Xankəndidəki oyunda ermənilər aranı qatmaq istəyibmişlər - Vahid Qazi

Xankəndidəki oyunda ermənilər aranı qatmaq istəyibmişlər - Vahid Qazi
22 dekabr 2023
# 14:14

Kulis.az Vahid Qazinin "Atam məni Stepanakertə futbola aparmadı" adlı yeni yazısını təqdim edir.

Bir vaxtlar bütün şəhər yazıları erməni, rus dillərində olan, yalnız zibil qutusunun üstündə Azərbaycanca “Zibil qabı” sözlərini oxuduğum Stepanakerti yenidən himnimizin səsləndiyi, bayrağımızın dalğalandığı, stadionunda öz dilimizdə “Qarabağ” hayqırılan Xankəndi şəklində görmək ömrünün 30 ilini yurd nisgiliylə yaşamış mənim kimi adamlar üçün, xüsusilə, tarixi hadisədir!

Dünən Xankəndidə keçirilən “Qarabağ” - “MOİK” oyunu 1980-ci ildə elə həmin stadionda oynanılmış “Qarabağ” (Stepanakert) – “Neftçi” (Bakı) görüşünü yadıma saldı. İstədim, yerinə düşür, o xatirəni sizinlə də bölüşüm.

Həmin ilin yayında “Neftçi” Qarabağa yoldaşlıq görüşlərinə gəlmişdi.

Birinci oyunu Xankəndidə (onda Spanakert deyirdik) SSRİ çempionatının ikinci diviziyasında oynayan “Qarabağ”la keçirirdi.

Ağdam futbolsevərləri böyük coşğu ilə oyuna hazırlaşırdılar. Atam da dostları ilə yığışıb gedirdi. Nə qədər dil töksəm də məni aparmadı. “Ağdamda da oynayacaqlar, ona gedərik”, - demişdi. Dilxor olmuşdum, incimişdim. Anam məni belə sakitləşdirdi: “Spanakertdə elə yerlərə uşaq aparmazlar. Ermənilərlə dava düşə bilər. Ona görə aparmadı”.

Doğrudan da “Neftçi”yə 6:0 uduzan ermənilər aranı qatmaq istəyibmişlər. Amma məsələ yüngül söz atışmasından o yana keçməyibmiş.

“Neftçi” ikinci oyunu İmarət stadionunda “Şəfəq”lə oynayanda isə getdim.

Yaşlı adamlar “Stepanakert”in (o vaxt el arasında o komandaya “Qarabağ” deyildiyi yadıma gəlmir, hamı elə “Spanakert komandası” deyirdi) böyük hesabla məğlubiyyəti yanında “Şəfəq”in 1:0 uduzmasını qələbəyə bərabər hesab etsələr də, biz uşaqlar əsl qələbə istəyirdik.

Elə bilirdik ki, “Şəfəq”i Ağdamda heç Braziliya da uda bilməz. Bu, “Şəfəq”in Ağdamda gördüyüm ilk və son məğlubiyyəti oldu.

Mən arzuları inamdan qaynaqlanan adamam.

Bir vaxt xəyal etdiklərim gerçəkləşəndə xoşbəxt oluram. Əvvəlki feysbuk səhifəmdə 2011-ci ildə belə bir status da paylaşmışdım.

Yeri gəldi onu da yazım:

"Təbrizin "Traktorsazi" komandası Ağdamın İmarət stadionunda yerli "Qarabağ"la ölkə çempionatının növbəti oyununa gələcək!" Xəyalpərəstliyim ölüncəyədəkdir".

Xəyaldır də arzuya çevrilir, inama güvənir!

***

Atam məni Stepanakertə futbola aparmadı, amma dünən Xankəndi oyununa getdim. Doğru sözümdür, mən də orada idim, atamla birlikdə baxırdıq, sevinirdik...

# 1179 dəfə oxunub

Müəllifin son yazıları

# # #