında assosiasiya yaradan arxetipik əsası var. Kişi (sahib) ailə ocağını özünün evdə uzun müddət qalması ilə yox, praqmatik baxımdan uğurlu səyahətləri ilə «qızındırır». Əsl kişinin belə bir obrazı spesifik həyat kanonlarının formalaşmasına yardım edir: kişi ömrünü daimi səyahətlərdə keçirir, ailə (arvadı, ağsaqqallar və uşaqlar) daim onu gözləyir. Əsl kişi statusuna dünyada praqmatik (heç də romantik olmayan) səyahətlər zamanı nail olunur. Bu səyahətlər ailənin rifah halını yüksəltməyə imkan verən «qənimətlər»in hansı yolla olursa-olsun əldə edilməsinə yönəlmişdir. O, hədiyyələrlə, qənimətlərlə, qazancla, mal-qaranın artımı və s. ilə geri qayıtmaq üçün evi tərk edir.

Evdə onun işi-gücü və öz nüfuzunu təsdiq etmək üçün imkanı yoxdur: burada o dincələ bilər, lakin hörmət-izzətinin artmasına ümid edə bilməz. Ocağın kənarında oturmaq kişi üçün qeyri-tipik həyat tərzidir. Bu ya onun nüfuzdan salır, ya da hörmətdən düşdüyünü nəzərə çarpdırır. O evdə yalnız səyahətlər arasındakı fasilələr dövründə qala bilər: burada o gətirdiyi qənimətlərin ev adamlarında oyatdığı sevinc hissini onlarla bölüşür, dincini alır və növbəti səyahət üçün güc yığır.

Bizim uzaq köçəri keçmişin hətta xatırlanması da çoxlarını əsəbiləşdirir. Belə bir reaksiya qəribə görünür və «eybəcər»in güzgü qarşısında hərəkətlərini yada salır. Bizim mentallığımızın dünyaya gəlməsinin alqoritmini müəyyənləşdirən köçəri keçmişimizin varlığını necə təkzib etmək olar? Uzaq köçəri keçmişimizə hər hansı bir istinadın mənfi qarşılanmasının səbəbləri aydın deyildir. Dərin keçmişi olan bütün xalqların tarixi bəsit ovdan və sağ qalmaq strategiyasının mühüm komponenti olan köçəri həyat tərzindən başlamışdır. Bəzi xalqlarda köçün məkanı (arealı) dağlarla yaxud meşələrlə, başqalarında səhra ilə, üçüncülərdə ada ilə yaxud ucsuz-bucaqsız «Böyük düz»lə (prototürklərin mental landşaftı ilə) məhdudlaşırdı. Zaman keçdikcə arxaik köçərilər «ağıllandılar» və tədricən oturaq həyatın (əkinçiliyin) hikmətlərini mənimsəməyə başladılar, sonralar isə şəhər mədəniyyətinin şəksiz üstünlüklərini dərk etdilər və s.

Yəqin ki, bizim ulu babalarımızın da ilk addımları belə olmuşdur: köçəri həyatının bir sıra kolliziyalarını dəf edərək onlar tədricən şəhər həyatının mədəniyyətinə «daxil olurdular», lakin bununla yanaşı şüuraltında (mentallıqda) köçəri beşiyin bir çox arxetiplərini qoruyub saxlamışdılar. Məgər mentallığı indiyə kimi köçəri həyatın bir sıra arxetipik cəhətlərini qoruyub saxladığına və çağdaş azərbaycanlıların (və hətta «şəhərlilər»in) təfəkküründə qədim əcdadlarımızın izlərinin (davranış nümunələrinin və həyat tərzinin) qalmasına görə mühakimə etmək olarmı? Bizim tarixöncəmizin böyük bir hissəsi «atlının» (döyüşçünün) ailənin və nəslin var-dövlətini aramsız olaraq artırmağa yönəlmiş məqsədli həyat tərzi ilə assosiasiyaya girir. Belə bir həyat ailənin firavanlığını təmin edən və bununla da nüfuz sahibinə çevrilən kişinin arxetipik obrazının formalaşmasında əsas rol oynadı. Nüfuz əldə etməyə zəmanət verən fəaliyyət sahəsinə görə kişi bir növ yox olmalıdır, evdəkilər isə onun qayıtmasını gözləməlidirlər (yeri gəlmişkən, bir sıra xalqlarda «qayıdış» mövzusu mifoloji baxımdan kult xarakteri daşıyır).

Kişinin evdə ilişib-qalması təqdir olunmur. Uzun müddət həyət-bacadan kənara çıxmayan ər yaxud yaşlı oğul əsasən evdənkənar vəzifəsini səmərəli şəkildə həyata keçirməklə qazanılan nüfuzunu itirmək riski ilə üzləşir: o, qadınlardan ötrü artıq yük, uşaqlar üçünsə «xortdan» yox, ailənin əmin-amanlığının keşikçisi və zamini olmalıdır. O, qohum-əqrəbdan ötrü qida əldə edən «əbədi səyyah»dır, buna görə də həddindən artıq uzun müddət ərzində evdə (yəni işsiz) qalmaqla öz nüfuzunun möhkəmliyini sınaqdan keçirməməlidir. Belə bir «kişi»yə tədricən maraq və hörmət itir; o heç kimə lazım olmayan bir şəxsə və rişxənd obyektinə çevrilməyə risk edir.

O, ailənin və icmanın nüfuzu üçün real təhlükəyə dönür. Ərin uzun müddət ərzində evdən çölə çıxmaması uğursuzluğun əlaməti hesab olunur. Buna yalnız islaholunmaz tənbəllər cürət edirlər: özünə hörmət edən kişi buna yol verə bilməz; o da, yaxın qohum-əqrəba da təxirə salmadan kişiyə iş axtarırlar. Uzun müddət müsbət nəticə əldə edilməyəndə o, işə getməyi təqlid edir. Ailədən kənarda özünə iş tapa bilməyən kişi artıq yükə çevrilir və belə bir həyat tərzi ilə təkcə özünün deyil, ailəsinin də nüfuzuna kölgə salır. Yararlı, normal ailə qənimətlərlə evə qayıtmalı olan kişini gözləməklə yaşamalıdır. Evdə tez-tez qalması və özünün «heç kimə lazım olmayan varlığı» ilə kişi ailə kosmosunun normal ritminə xaos gətirir və bu andan başlayaraq ailəyə bədbəxtlik və narahatçılıq daxil olur.

Kişilərin müsbət keyfiyyətləri evdən-bacadan kənarda olanda və onun firavan həyatı üçün fəal şəkildə çalışanda üzə çıxırlar; o, evdənkənar fəaliyyətinə görə nüfuz sahibinə çevrilir. O uzun müddət evdə qala bilməz və qalmamalıdır: bu hamı tərəfindən onun sosial və mənəvi impotensiyası qismində qəbul olunur.

Əgər onun müvəqqəti olaraq heç bir işi yoxdursa belə, o, boş vaxtını ailədən kənarda sərf etməlidir: bu hər halda daha yaxşıdır, çünki ailə onun yoxluğuna və uğursuz qayıdışına uğursuz ovun epizodu kimi haqq qazandıra bilər. Kişinin tipik həyat tərzi daim uğurlu ovdan qayıtmaqla bağlıdır: o, böyük dünyadakı səyahətləri ilə ev adamlarını öz uğurlu qayıdışını gözləmələrinə kökləməlidir.

# 7637 dəfə oxunub

Müəllifin son yazıları

# # #