Xalq yazıçısı Anar: “Son dəfə sədr olacam” - Müsahibə

Xalq yazıçısı Anar: “Son dəfə sədr olacam” - Müsahibə
10 avqust 2019
# 11:44

Kulis.az Xalq yazıçısı Anarla müsahibəni təqdim edir.

- Anar müəllim, maraqlıdır, Xalq yazıçısının bu, yağışlı yay günləri necə keçir?

- Yəqin ki, məni istəyənlər var, onlara xoş xəbər deyə bilərəm. Bir həftəlik Marmarisdə dincələndə iki iri əsər yazdım. Biri pyesi tamamladım, “Şəhərin qış gecələri”ni. 90-cı ilin 20 Yanvarına həsr olunub. Mənim bir pyesim var – “Şəhərin yay günləri”, onun qəhrəmanlarını gətirmişəm 90-cı ilə. O qış gecəsində, 20 yanvarda bunların başına gələnləri yazmışam. Bu pyesi bitirdim. Digər bir əsəri hələ bitirməmişəm, amma çoxunu yazmışam: “Vaqif – 30” İndi Həsən Seyidbəyli küçəsidir, o vaxt Vaqif küçəsiydi. Vaqif küçəsindəki 30 saylı evdə mən 10 il yaşamışam. O, yazıçıların evi idi. Qonşularım da Fikrət Qoca, Yusif Səmədoğlu, Maqsud İbrahimbəyov, Elçin, Fikrə Sadıq idi. Onlar haqda xatirələr, həm də o ev haqqında yazmağa başlamışam. Sağlıq olsun, hələ məzuniyyətdəyəm, qurtarmaq istəyirəm. Pyesi əllə yazmışam, kompüter götürməmişdim. Gərək onu kompüterə köçürəm, o biri əsəri də tamamlayam. Bax, beləcə hesabat verirəm.

- İstirahətiniz məhsuldar keçib…

- Mənim istirahətim işdir də. Başqa vaxt işləməyə imkanım olmur. Ayrı vaxt balaca yazılar yazıram, amma iri yazılar olanda gərək mən heç olmasa on gün Yazıçılar Birliyindən, bu mühitdən, qayğılardan uzaq olum ki, işləyim. Ona görə də ora getdiyim günün səhərindən işləməyə başladım. 4 günə pyesi yazdım, 3 günə də ikinci əsəri. Gələn il 20 Yanvar faciəsinin 30 illiyidir, istəyirəm pyesi teatra təqdim edim.

- Anar müəllim, Yazıçılar Birliyinə ayrılan vəsait çox müzakirə olundu. Neylədiniz həmin vəsaiti?

- Hamısını maddələrə ayırdıq ki, bu qədər kitab çap edəcəyik, bu qədər mükafat verəcəyik, bu qədər avadanlıq alacağıq, bu qədər filiallara göndərəcəyik, bu qədər yardım edəcəyik. Bunlar elə bilirdilər ki, vəsaitin hamısı yardıma getməlidir. Yardıma gedə bilməz axı. Başqa işlər də var. Ədəbiyyatın inkişafı üçün verilib də, yardım üçün verilməyib ki. Özü də bura “Sovbes“ deyil axı, yaradıcılıq təşkilatıdır. Biri gəlir ki, “xəstəyəm”, biri gəlir “qohumum ölüb”. İmkan daxilində çalışırıq verək, amma bu pul rezin deyil axı. Kim ki, ala bilmir, başlayır ki, “ciblərinə qoydular”. Kim cibinə qoyur? Boş söhbətdir hamısı. Sonra da vəsait ayrıldı, Şüvəlandakı bizim Yaradıcılıq Evinin təmiri üçün. Orda təmir işlərini başlamışıq.

- Yazıçılar Birliyinin qurultayı ilə bağlı müzakirələr yenidən qızışıb. Son məlumata görə, gələn ilə qalıb. Təsdiqləyirsiniz?

- Yəqin gələn il olacaq. Burda iki hadisə var: Yazıçılar Birliyinin qurultayı, bir də Yazıçılar Birliyinin 85 illiyi. 80 illiyini biz ikisini birgə elədik, amma onda qarışıqlıq oldu. Dekabr ayında deyəsən, Nəsiminin yubileyi keçiriləcək. İstəyirəm yubiley ərəfəsində biz də Yazıçılar Birliyinin 85 illiyini keçirək ki, ora gələn qonaqların bir hissəsi bizim tədbirdə, bizə gələnlər də orada iştirak eləsin. Gələn ilin yazında da yəqin qurultayı keçirərik. Ayı deyə bilmərəm.

- Maraqlıdır, növbəti dəfə sədrliyə hazırlaşırsınız, yoxsa varis planı üzərində işləyirsiniz?

- Mən bura gələndən varis planı üzərində işləyirəm.

- 1987-ci ildən?

- 87 ilk ilimdir, amma 88-89-dan artıq bu barədə fikirlərim var idi.

- Tapmısınız?

- Cürbəcür variantlar fikirləşirəm. Hələ ki, qəti bir adamın üstündə dayana bilmirəm.

- Kənardan belə görünür ki, yaşlı nəslin nümayəndələri sizi yenidən sədr postunda görmək istəyirlər, amma gənclər özləri ortaya iddia qoyurlar…

- Gənclər kimi istəyirlər?

- Elə “Yeni Müsavat”ın son sayında iddialı gənclərin adları və mövqeləri var. Məsələn, Emil Rasimoğlu, Fuad Cəfərli, Tural Turan adlı gənclər namizəd olacaqlarını deyiblər.

- Lap yaxşı.

- Tanıyırsınız?

- Vallah onların adlarını ilk dəfədir eşidirəm. Onlar Yazıçılar Birliyinin üzvüdürlər? Üzv olmadan sədr olmaq istəyirlər? (Gülür) Çox yaxşı, qurultayda namizədliklərini verərlər, üçü birdən sədr olar. Mən də baxıb fəxr edərəm. (Yenə gülür)

- Qurultay mövzusunda ən çox tənqidi fikirlər sizin əbədi və əzəli rəqibiniz Əkrəm Əylislidən gəlib. Oxumusunuz?

- Yox. O nə deyir?

- Deyir ki, 80 yaşdan sonra vəzifə haqda düşünmək insanın öz-özlüyündə mənəvi yoxsulluğunun göstəricisidir. Siz nə deyirsiniz?

- Onun mənəvi yoxsulluğu bütün Azərbaycana məlumdur. Ona görə mən onun mənəvi varlığı və yoxluğu haqqında heç bir şey demək istəmirəm. Onun kim olduğunu bütün Azərbaycan gördü.

- “32 il bir postda oturmaq və bununla fəxr eləmək mənə qəribə gəlir”. Bu fikirlər də Əkrəm Əylisliyə məxsudur…

- Qəribə gəlsin. Çünki 32 ildir mən bu postda oturmuşam, 32 ildir o, bu postun həsrətini çəkir. Bu da mənə qəribə gəlir. Xahiş edirəm, belə də yazın.

- Əkrəm Əylisli daha sonra deyib ki, SSRİ məkanındakı yazıçılar 70 yaşdan sonra rəhbər vəzifədə olmayıblar. Hətta Türkmənistanda Berdı Kerbabayev, Qazaxıstanda Muxtar Auezov kimi, bu vəzifədə uzun müddət oturanlar da…Siz də o dövrə və yazıçılara bələdsiniz. Haqq qazandırırsınız dediklərinə?

- O sovet dövrü üçün nostalgiya keçirirsə, artıq o dövr keçdi. Ona görə də bu gün sovet dövrünün meyarları ilə fikirləşməsin. Deyir “ayının yüz oyunu var, bir armudun üstündə”. Hamısı buna görədir ki, mən niyə burda oturmuşam, o oturmalıydı. Oturub işləyəydi də. “Yazıçı” Nəşriyyatını satdı, batırdı. Mən bir dəfə dedim, yazıçıların bir dənə nəşriyyatı var idi, onu da batırdı, satdı, ləğv olundu, getdi. Deyir Yazıçılar İttifaqı büdcəyə salınmışdı, ona görə qaldı. Bəli! Sən də oranı büdcəyə salaydın da! Sənin nüfuzun mənimkindən az idi? Elə səni deputatlığa dürtəndə deyəydin ki, “Yazıçı” Nəşriyyatını da büdcəyə daxil edin. Demədin ki? Yaxşı, onda nə istəyirsən bizdən? Yazıçılar Birliyini də, onun ədəbi orqanlarını da biz saxladıq. Sən nəyi saxlaya bildin? Ancaq həsəd, ancaq paxıllıq, ancaq həmişə əleyhimə nələrsə demək...Adam yazıçı kimi iflasa uğrayanda başlayır özgələrinə söz atmağa, vəssalam!

Xalq yazıçısı Anar: “Əgər yazıçılar istəyərlərsə, son dəfə də sədr olmağa razılaşaram...”

- Belə çıxır ki, artıq Əkrəm Əylislini oxumursunuz, eləmi?

- Bir şey yazır ki, oxuyum? Axırıncı yazdığı ermənipərəst əsəri idi də. Oxudum, Yazıçılar Birliyinin adından da bəyanat verdik. Ən yumşaq bəyanat yenə bizimki oldu. Biz qeyd etdik ki, Əkrəmin vaxtilə yaxşı əsərləri də olub, yazıçıdır, yazıçı kimi biz bunu inkar etmirik, amma bu əsəri (“Daş yuxular”-E.P.) həm bədii cəhətdən sıfırdır, həm də başdan-ayağa xəyanətdir Azərbaycana. Bunu da yazdıq. Ondan sonra bir şey yazıbsa, mənim xəbərim yoxdur.

- Əkrəm Əylislinin son açıqlamalarına qayıdaq. “O vaxtı AYB sədrliyinə Anarı mən təklif eləmişdim. Bu günə kimi o səhvimi özümə bağışlamıram. Növbəti qurultayda hamının qarşısında çıxış elədim, İsmayıl Şıxlıdan üzr istədim, seçimimdə səhvə yol verdiyimi boynuma aldım və qurultayı tərk elədim. Ondan sonra AYB-nin qapısından içəriyə heç vaxt ayaq qoymadım...” Bu fikirlərlə bağlı nə deyə bilərsiniz?

- Nə deyir, özü bilər. Amma dedikləri başdan-ayağa yalandır. İsmayıl Şıxlıdan üzr filan da istəməyib. Niyə də istəyəydi? Əkrəmdən fərqli olaraq, İsmayıl müəllim abırlı, ağayana və gözütox adam idi. Birinci katib vəzifəsindən də səhhətinə görə, öz xoşuyla, hətta israrlı təkidiylə getmişdi. Mənim namizədliyimi də dəstəkləmişdi. O, qurultayda da Əkrəmin namərd çıxışından sonra yenə məni müdafiə etdi. Əylisli heç olmasa dünyasını dəyişmiş layiqli insanların adlarıyla möhtəkirlik etməsin. Ümumiyyətlə, yalan danışmaq bu adamın peşəsi olub. Qurultayı da tərk filan etmədi. Səhəri gün plenumda da iştirak etdi və qurultaydakı çıxışına görə məndən üzr istədi. – Anar mən də belə adamam – dedi. Bəli, belə adamdır.

Amma bu, hələ qəti qərara gələ bilmir ki, mənim namizədliyimi necə verib. Çünki gah deyir mən Anarı namizədliyini irəli sürmüşəm. Düz deyir, namizədliyimi birinci o dedi. Amma bundan sonra bir neçə adam – İsa İsmayılzadə, Tofiq Bayram, İsi Məlikzadə, İsmayıl Şıxlının özü məni müdafiə etdilər, mən seçildim. Bu, bir vaxtlar həmişə fəxr edirdi ki, Anar mənim təklifimlə seçildi. Sonra yazır ki, Anarı Yazıçılar İttifaqına Vaqif Hüseynovun göstərişi ilə seçdik. Deməli, bu Vaqif Hüseynovun tapşırığını yerinə yetirib?

- DKT sədri?

- O vaxt DTK-da deyildi. Ya komsomolda, ya Mərkəzi Komitədə işləyirdi. Bundan başqa deyir ki, gizli səsvermədə Mövlud Anarın səslərini artırdı. Birincisi, rəqib yox idi, mən tək idim. İsmayıl Şıxlı öz namizədliyini geri götürdü. İkincisi, açıq səsvermə idi. Açıq səsvermədə səsi nə cür artırmaq olar? Elmira Axundova kişi kimi – onda bəzi kişilərdən artıq mərdlik var – buna cavab verdi ki, balam, gözümüzün qabağında oldu, açıq səsvermə idi, sən də birinci əlini qaldırdın, Əkrəm Əylisli, niyə yalandan deyirsən ki, Anar üçün gizli səsvermə idi? Mənim seçilməyimi Vaqif Hüseynovla bağlamaq isə sadəcə siyasi donos idi. Əkrəmin özü də bilir ki, dedikləri hamısı yalandır. Bu adama dərs olmadı ki, bütün xalq ona nifrətini bildirdi. Xalqdan, millətdən üzr istəməkdənsə, ki, mən sizi ermənilərin ayağına vermişəm, ermənilər bundan Azərbaycana qarşı istifadə edirlər, xəyanətini boynuna almaqdansa, yenə də orda-burda mənə sataşır. Elə bilir ki, daha keçib getdi, unuduldu. Bu adam yalan danışmaqdan utanıb, qızarmır. Deyir ki, Anar Bitovu Azərbaycanı qonaq çağırıb, o da deyib ki, Əkrəm Əylislini incitdiyiniz üçün mən Azərbaycana gəlmərəm. Bitovla 50 ildir heç bir ünsiyyətdə olmamışam, təbii ki, heç vaxt onu Azərbaycana da dəvət etməmişəm ki, belə də cavab alım. Ümumiyyətlə, bu adam özü haqqında miflər yaratmaqdan xoşlanır. Bir dəfə yazmışdı ki, o vaxt (yəni sovet vaxtı) onun, yəni Əkrəmin adı SSRİ-də gur-gur gurlayırdı. Bilmirəm daha özünü kimlə qarışıq salıb – Müslüm Maqomayevlə, ya Alla Puqaçovayla? Belə yerdə deyirlər – ətin tökülsün...

- Anar müəllim, AYB-nin nə qədər üzvü var?

- 1700-dən artıq olar.

- Məşhur kinoda deyildiyi kimi, qayıdaq yenə sitatlara...Əkrəm Əylisli deyib ki, bu gün həqiqi istedadı olanlar AYB üzvü olmaqdan utanırlar. Bu sözünə nə deyirsiniz?

- Deyir də... (Çaydan bir qurtum alandan sonra davam edir-E.P.) Bununla bütün yazıçıları təhqir edir. Demək, AYB üzvü olan bu qədər yazıçının hamısı utanır?

- Anar müəllim, sovet vaxtları plenumlar keçirilmiş, indi bunu nə əvəz edir?

- Bəli sovet vaxtı plenumlar tez-tez olurdu. Əkrəmin bədbəxtliyi və yazıçı kimi iflasa uğraması xasiyyətinin üç naqis cəhətiylə bağlıdır. Dəhşətli dərəcədə şöhrət hərisidir. İkincisi, hamının hər uğuruna dəhşətli paxıllıq edir, üçüncüsü də özü haqqında, yazıları haqqında ifrat dərəcədə yüksək fikirdədir. “Burada mənəm, Bağdadda kor xəlifə” desəydi dərd yarıydı. Burda da mənəm, Bağdadda kor xəlifə də elə mən özüməm ­deyir.

- Doğrudanmı AYB-də nizamnaməyə əməl olunmur? Əkrəm qeyri-demokratik mühitdən şikayətlənib...

- O işləyən vaxt bəlkə də olmayıb, amma mən işləyən vaxt demokratik şərait həmişə olub, indi də var.

- Həm də onu deyir ki, yazıçıların bəzilərinin məqsədi AYB-dən nəsə qoparmaqdır, buna görə də hay-küy salırlar...

- Bunu düz deyir və elə biri o, özüdür də.

- Anar müəllim, hər ikiniz 80 yaşınızı adlamısınız.

- O məndən bir yaş böyükdür. O, 37-ci ildəndir, mən 38-dən.

- Açığı, ahıl insanların savaşı heç də xoşagələn deyil. Bunun fərqindəsiniz?

- Mənim onunla heç vaxt, heç bir işim olmayıb. Mən əksinə, onu həmişə dəstəkləmişəm, haqqında məqalələr yazmışam. Onun haqqında Moskva mətbuatında birinci müsbət rəyi mən yazmışam. Azərbaycanda, onun yubileyində təbrik məqaləsi yazmışam. Onun Komsomol Mükafatı almağına kömək etmişəm. Mən sədr olandan sonra onu gətirmişəm, burda katib eləmişəm. Yubileyində Heydər Əliyevdən xahiş etdim ki, ona orden versin. Dedi axı, mənim dalımca danışıb. Dedim mənim də dalımca danışıb. Amma yazıçıdır. Dedi onda yaz. Müraciət etdim, orden verdi. Mənim tərəfimdən ancaq yaxşılıq görüb. Atam onun Yazıçılar İttifaqına qəbul olunması üçün zəmanət verib. Bəlkə də bu atamın səhvi olub. Axı belə nankor və nanəcib çıxacağını nə biləydi? Bütün bunların müqabilində o, yeri gəldi-gəlmədi başlayıb mənim haqqımda iblisanə bir şey deməyə. Özü bilir ki, mən heç kəsə həsəd eləmirəm. Onun isə bütün ömrü hamıya həsəd eləməklə keçib. Biri bir az şöhrət qazandı, o saat onun gözünün düşməni olur.

- Keçirdiyiniz tədbirlərə dəvət edirsinizmi, yaxud dəvət edərsinizmi?

- Yox, o Yazıçılar İttifaqından özü çıxıb. Burdan çıxan adamı biz necə dəvət edək?

- Bəs, fəxri qonaq olaraq?

- Biz onu fəxri qonaq saymırıq.

- Anar müəllim, sizin kabinet vaxtilə kimin mülkü olub, bilirsinizmi?

- Burada Yazıçılar Birliyinin sədrləri oturub həmişə.

- İttifaq yaradılmazdan öncə...

- Onu bilmirəm. Deyirlər varlı adamın evi olub. Dirijor Ramiz Məlikaslanov bir dəfə dedi ki, onun babasının evi olub. Bircə ondan eşitmişəm. Yazıçılar İttifaqı 1939-cu ildə bura köçüb. Əvvəl ayrı yerlərdə məskunlaşıblar, amma burda olmayıb. Bəzən deyirlər “qanlı iclaslar olub... ” 1937-ci ilin iclaslarının heç biri burda olmayıb.

- Söhbətimizin bu məqamında belə qənaətə gəldim ki, siz növbəti dəfə sədr olmağa hazırlaşırsınız və bu mövqeyinizi haqlı sayırsınız, eləmi?

- Mən hazırlaşmıram. Əgər yazıçılar istəyərlərsə, son dəfə də sədr olmağa razılaşaram, ömür vəfa eləsə... Son dəfə! Çünki daha yaşım da ötür. Yox, istəməzlər, adlarını çəkdiyiniz var e, onların nüfuzları daha çoxdursa, onları daha çox tanıyırlarsa, daha çox sevirlərsə, ədəbiyyata daha böyük xidmətlər göstərmişlərsə, onların ya birini, ya da üçünü bir yerdə seçsinlər. Çünki kimi seçsələr qalanları hamısı narazı olacaq.

Müsahibənin yekununda Anar bəy 650 illik yubileyi dövlət səviyyəsində qeyd olunan İmadəddin Nəsimi ilə bağlı maraqlı faktları xatırlayır:

- Nəsiminin məzarını da mənim atam tapıb. Nümayəndə heyəti ilə Suriyaya gedibmişlər. Süleyman Vəzirovun rəhbərliyi ilə...Atam idi, Zeynəb Xanlarova idi, Cövdət Hacıyev, ərəbşünas Ələsgər Məmmədov. Sənətşünas və rəssam Mürsəl Nəcəfov , o evin, məzarın şəklini də çəkmişdi, “Ədəbiyyat qəzeti”ndə verilib. Mənim bacım o vaxt yoldaşı ilə Suriyada tərcüməçi işləyirdi. Bəzi şeyləri atama o tərcümə edirdi. Atam deyirdi valinin yanında olanda bu məsələni qaldırdım, bizi apardılar həmin ünvana. Deyirdi həmin ailə Nəsiminin soy adı ilə yaşayır. Biz Nəsiminin nəslindənik – deyirmişlər. Qəbrini də göstəriblər.

- Nəsiminin məzarının Azərbaycana köçürülməsi təklifinə necə yanaşırsınız?

- Müsəlmanlıqla gorbagor olmaq məsələsi var... Füzulini də deyirdilər...Nə mənası var bunun? Ondansa “Qış bulvarı” Füzuli bulvarı adlandırılsın da. Füzulinin heykəli də var orda...

Söhbətləşdi: Elşad Paşasoy

/“Yeni Müsavat”/

# 4524 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #