İnternetdən yükləmə edərkən nə qədər su işlədirik?

İnternetdən yükləmə edərkən nə qədər su işlədirik?
30 noyabr 2016
# 14:30

İnternetdən yükləmə edərkən nə qədər su işlədirik?

Londondakı Imperial College Üniversitetinin araşdırmaçılarının “İnternetdən 1 GB-lıq məlumat endirmək 200 litr su bahasına başa gəlir” iddiaları keçən il yayılmışdı.

Ericssonun məlumatlarına görə 2015-ci ildə Qərbi Avropada bir ağıllı telefon istifadəçisi ayda 1.9 GB məlumat istifadə edir, bu göstərici ABŞ-da ayda 3.7 GB təşkil edir. Bu, olduqca çox enerji sərfi deməkdir.

Sosial mediaya girməyiniz, e-mail göndərməyiniz, ya da video izləməyiniz hər hansı bir məlumat mərkəzi ilə əlaqə yaratmağınız deməkdir. Bu mərkəzlər sürəkli istilik istehsal edən və enerjiyə ac nəhəng kompüter sistemləri ilə doludur. Biz bu mərkəzlər sayəsində hər hansı bir cihaz vasitəsilə e-mailimizə bağlana bilirik.

Bəs bunların su ilə nə əlaqəsi var? Imperial College'dən olan araşdırmaçılar məlumat mərkəzlərinin sərinləşdirilməsində və ya mərkəzləri işləməyinə sərf olunan elektrik enerjisinin istehsalında sudan istifadə edildiyini söyləyirlər.

Su ayaq izi

Bu sahənin mütəxəssislərindən olan Bill Thompson araşdırmanı müsbət qarşıladığını bildirir: “İstehsalçı davranışlarını dəyişdirmək çətin olsa da məlumat mərkəzlərini işlədən insanların fərqli davranışlarını təşkil etmək olar”. Universitetin Ətraf Mühit Siyasəti Mərkəzinin əməkdaşı Kaveh Madani Facebook, Apple, Microsoft və Google kimi şirkətlərin karbon ayaq izi (insan fəaliyyəti, ya da hər hansı bir hadisə nəticəsində atmosferə buraxılan istilikxana qazlarının CO2 cinsindən ifadəsi) və su ayaq izi mövzusunda önəmli addımlar atdıqlarını müəyyənləşdirib. Bu şirkətlər su israfı qayğısı ilə yanaşı öz etibarlarını da itirməmək üçün bunu etməyə məcburdurlar.

Ancaq məlumat mərkəzlərinə tələb artdığı üçün ekologiya problemləri daha çox gündəmə gəlir. Madaninin fikrinə görə məlumat mərkəzlərində xidmətin artması daha çox enerji istifadəsi və istiləşmə problemləri yaradır, bunlar isə ətraf mühit üzərindəki təsir, karbon ayaq izləri və su istifadəsində artım deməkdir.

“Bu sahədə ciddi texnoloji inkişafa ehtiyac var”, - Madani deyir.

Təbii soyutma

Ekologiyaya zərər verməyən məlumat mərkəzləri işin təbiətinə zidd görünsə də bu, bir çox böyük texnologiya firmasının ciddi yanaşdığı məsələdir. İstər yenilənə bilən enerji şəklində olsun, istərsə də məlumat mərkəzlərini təbii şəkildə soyutma imkanı təmin edən yerlərdə tikilməsi şəklində olsun, bəzi şirkətlər ətraf mühitin mühafizəsi istiqamətində işlər görürlər.

2016-cı ilin fevral ayında Microsoft ilk sualtı məlumat mərkəzləri testlərini quraşdırdı. Mərkəzi əhatə edən su təbii soyutma imkanı yaratdığı üçün əlavə olaraq soyuducu sistemə gərək qalmır.

Oxşar səbəblərlə Facebook da 2013-cü ildə İsveçin şimalında Şimal Buzlu Okeanı yaxınlığında bir mərkəz açdı. Bundan başqa İrlandiyanın Clonee bölgəsində 57 min kvadrat metrlik bir sahədə yüz faiz külək enerjisi ilə işləyən başqa bir mərkəz işlədir.

Green Mountain adlı məlumat mərkəzi isə Norveçdə köhnə bir NATO silah anbarını alaraq soyuq sudan ibarət olan fyordları (Fyord - ensiz, dərin, yamacları dik və qayalıq dəniz körfəzi) əlavə enerji sərf etmədən soyutma məqsədi ilə istifadə edir.

Yenilənə bilən enerjiyə meyl

Apple özünün məlumat mərkəzlərində yüz faiz yenilənə bilən enerjidən istifadə etdiyini açıqlayıb. Google isə tullantı məhsullarının 86 faizini artıq torpağa basdırmadığını açıqlayıb.

Ətraf mühitin mühafizəsi ilə məşğul olan Greenpeace təşkilatının “Clean our Cloud” (Buludlarımızı təmizləyin.) kampaniyası bir müddətdir səssiz qalsa da növbəti ayda yeni hesabat hazırlayacaq. Greenpeace nümayəndəsi Gary Cook böyük firmaların yenilənə bilən enerjiyə meylləndiyini, xüsusilə ABŞ-da son 3-5 ildir bu meylin güclü olduğunu deyir.

Amma Cook Amazon Web Services şirkətini tənqid edir. O billdirib ki, Amazonun ümumi böyüməsi yenilənə bilən enerji sahəsindəki böyüməsindən beş-altı dəfə çoxdur. Amazon isə 2016-cı ildə bu sahəni 40 faizə çatdırmağa çalışdığını bildirir.

# 1469 dəfə oxunub

Müəllifin son yazıları

# # #