Kölgə

Kölgə
25 fevral 2015
# 14:25

Kölgə çox sıxılırdı, üz-gözündən təklik tökülürdü. Ayağa qalxdı gedib aid olduğu vücudu tapacaqdı. Belə olmazdı axı çox darıxırdı. Heç nə onu həyata təkrar bağlaya bilmirdi. Sahibindən niyə necə qopduğunu anlaya bilmirdi. Özündən çox aid olduğu vücudu düşünürdü. O adam kölgəsiz necə yaşaya bilirdi görəsən?

Kölgə yorğun idi rəngi öləzimişdi. Yetim idi artıq.

Qaranlıq rəngdəki bədəni qarışmışdı gecəyə dartıb ayıra bilmirdi özünü gecədən. İtirdi kölgə. Günbəgün, saatbasaat, anbaan itirdi...

Özünü tapa bilməyənləri kim tapa bilərdi axı? ... Heç kim yaxın durmazdı bu missiyaya. Kimə lazım idi itənlər, itirilənlər...

Hər səhər baş ağrısıyla oyanırdı yuxudan. Xatirələr, düşüncələr məngənəsində sıxılan beynini itirmək istəyirdi belə anlarda. Bəlkə də sahibi də, eyni şeyləri hiss etmişdi. Və kölgəni könüllü itirmişdi. Bilmirdi...

Bu düşüncələr kölgənin xoşuna gəlmədi, divardan tuta-tuta güc bəla ilə ayaqda durmağa çalışdı. Özünü toplamağın yollarını aramalıydı. Halsızlıqdan qəddi bükülürdü arada. Rəngi qaçırdı, ən əsası isə belə hallarda həmişə özündən qaçırdı.

Qovulmuşdu kölgə, o dəli adam onu qovmuşdu. Adam kölgəsiz, Kölgə adamsız idi artıq.

Ayaqüstə dura bilmirdi. Divarın dibinə qısıldı. Gözləri yol çəkirdi. Kimi çəkirdi?

Düşündü kölgə. “Yol çəkmək” ifadəsinin ifadəsizliyini. Gözlər gözləri çəkə bilmirdisə əgər, yolu necə çəkə bilərdi axı. Bunu hansı dəli uydurmuşdu. Hamı da inanmışdı.

Axtarmaq, arzulamaq və darıxmağın adı nə vaxtdan “gözləri yol çəkmək” olmuşdu?...

Laqeyidlik və vəfasızlıq qatılmışdı insanın yoğrulduğu təmələ, görünür kitablar bunları yazmağı unutmuşdu.

Kitablar çox şeyi unudub. Çünkü kitabları da insanlar yazıb. Kim öz sehvini yazar, çar çəkər ki? ...

Yenə sıxıldı Kölgə, ruhu üşüyürdü.

Yanında oturan adama gözünün ucuyla baxdı. Adamın kölgəsini qısqandı.

Adamsız qalmışdı kölgə. Bu qədər cəmiyyətdə adamsız qalmaq çox çətin hissdir.

Kölgə yanında əyləşən nimdaş ruhlu adama tərəf əyildi. Başını onun çiyninə söykəmək istədi. Adam kölgəni silkinib qalxdı.

Kölgənin başı asfalta dəydi, vallah pis dəydi. Hələ bu bəs deyilmiş kimi kölgənin xətrinə də dəydi bu.

Atılmış, bəzənsə satılmış idi artıq. Görməməzlikdən gəlinməkdən lap zəhləsi gedirdi. Axı o harda idi?...

Bildiyi tək bir şey var idi yaman darıxırdı. Bəzən viski şüşəsində özünə tamaşa edirdi. Solğunlaşmışdı kölgə. Ya da adamsızlaşmışdı bilmirdi.

Amma dəyişmişdi, dəyişdirilmişdi. Sahibinə güvənmişdi, güvənini itirmişdi, itirilmişdi.

Amma yenə də onu axtarırdı gözləri. Çırpınırdı kölgə, onu axtarmayana tərəf. Unudurdu kölgə yavaş-yavaş, unudulurdu. Unudulmaq üşüdürdü onu.

Kölgə hiss edirdi ki, onda nəsə dəyişir. Sonra kölgə son gücünü topladı, işıq gələn bir pəncərəyə yaxınlaşdı. İçəridə idi.

Nəhayət onu tapmışdı. Budur o. Ancaq kölgənin düşüncələri bir anda yerlə-yeksan oldu. Əriyib dodaqlarında qaldı. Heç vaxt ucadan tələffüz olunmadı. Anladı ki, atılıb. Artıq bundan əmin idi. Onun yerini də, xoşbəxtliyini də oğurlamışdılar. Özündən savayı heç nəyə aid deyildi artıq. Özünü qucaqladı bərk-bərk. Öpə bilmədi öz dodağından. Sarsıldı kölgə.

Üzünü şüşəyə söykəyib dayandı. Yavaş-yavaş dəli olduğunu düşünürdü.

Saniyə-saniyə dəli olurdu.

Qar yağırdı küçəyə, həyətə, evə və kölgənin düşüncələrinə. Dəlilik yağırdı üz-gözündən.

Gerçəyi anlayan Kölgə sürünə-sürünə uzaqlaşırdı adamlıqdan, insanlığa tərəf.

# 1117 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #