Taleh Həmid vəfat edib

Taleh Həmid vəfat edib
1 noyabr 2016
# 10:41

Şair, publisist və jurnalist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Taleh Həmid 64 yaşında vəfat edib. Bu barədə APA-ya şairin ailəsindən məlumat verilib.

Taleh Həmid 1952-ci il iyunun 19-da Şəmkir rayonunun Dəllər Cəyir kəndində doğulub. Orta məktəbi bitirdikdən sonra 1970-1972-ci illərdə sovxozda əmək fəaliyyətinə başlayıb. 1972-ci ildə ordu sıralarında xidmət edib, 1974-1979-cu illərdə Kənd Təsərrüfatı Nazirliyində işə başlayıb. Nazirliyin baş idarəsində kadrlar şöbəsində xüsusi işlər üzrə müfəttiş, daha sonra isə (təhsildən ayrılmadan) təsərrüfat müdiri vəzifəsində çalışıb. 1975-1980-ci illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alıb.

1980-ci ildə Gənc Jurnalistlərin II Ümumittifaq, 1984-cü ildə Gənc yazıçıların VIII Ümumittifaq müşavirələrində iştirak edib. 1985-ci ildə SSRİ Yazıçılar Birliyinin üzvü seçilib, 1986-cı ildə Respublika Lenin Komsomolu mükafatına layiq görülüb. Şeirləri və publisistik yazıları təkcə ölkəmizdə deyil, onun kənarlarında da işıq üzü görüb.

Bir sıra mətbu orqanlarında - “Ulduz” jurnalında şöbə müdiri (1979-1989), “Yeni fikir” qəzetində baş redaktor (1989-1992), “Müstəqil qəzet”in təsisçisi və baş redaktoru (1992-2005) vəzifələrində işləyib. 2005-2015-ci illərdə Regionların İnkişafı İctimai Birliyinin sədr müavini olub.

2010-cu ildə şeir və poemalarından ibarət iki cildliyi Mədəniyyət və Turizm Nazirliyinin “Qızıl kəlmə” ədəbi mükafatına layiq görülüb. 2012-ci ilin noyabrında “VI Uluslararası Çanaqqala şeir axşamları” festivalında Azərbaycan poeziyasını təmsil edib. 2015-ci ildə Taleh Həmidin “Yəhya bəy Dilqəm” adlı ikihissəli lirik psixoloji dramı Naxçıvan Dövlət Musiqili Dram Teatrında tamaşaya qoyulub.

# 1740 dəfə oxunub

Müəllifin son yazıları

# # #