Xalq artistinin 75 illik yubileyi keçirildi

Azərbaycan Dövlət Akademik Filarmoniyası

Azərbaycan Dövlət Akademik Filarmoniyası

17 yanvar 2022
# 19:00

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Azərbaycanın Xalq artisti, bəstəkar, professor Azər Dadaşovun 75 illik yubileyinə həsr olunmuş gecə keçirilib.

Kulis.az xəbər verir ki, konsert başlamadan öncə Azərbaycan Mədəniyyət Nazirliyinin sektor müdiri Vüqar Hümbətov mədəniyyət naziri Anar Kərimovun təbrik məktubunu oxuyub.

Konsertdə Mustafa Mehmandarovun dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Azərbaycan Dövlət Xor Kapellası çıxış edib. Kapellaya Xalq artisti Gülbacı İmanova rəhbərlik edib.

Proqramın solistləri beynəlxalq müsabiqələr laureatları, pianoçular Nuranə Zeynalova və Nərgiz Kəngərli, vokalçı Sübhan Rüstəmov olub.

Gecədə Azər Dadaşovun bəstələri səsləndirilib. Onların arasında 44 günlük Vətən müharibəsində Azərbaycanın Qələbəsinə həsr olunmuş “Zəfər çələngi” əsəri, ilk dəfə olaraq ümummilli lider Heydər Əliyevə həsr olunmuş “Fortepiano və Kamera Orkestri üçün şeir” səsləndirilib. Həmçinin fortepiano və orkestr üçün 2 nömrəli konsert, “Şuşa” simfoniyası, “Vətənim Azərbaycan” kantatası da ilk dəfə ifa olunub.

Konsert proqramı tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Yubiley konsertinin proqramı bəstəkarın yaradıcılıq fəaliyyətinin çoxşaxəliliyini nümayiş etdirib.

Qeyd edək ki, Azər Dadaşov 1946-cı il dekabrın 1-də Bakıda anadan olub. Azərbaycan Dövlət Konservatoriyasının (indiki – Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası) bəstəkarlıq fakültəsini bitirib. O, Papa II İohann Pavelin medalı, MDB Parlamentlərarası Assambleyası Şurasının fəxri döş nişanı laureatıdır. Azər Dadaşov akademik musiqinin bütün janrlarında 150-dən çox musiqi əsərinin müəllifidir.

# 1702 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #